Niyə istədiyiniz  insanı   tapa bilmirsiniz? - Problem  taledə   deyilmiş
17 noyabr 2026 15:19 (UTC +04:00)

Niyə istədiyiniz insanı tapa bilmirsiniz? - Problem taledə deyilmiş

0

Tanışlıq tətbiqləri, dost tövsiyələri və çoxsaylı görüşlər bəzən uzunmüddətli münasibət qurmaq üçün kifayət etmir. Yeni araşdırmaya görə, bunun səbəblərindən biri insanın münasibət qurmaq istəyinin arxasında dayanan motivlərlə bağlı ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Toronto Universitetində aparılan araşdırmada insanların hansı səbəblərlə tərəfdaş axtarması ilə münasibət hədəflərinə çatması arasında əlaqə müəyyən edilib.

Universitetin doktorantı Laura Hokins və komandasının keçirdiyi tədqiqata 18-39 yaş aralığında 4019 subay qatılıb. İştirakçıların romantik münasibətlərlə bağlı məqsədləri və bu istiqamətdə irəliləyişləri altı ay ərzində izlənilib.

İnsanlar niyə münasibət qurmaq istəyirlər?

Tədqiqatda psixologiyadakı özünütəyinetmə nəzəriyyəsi əsas götürülüb. Münasibət qurmaq motivləri beş qrupa bölünüb: daxili istək, şəxsi dəyərlərə uyğun seçim, daxili təzyiq, xarici təsirlər və motivasiyanın olmaması.

Münasibəti zövqverici və məmnunluq yaradan bir təcrübə kimi görən insanların daha çox emosional yaxınlığa və sağlam bağlar qurmağa önəm verdiyi müəyyənləşdirilib. Özünü dəyərli hiss etmək və ya günahkarlıq duyğusundan qaçmaq üçün tərəfdaş axtaranlar isə daha çox flörtə və özünəinam qazanmağa yönəliblər.

Özünü sübut etmək istəyi münasibətlərə necə təsir edir?

Araşdırmanın diqqətçəkən nəticələrindən biri özünü sübut etmək və ya həyatındakı boşluğu doldurmaq üçün münasibət axtaranların məqsədlərinə doğru daha az irəliləməsi olub.

Tədqiqatın nəticələrinə əsasən, sadəcə münasibətim olsun düşüncəsi ilə tərəfdaş axtarmaq qurulacaq bağın keyfiyyətinə mənfi təsir göstərə bilər. Qarşılıqlı paylaşım və yaxınlıq arzusu isə daha sağlam münasibət hədəfləri ilə əlaqələndirilib.

Bu səbəbdən uyğun insanı axtarmazdan əvvəl özünüzə “mən niyə münasibət qurmaq istəyirəm?” sualını vermək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar