Şamil Paşayev, hüquqşünas
17 noyabr 2026 13:12 (UTC +04:00)

Şamil Paşayev, hüquqşünas

Boşanmadan sonra valideyn və uşaq hüquqları - Uşağın valideynlərlə görüşünə kim mane ola bilər?

0

Uşağın mənafeyi, valideyn hüquqları və boşanmadan sonra ata-ana məsuliyyəti barədə cəmiyyətdə müzakirə olunan nəsnələri, əgər hüququ, fəlsəfi və sosioloji baxımından analiz etsək qeyd etməkdə fayda vardır ki, boşanma iki insanın birgə ailə həyatına son qoymasıdır. Lakin bu qərar onların övladları qarşısındakı hüquq və vəzifələrini aradan qaldırmır. Nikah pozula bilər, amma analıq və atalıq münasibətləri boşanma ilə bitmir. Ana, ata övlad bu qohumluq elədir ki, keçmişi olmur. Yəni  bu həyatımız boyu bizi izləyən münasibətlərdir. 

Azərbaycanın Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən, valideynlərin nikahının pozulması və ya onların ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Uşaq hər iki valideyni ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ər və arvadın hüquqları bərabər olması, uşaqlara münasibətdə də eyni ilə sirayət edir.

Əgər uşaq ana ilə qalırsa, burada mühüm hüquqi incəlik var.

Ata ilə görüşmək yalnız atanın hüququ deyil, ilk növbədə uşağın hüququdur. Buna görə də ana ilə ata arasındakı şəxsi münasibətlər, incikliklər və münaqişələr uşağın bu hüququnun məhdudlaşdırılması üçün özlüyündə qanuni əsas sayıla bilməz. Uşaq valideynlər arasında manipulyasiya alətinə çevrilməməlidir. Uşaq eyni zamanda qisas predmeti deyil. Ana atanın bir birindən boşanması və “məni istəmirsənsə uşağa da həsrət qalacaqsan” düşüncəsi yalnış və uşağa mənəvi və psixoloji zərbədir. Onu dünyaya gətirən valideynlərin ilk növbədə uşağın qarşısında öhdəlikləri var.

Bertran Rassel “Evlilik və əxlaq” əsərində uşağın hər iki valideynə emosional bağlılığının ailə münasibətləri pozulduqda onun təhlükəsizlik hissinə təsir göstərə biləcəyini qeyd edir.

Rasselin yanaşmasından çıxarıla biləcəyimiz  mühüm nəticə budur ki, valideynlərin bir-birinə münasibəti dəyişsə də, uşağın sevgi və emosional təhlükəsizlik ehtiyacı aradan qalxmır. Valideynlərin ayrılması uşağın onlardan birini sevmək və onunla münasibət saxlamaq imkanının da aradan qaldırılması demək olmamalıdır.

Ailə Məcəlləsinin 61-ci maddəsi müəyyən edir ki, uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət saxlamaq, tərbiyəsində və təhsili ilə bağlı məsələlərin həllində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn isə digər valideynlə uşağın sağlamlığına və inkişafına zərər yetirməyən ünsiyyətə mane olmamalıdır.

Bəs ana uşağın digər valideyni ilə görüşünə hansı hallarda etiraz edə bilər?

Əgər atanın və ya ananın davranışı uşağın fiziki və ya psixi sağlamlığına, təhlükəsizliyinə, yaxud mənəvi inkişafına real təhlükə yaradırsa, ünsiyyətin məhdudlaşdırılması məsələsi qaldırıla bilər. Məsələn, zorakılıq, uşağa qarşı qəddar davranış və ya onun təhlükəsizliyini ciddi risk altına qoyan hallar buna əsas ola bilər.

Ancaq belə iddialar obyektiv araşdırılmalı və hüquqi qaydada qiymətləndirilməlidir. Bu bir tərəfin eqosunu tətmin etmək üçün özünün qəbul etdiyi qərar yox, obyektiv araşdırma aparan səlahiyyətli qurumun və ya məhkəmənin  araşdırma predmetidir. Valideynlərdən birinin şəxsi narazılığı digər valideynin hüquqlarını özbaşına ləğv etmək səlahiyyəti yaratmır. Təhlükə ilə bağlı təcili müdafiə tədbirləri də qanun çərçivəsində həyata keçirilməlidir.

Valideynlər görüş qaydası barədə qarşılıqlı razılığa gələ bilərlər.

Bu barışıq və ya mediasiya sazişi ilə tənzimlənə bilər. Yəni tərəflər özləri öz həyatları və övladları barədə qarşılıqlı razılıqla qərar verə bilərlər. Razılıq olmadıqda isə məsələ müvafiq dövlət orqanının da cəlb edilməsi ilə məhkəmədə həll olunur. Məhkəmə uşağın yaşını, psixoloji vəziyyətini, valideynlərlə münasibətlərini və digər mühüm halları nəzərə alaraq görüşün vaxtını, müddətini və formasını müəyyən edir.

Sosioloq Endryu Çerli yazırdı ki,  uşağın inkişafına təsir edən amillər yalnız ailənin formal quruluşu deyil. Yəni, əsas məsələ valideynlərin eyni evdə yaşaması deyil, uşağın özünü təhlükəsiz, dəyərli və sevilən hiss etməsidir.

Burada daha bir mühüm mənəvi məsələ var. Valideynlərin bir-birinə qarşı mənfi münasibətinin uşağa ötürülməsi onu daxili ziddiyyət qarşısında qoya bilər. Uşaq həm atasını, həm də anasını sevdiyi halda, onlardan birini sevməyin digərinə xəyanət olduğu düşüncəsi ilə yaşamağa məcbur edilməməlidir.

Əslində, uşağı iki valideyndən birini seçməyə məcbur etmək, onun hələ formalaşmaqda olan mənəvi dünyasına böyüklərin münaqişəsini daşımaqdır.

Uşağın kiminlə qalması və ünsiyyət hüququna dair  fikir mübadiləsi edərkən, qeyd etməkdə  fayda var ki, uşağı öz fikrinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələdə, 7 yaşına çatmış uşağın fikri  nəzərə alına bilər, 10 yaşına çatmış uşağın fikri, onun mənafeyinə zidd hallar istisna olmaqla, mütləq nəzərə alınmalıdır. Lakin uşağın fikrinin nəzərə alınması onun üzərinə valideynlər arasında seçim etmək məsuliyyətinin qoyulması demək deyil.

Digər tərəfdən,anannın və ya  atanın da yalnız görüş tələb etmək deyil, uşağın həyatında məsuliyyətli şəkildə iştirak etmək vəzifəsi var. Maddi təminat, tərbiyə, təhsil, sağlamlıq və emosional qayğı valideynlik məsuliyyətinin ayrılmaz hissələridir.

Tez-tez valideynlərdən uşağa alimetin ödəyirəm deməklə bütün öhdəliklərini icra etdiyi təəssüratı yaradan fikirlər eşidirik ki, aliment ödəyən dərk etməlidir ki, buinun arvadna (və ya ərinə) ödəmir, uşağının saxlamanma xərcin ödəyir. 

Alimenti ödəmək valideynin lütfü deyil, vəzifə və öhdəlidir.

Alimenti 1 ay gecikdirmək anaya (və ya ataya) özbaşına digər valideynlə görüş hüququnu məhdudlaşdırmağa əsas vermir. Bu konteksdə alimentin ödənilməməsi özlüyündə uşağın ata (yaxud ana) ilə ünsiyyət hüququnu avtomatik aradan qaldırmadığı kimi, alimentin ödənilməsi də atanın digər valideynlik vəzifələrini əvəz etmir.

Əsas məsələ valideynlərdən hansının haqlı olması deyil, uşağın hüquqlarının necə qorunmasıdır.

Ailə Məcəlləsinin 60-cı  maddəsində göstərilir ki, Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.  Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Uşağın digər valideyn ilə və ya baba (nənə) ilə ünsiyyət hüququnu məhdudlaşdırmaq  uşağın mənəvi inkişafına, psixi saxğalığına xələl gətiən hal kimi qiymətləndirilə bilər

İngilis filosofu Con Lokk “İdarəetmə haqqında ikinci traktat” əsərində valideyn hakimiyyətinin mahiyyətini izah edərkən göstərirdi ki, valideynlərin uşaqlar üzərində səlahiyyəti onların övladlarına qayğı göstərmək və onları müstəqil həyata hazırlamaq vəzifəsindən irəli gəlir. Yəni,  valideynlik hüququ uşağa hökmranlıq etmək imtiyazı deyil, onun rifahını və inkişafını təmin etmək məsuliyyətidir.

Uşağı digər valideyndən əsassız uzaqlaşdırmaq, onun gözündə ata və ya ana haqqında davamlı mənfi təsəvvür formalaşdırmaq uşağın psixoloji rifahına ciddi mənfi təsir göstərə bilər. Bununla yanaşı, uşağın təhlükəsizliklə bağlı əsaslı narahatlıqları da görməzdən gəlinməməlidir.

Hüquqi və mənəvi baxımdan yanaşsaq, boşanmadan sonra valideynlərin ən böyük məsuliyyəti şəxsi münaqişələrini uşağın həyatına daşımamaqdır.

Valideynlər bir-birindən ayrıla bilərlər. Amma heç biri uşağı digər valideynini sevmək, tanımaq və onunla sağlam münasibət saxlamaq hüququndan əsassız məhrum edə bilməz.

Valideynlik hüququ övlad üzərində mütləq hakimiyyət deyil, əksinə onun qarşısında məsuliyyətdir.

Boşanan ana və ata bir-birinə qarşı öhdəliklərinin bir hissəsindən azad ola bilərlər, lakin uşağın qarşısındakı məsuliyyətdən azad olmurlar.

Uşaq nə atanın, nə də ananın mülkiyyətidir. O, öz hissləri, iradəsi, şəxsiyyəti və hüquqları olan müstəqil insandır.

Valideynlər bir-birini sevməyə məcbur deyillər. Amma övladlarının digər valideyn tərəfindən sevilməsinə və onu sevməsinə, uşağın mənafeyinə zidd olmadığı müddətdə, hörmət etməyə borcludurlar.

Hüquqşünas Şamil Paşayev 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar