Süni intellektin əvəz edə bilməyəcəyi  5 sahə
03 noyabr 2025 18:25 (UTC +04:00)

Süni intellektin əvəz edə bilməyəcəyi 5 sahə

0

Süni intellekt və avtomatlaşdırmanın bütöv peşələri dəyişdirdiyi bir dövrdə, bu dəyişikliklərə tab gətirə biləcək karyera seçimi əvvəlkindən daha vacibdir. Son təhlillərə görə, aktiv insan ünsiyyəti və qiymətləndirmə tələb edən peşələr avtomatlaşdırma riskinə daha az məruz qalır.

Ona görə də, hansı rolların daha davamlı olduğunu və bu istiqamətə necə hazırlaşmağı anlamaq, gələcəkdə karyeranızı qorumağa kömək edəcək. Süni intellektin hələ ki, təkrarlaya bilmədiyi bacarıqları tələb edən ən azı beş yüksək maaşlı karyera sahəsi və bu istiqamətdə irəliləmək üçün konkret addımlar var.

Lent.az həmin sahələri təqdim edir.

Tibb sahəsi: qərarvermə və empatiya

Həkimlər, tibb bacıları, terapevtlər, məsləhətçilər və digər tibbi mütəxəssislər avtomatizasiyaya ən az yaxın sahələrdədir. Bu peşələr insan ehtiyaclarının qeyri-proqnozlaşdırılan xarakteri, emosional mürəkkəblik və etik qərarlarla sıx bağlıdır - bu sahələrdə alqoritmlər hələ də geri qalır.

Əgər bu istiqamət sizi cəlb edirsə, güclü tərəflərinizə uyğun bir ixtisas seçməkdən başlayın. Klinikada könüllü kimi və ya yarımştat işləmək pasiyentlərlə işin spesifikasını daha yaxşı anlamağa kömək edəcək. Şəxslərarası ünsiyyət, emosional intellekt, mədəni həssaslıq və empatiya kimi bacarıqları inkişaf etdirin - məhz onlar tibbdə xüsusilə qiymətləndirilir.

Əl bacarığı tələb edən peşələr

Elektrikçi, santexnik, istilik və soyutma (HVAC) sistemləri üzrə montajçı, eləcə də tikinti sahə rəisi kimi peşələr fiziki çeviklik və praktiki problemlərin həllini birləşdirir. Dəyişkən şəraitdə çevik əl işini maşınların təkrarlaması çətindir. U.S. Career Institute-un məlumatına görə, bir çox texniki peşələrin avtomatlaşdırma riski demək olar ki, sıfırdır və inkişaf perspektivləri yüksəkdir.

Bu sahəni düşünürsünüzsə, regionunuzda təcrübə proqramlarını və peşə sertifikatlarını araşdırın. Erkən praktika qazanın - təcrübə proqramları, həftəsonu işləri və ya mentorluq vasitəsilə. Analitik düşüncə, etibarlılıq və detallara diqqəti inkişaf etdirin - uzunmüddətli dəyəri yaradan keyfiyyətlər məhz bunlardır.

Rəhbərlik və strateji roller

İdarəetmə və strateji planlaşdırma sahəsindəki vəzifələri avtomatlaşdırmaq çətindir, çünki onlar məqsəd qoymağı, qərar qəbulunu, insanlara təsir etməyi və bölmələrarası qarşılıqlı əlaqəni tələb edir. Bu vəzifələr emosional intellekt, liderlik və strateji düşüncə üzərində qurulur - maşınların hələ mənimsəyə bilmədiyi bacarıqlar.

Bu istiqamətdə inkişaf etmək üçün təşəbbüs göstərin - kiçik layihələrə və ya komandalara rəhbərlik edin. Nəticələr və açıq kommunikasiya ilə etibar qazanın. Menecment prinsiplərini, bazar tendensiyalarını və liderlik təcrübələrini öyrənin. Başqalarını ruhlandırmaq və yönləndirmək bacarığını inkişaf etdirin - məhz bu lideri vazkeçilməz edir.

Yaradıcı peşələr və orijinal düşüncə

Yaradıcı düşüncə, hekayəçilik, dizayn və brend strategiyası - bunlar İA-nın sadəcə köməkçi ola biləcəyi sahələrdir, tam əvəzləyici yox. Orijinallıq və intuisiya isə yalnız insana məxsusdur. Araşdırmalar göstərir ki, yaradıcı peşələr avtomatizasiyaya daha davamlı olur.

Əgər yaradıcılıq sizi cəlb edirsə, orijinallığınızı və qeyri-adi yanaşmanızı göstərən portfel yaradın. Problemləri necə qeyri-ənənəvi yollarla həll etdiyiniz haqqında hekayələr paylaşın. Müasir alətləri izləyin, amma öz üslubunuzu və "insani" səsinizi qoruyun. Zamanla sizin unikallığınız təkrarlana bilməyən dəyərə çevriləcək.

Süni intellektlə bağlı texnoloji peşələr

Süni intellekt bəzi peşələri əvəz etsə də, yeni sahələr də yaradır - xüsusilə İA sistemlərinin hazırlanması, inteqrasiyası və etik idarə olunmasında. Maşın öyrənməsi, məlumatların analizi, proqramlaşdırma və insan-İA qarşılıqlı əlaqəsi üzrə bacarıqlar yüksək tələbatda olacaq və avtomatizasiyadan qorunan sahələrdəndir.

Bu istiqaməti seçirsinizsə, maraqlandığınız texniki sahəni müəyyən edin və əsas bacarıqlardan başlayın - proqramlaşdırma, məlumatlarla iş, bulud texnologiyaları. İA və analitika üzrə onlayn kurslar və bootcamp-lər keçin. Real layihələr üzərində işləyin, portfel yaradın. Paralel olaraq etik texnologiyalar, kommunikasiya və adaptivlik kimi insani bacarıqları inkişaf etdirin - texnologiyanı insan ehtiyacları ilə birləşdirə bilən mütəxəssislər daha çox tələb olunacaq.

Avtomatizasiyanı “dözüb keçəcək” peşə seçmək “təhlükəsiz iş” axtarmaq demək deyil. Bu, insan keyfiyyətlərinin ən böyük dəyərə sahib olduğu yolu seçməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar