ATƏT PA-da Dağlıq Qarabağla bağlı xüsusi dinləmə keçirilə bilər
27 iyun 2014 19:23 (UTC +04:00)

ATƏT PA-da Dağlıq Qarabağla bağlı xüsusi dinləmə keçirilə bilər

0

 

 

Milli Məclisin sədri Oqtay Əsədov iyunun 27-də ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, son dövrdə ATƏT və onun Parlament Assambleyasının yüksək rütbəli nümayəndələrinin Azərbaycana səfərləri intensivləşib, bu isə əməkdaşlığın müsbət dinamikasından xəbər verir.

 

Spiker ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü illik sessiyasının uğurlu olacağına inamını ifadə edib, tədbirə qatılmaq üçün artıq 600-dən çox iştirakçının qeydiyyatdan keçdiyini deyib.

 

O. Əsədov Azərbaycanın bu tədbirə ciddi hazırlaşdığını diqqətə çatdırıb: “Hesab edirik ki, sessiyanın təşkili ilə bağlı üzərimizə düşən öhdəlikləri tam olaraq yerinə yetirmişik. Ölkəmiz ATƏT-lə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Azərbaycan hüquqi,  dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır. Hökumət əhalinin sosial rifahının yüksəldilməsini, güclü vətəndaş cəmiyyətinin formalaşdırılmasını önəmli hesab edir. Biz ATƏT-in Avropa məkanında təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, təşkilatın növbəti sessiyasının Bakıda keçirilməsi  məhz Assambleya ilə münasibətlərimizin daha da dərinləşdirilməsi niyyətindən xəbər verir”.

 

O, sessiyada müzakirə olunacaq məsələlərdən söz açaraq, Azərbaycanın ölkələrin ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bir daha vurğulayıb. Bildirilib ki, bu məsələdə ATƏT məkanındakı bütün ölkələrə eyni münasibət  olduqca önəmlidir.

 

O. Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışaraq, bu məsələnin həllində ATƏT-in səylərinin artırılmasının regionda sülh və sabitlik baxımından əhəmiyyətindən danışıb. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə  qurumun Parlament Assambleyası bu məsələni ayrıca müzakirə edəcək.

 

Spiker belə bir fikri vurğulayıb ki, Azərbaycan ATƏT-i güclü və ədalətli görmək istəyir: “Bunun üçün təşkilatın təsir mexanizmləri barədə düşünmək zamanın tələbidir”.

 

Öz növbəsində, R. Krivokapiç ATƏT PA-nın 23-cü sessiyasına hazırlıq işlərini yüksək dəyərləndirərək, öz adından və qurumun katibliyi adından Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, son 10 ildə müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərin həqiqətən heyrətamiz olduğunu vurğulayıb.

 

Sessiyada müzakirə olunacaq məsələlərdən söz açan R. Krivokapiç ölkələrin ərazi bütövlüyü məsələsinin bu gün ATƏT məkanında mühüm məsələ olduğunu qeyd edib. O, qurumun növbəti sessiyalarından birində Dağlıq Qarabağ problemi ilə əlaqədar xüsusi dinləmələrin keçirilməsinin günün tələbi olduğunu söyləyib.

 

Söhbətdə Azərbaycan nümayəndə heyətinin təşkilatdakı fəaliyyətini yüksək dəyərləndirən qonaq ATƏT PA-nın 23-cü illik sessiyasının uğurlu olacağına inamını ifadə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 603

Oxşar yazılar