Dünən Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cümhuriyyəti arasında media sahəsində Strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bunu son dərəcə mühüm hadisə kimi dəyərləndirirəm.
44 günlük Vətən Müharibəsi də sübut etdi ki, hər iki ölkənin mediası taleyüklü məsələlərlə bağlı birgə fəaliyyətdədir. Ancaq bu işin sistemləşdirilməsi, daha da gücləndirilməsi son dərəcə vacibdir.
Onu da bildirim ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra hər iki ölkənin media qurumları arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Birgə konfranslar, “dəyirmi masa”lar, tematik tədbirlər düzənləndi. Biz gördük ki, müəyyən platformalarda Türkiyə və Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçiləri vahid mövqedən çıxış edirlər və bu bizi sevindirdi. Azərbaycan Mətbuat Şurasının mötəbər beynəlxalq təşkilatlara üzvlüyündə türkiyəli həmkarlarımızın dəstəyini xüsusi vurğulamalıyam. Biz dost dəstəyini heç vaxt unutmarıq.
Ümumən Azərbaycan jurnalistikasının Türkiyə jurnalistikasından öyrənməli, əxz etməli olduğu peşəkarlıq vərdiş və xüsusiyyətləri çoxdur. Hesab edirəm ki, Strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu bu kimi məsələlərin həllini də sistemləşdirəcək, təcrübə və informasiya mübadiləsini dərinləşdirəcək, ən əsası isə uzun illər əvvəl başlanılmış qarşılıqlı əməkdaşlıq mərhələsinə bir növ, ideoloji çalarlar gətirəcəkdir.
Bəli, sistemli fəaliyyət Azərbaycanın və Türkiyənin ortaq mənafelər baxımından işbirliyi üçün imkanların genişlənməsi, konkret vəziyyətlərin müştərək müzakirəsi, görüləcək tədbirlərin koordinasiyası baxımından əhəmiyyətli rol oynayacaqdır. Bu isə özlüyündə ölkələrimizə qarşı yalan, iftira kampaniyalarına, dezinformasiyalara qarşı sipər olacaqdır.
Əflatun Amaşov, Mətbuat Şurasının sədri