"Əvvəllər hakimiyyətin qanadlarında Mehdiyevin adamlarının olması ilə bağlı ittihamlar səslənirdisə, indi həm də, müxalifət sıralarında belə şəxslərin olması barədə mövqelər ortaya qoyulur"
Bu sözləri Lent.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Ramiz Mehdiyev işi ilə bağlı istintaq prosesləri gedir. Bu prosesdə isə yeni-yeni yanaşmalar ortaya çıxır. Əvvəllər hakimiyyətin qanadlarında Mehdiyevin adamlarının olması ilə bağlı ittihamlar səslənirdisə, indi həm də, müxalifət sıralarında belə şəxslərin olması barədə mövqelər ortaya qoyulur. Xüsusən Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının adı daha çox hallanır. Nəzərə alsaq, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması 2019-cu il oktyabrın 23-nə təsadüf edir. AXCP-nin lideri Əli Kərimlinin təşkil etdiyi mitinq həmin ilin 19 oktyabrında baş vermişdi. Bu gün mətbuatda daha geniş yayılmış mövqe ondan ibarətdir ki, Mehdiyev müxalifətin timsalında təhlükə obrazı formalaşdıran və onunla mübarizə aparan əzmkar vəzifəli şəxs kimi özünü cəmiyyətə sırımaq istəyib. Eyni zamanda 19 oktyabr mitinqinin təşkilində də onun birbaşa iştirakı ilə bağlı ittihamlar səslənir.
Ramiz Mehdiyev işinin istintaq prosesində Dövlət Şurasını formalaşdıracaq 50 nəfərin sırasında və yaxud da ondan kənarda AXCP partiyasının müsavat liderlərinin adı təsdiqini taparsa, cinayət məsuliyyəti yaranacaq, partiyaların funksionallığı məsələsi gündəmə gələ və onların fəaliyyəti ilə bağlı məsələ müzakirə oluna bilər. Doğrudan da hər iki partiya liderinin cinayət əməlində iştirakı təsdiqini taparsa, onların fəaliyyətinə xitam verilə bilər. Lakin bunlar hələ ki, ehtimal səviyyəsindədir və istintaq nəticələri bəyan edilməyib. Ona görə də, biz ehtimallardan danışırıq. Zaman və hüququn aliliyi səviyyəsində qiymət veriləcək”,-deyə deputat fikrini yekunlaşdırıb.