Qırmızı cizgi:  Şəhid adını siyasi mübarizədə kirlətməyin! 
14 may 2022 17:52 (UTC +04:00)

Qırmızı cizgi: Şəhid adını siyasi mübarizədə kirlətməyin! 

Son vaxtlar Azərbaycanda cəmiyyətin həssasiyyətini nəzərə alaraq qıcıq doğuran  məlumatların yayılmasının intensivləşdiyini müşahidə edirik.

Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə qazi, şəhid statusuna,  bu təbəqədən olanların özləri və ailələri ilə bağlı məsələlərə cəmiyyətin də, dövlətin də diqqəti birə on artıb. Bu, əlbəttə gözləniləndir və ədalətlidir. Azərbaycanın böyük zəfərində rolu olan hər kəsin xidməti qiymətləndirilməli, xüsusi diqqət və ehtirama layiq görülməlidir.

Bəzən qazi və şəhid ailələri ilə bağlı yerli icra orqanlarında problemlərə də rast gəlinir. Medianın öz ictimai nəzarət funksiyasından istifadə edib işıqlandırdığı bu tipli məsələlərə üst dövlət orqanlarından reaksiya verilir, məsələ araşdırılır, tədbir görülür.

Cəmiyyətin həssasiyyəti, dövlətin şəhid və qazi ailəsinə olan diqqəti isə bəzən sui-istifadəyə də çevrilir.

Biz təəssüf ki, son vaxtlar daha tez-tez qazi adından istifadə edən fiziki qüsurlu şəxslərə, qazi olduğu üçün dövlət qurumlarından qanunsuz tələblərini yerinə yetirməyi tələb edənləri, şəhid anasının himayədarlığı ilə şəhid bulağı adı ilə mağaza tikənləri, şəhid adı ilə hətta Tik-tokda jeton yığanları görürük...

Məsələn, dünən sosial şəbəkələrdə şəhid anasının özü üçün tikilən evin icra hakimiyyəti tərəfindən sökülməsi barədə video görüntülər yayıldı. Görüntüləri izləyən sosial media iştirakçıları yazırdılar: "Bu xanımın evi var, dövlət ona üç otaqlı ev verib", "Bu xanım tik-tokda ağladı, Tolik pul yığıb ona ev aldı", "Bu ana Suraxanı rayonunda da ev tikdirirdi, amma sonra başqası qaldı o evdə" ...

Maraqlı məsələ idi. Öyrəndik ki, eyni  media qrupda təmsil olunduğumuz APA TV-nin çəkiliş qrupu artıq hadisə yerinə gedərək məsələnin təfərrüatını araşdırmağa çalışır.

Məlum oldu ki, sosial şəbəkə istifadəçilərinin yazdıqlarında həqiqət payı çoxdur. Şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı sadəcə olaraq bir və ya bir neçə makler tərəfindən istifadə olunur. Özü də bilmədən hansısa “oyun”un burulğanına düşüb.

Şəhid Sübhan Abdurahmanlının ailə üzvlərinə 2021-ci il 25 yanvarda Ramana qəsəbəsində dövlət tərəfindən ev verilib.

O da məlum oldu ki, torpağı anaya "hədiyyə" edən Amil adlı şəxsdir və bu şəxs də "ev alqı-satqısı" ilə məşğuldur. Özü də müsahibəsində "mənim işim heç nə... ev alqı-satqısı ilə məşğulam" deyir.

Bura qədər olanlar öz yerində...

İndi məsələnin ikinci tərəfinə baxaq, ana dərhal həmin o yarımçıq tikili sökülən əraziyə gətirilir, ağ göyərçinlər və bir neçə internet kanal. Ana ağlayır, kanallardan birinin əməkdaşı kənardan yön verir, "şəhid ailələrinə, qazilərə çağırış elə". Ana onun dediyini təkrarlayır...

Və bu hadisə dərhal sosial şəbəkələrdə yayılır, bunu yayan aktivistlərin əksəri isə " şəhid ailəsinə hörmətsizliyə son qoymaq üçün sabahkı (yəni bu gün olub bitmiş) aksiyaya çağırılır. Amma bir şey hesablanmır. Artıq cəmiyyət şəhid ailəsinin belə şəhid adından, qırmızı cizgidən ifrat, başqa maraqlar üçün istifadə eləməsini qəbul etmir.

Şəhid adı şəhid ailələrinə məxsus deyil, millətin mənəvi sərvəti, qırmızı xəttidir, onu keçmək, onunla “maklerlik” edib, şəhid anasının himayəsindən istifadə eləmək olmaz!

Bundan əvvəlki hadisə də eynilə işlənilir. Jurnalist Aytən Məmmədovaya qarşı yaşadığı binanın liftində zorakılıq edilir, onun boğazına bıçaq dirənir, azyaşlı övladı ilə təhdid olunur və bir cümlə "Sən ağıllanmadın" təhdidi edilir. Aytən Məmmədovaya qarşı edilən qanunsuzluq mütləq araşdırılıb, bunu edən tapılmalı, sifarişçi varsa, o da ifşa olunub cəzasını almalıdır.

Amma hadisədən dərhal sonra olanlara baxaq. Dərhal konkret məhkəmə prosesinin adı çəkilir, halbuki təhdidkar bununla bağlı hər hansı mesaj, işarə verməyib. Aytən isə məhkəmə və kriminal sahəsindən yazan müxbirdir, onlarla məhkəmə işi yazır. Bəlkə də özünün də güman etmədiyi başqa səbəb var, minlərlə versiya ola bilər. Bunu araşdırmaq istintaqın işidir.

Lakin hadisədən dərhal sonra onun siyasiləşdirilməsi kampaniyasına başlanılır, bu prosesdə Qərbin təsirində olan müxalifət, media mənsubları və hüquq müdafiəçiləri, Soros şəbəkəsinin nəzarətində olan beynəlxalq hüquq-müdafiə təşkilatları, daha sonra isə ABŞ Dövlət Departamenti, ABŞ-ın Azərbaycandakı səfirliyi, “Amerikanın səsi” və “Azadlıq” radiosu xüsusi fəallıq nümayiş etdirir.

Bir gün sonra – mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Aytən Məmmədovaya dəstək olmağa çağırış edir.

Elə həmin gün Xədicə İsmayıl bu işi "ictimaiyyətin həqiqəti bilməsi üçün yeganə şans kimi" qiymətləndirir.

Bu prosesə paralel olaraq beynəlxalq təşkilatlar və xarici ölkələr qoşulurlar.

ABŞ Dövlət Departamentinin sözçüsü “Turan” Agentliyinə bildirir ki, “ABŞ A.Məmmədovanın işini diqqətlə izləyir, Azərbaycan hakimiyyətini araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır: “Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatıq”.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Aytən Məmmədovaya edilən hücumu pisləyir və hücumla bağlı məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırır: “Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.

Səhəri gün növbə Sərhədsiz Reportyorlara çatır. Onlarda hadisəni qınayır.

Daha sonra Norveç Helsinki Komitəsi, “Human Rights Watch” beynəlxalq hüquq- müdafiə təşkilatı Azərbaycanda jurnalist Aytən Məmmədovaya hücumu qətiyyətlə pisləyirlər. “Human Rights Watch” Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini Georgi Qoqiya bununla bağlı açıqlama da verir.

Sosial şəbəkələrdə statusların sayı artır və bu gün üçün aksiya təyin olunur. Sosial şəbəkələrdəki aktivistlərlə yanaşı "Amerikanın səsi" son bir həftəlik fəaliyyətini bu yürüşə həsr edir.

Aksiya olub bitdi, insident baş vermədi. Heç bir böyük ictimai dəstək olmadı.

Amma olaylar davam edəcək. Öyrəncəliyik. Hər “Formula 1” yarışması dövründə Azərbaycana qarşı kampaniya təşkil olunur. İzlədiyimiz hadisələr onun info-əsaslandırılmasıdır.

Cəmiyyət üçün həssas olan mövzularda manipulyasiya edildi. Şəhid ailələri, qaziləri istifadə predmetinə çevirmək üçün çalışıldı. Bütün mövzular siyasiləşdirildi. Və bunu edərkən, təbliğatçıların əsas istinadı ədalətli cəmiyyət, mənəvi dəyərlərə sadiqlik, milli hissləri oyatmağı hədəfləmək idi. 

Mənzərə isə başqa idi. Bir qrup adamın bir neçə çağırış, qarğış şüarla irəliləməsi, başları üzərində də LGBT bayrağı...

# 2088
avatar

Oxşar yazılar