Yatmazdan əvvəl pendir yeməyin qəribə yuxulara və kabuslara səbəb olduğu barədə geniş yayılmış fikir var. Bəzi insanlar məhz buna görə axşam saatlarında pendirdən imtina edirlər. Yuxu üzrə məsləhətçi Andrea Qreys isə bu iddianı təsdiqləyən sübutların az olduğunu bildirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 25 ildən çox peşəkar təcrübəsi olan uşaq yuxusu üzrə məsləhətçi Andrea Qreysin mövzu ilə bağlı fikirlərini paylaşıb.
Bu inanc haradan yaranıb?
Pendir və kabuslar arasındakı əlaqə barədə təsəvvürə XIX əsr ədəbiyyatında da rast gəlinir. Çarlz Dikkensin 1843-cü ildə nəşr olunan “Milad nəğməsi” əsərində baş qəhrəman Ebenezer Skruc gördüyü qorxulu görüntünü yediyi qidalarla izah edir. O, pendir parçasını, yaxşı bişməyən kartofu və həzm olunmayan mal ətini xatırladır.
XX əsrin əvvəllərində rəssam Uin zor Makkey də komikslərində bu mövzuya müraciət edib. Onun qəhrəmanları yatmazdan əvvəl üzərinə əridilmiş pendir əlavə olunan Uels tostu yedikdən sonra qəribə və qarışıq kabuslar görürdülər.
Zamanla pendirin qorxulu yuxulara səbəb olması barədə fikir müxtəlif ölkələrdə yayılıb.
Ekspert: “Bu, köhnə mifdir”
Andrea Qreysin sözlərinə görə, pendirin kabus yaratdığı barədə iddianın elmi əsası zəifdir.
“Pendirin kabuslara səbəb olması köhnə mifdir və bunu dəstəkləyən sübutlar azdır. Pendirin tərkibində triptofan var. Bu amin turşusu orqanizmin yuxunun tənzimlənməsində mühüm rol oynayan melatonin istehsalında iştirak edir”, – ekspert bildirib.
Triptofan həmçinin əhvalın, iştahanın və ağrı hissinin tənzimlənməsində iştirak edən serotoninin yaranmasında rol oynayır. Orqanizm ondan enerji mübadiləsini dəstəkləyən B3 vitamininin hazırlanmasında da istifadə edir. Bununla belə, pendirin tərkibində triptofanın olması onun yuxunu mütləq yaxşılaşdıracağı demək deyil.
Andrea bu tövsiyələri M&S şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan uşaq yuxusu bələdçisi üçün bölüşüb. Onun sözlərinə görə, yatmazdan əvvəl acan, bərk qida yeyən uşağa yaşına uyğun kiçik pendir porsiyası və yulaflı kreker yüngül qəlyanaltı kimi verilə bilər.
Oyuncaqları yığışdırmaq axşam vərdişinə çevrilsin
Ekspert uşağın yatdığı otaqda səliqəyə diqqət yetirməyi məsləhət görür. Oyuncaqların yığışdırılması hər axşam təkrarlanan hazırlığın bir hissəsi ola bilər.
Bu vərdiş uşağa oyun vaxtının bitdiyini və yatmağa hazırlaşmağın lazım olduğunu anlamağa kömək edir.
Otağın işığına və temperaturuna diqqət edin
Andrea Qreys yataq otağında temperaturu 16–20 dərəcə arasında saxlamağı və otağı mümkün qədər qaranlıq etməyi tövsiyə edir.
Uşağın özünü rahat hiss etməsi üçün gecə lampasına ehtiyac varsa, ekspert çox zəif qırmızı işıq seçməyi məsləhət görür. Elektron cihazların lazımsız işıq göstəricilərini də söndürmək və ya örtmək olar.
Yuxu geyimi uşağı həddindən artıq isitməməlidir
Evdəki kənar səslər yuxuya mane olursa, ekspert ağ səsdən istifadəni mümkün variant kimi göstərir. Bu zaman cihazın səsi zəif olmalı və körpənin yatağından uzaqda yerləşdirilməlidir.
Yuxu geyimi üçün pambıq kimi hava keçirən parçalar seçilməsi tövsiyə olunur. Pijama rahat olmalı, uşağın həddindən artıq isinməsinə səbəb olmamalıdır.
Körpələr üçün təhlükəsiz yuxu qaydalarına da əməl edilməlidir. Yataqda boş yorğan, yastıq və yumşaq əşyalar saxlanmamalı, ehtiyac olduqda körpənin ölçüsünə uyğun yuxu kisəsindən istifadə edilməlidir.