NATO-nun “Rose Roth” seminarında iştirak etmək üçün Ermənistandan üç nəfərlik nümayəndə heyəti bu gecə Bakıya gəlib. Lent.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər yayıb.
Bakıda iyunun 16-dan 18-dək keçiriləcək seminarda Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.
“Cənubi Qafqaz. Çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda Ermənistan nümayəndə heyətinin iştrakı məsələsi son ana qədər dəqiqləşməmişdi. Azərbaycan tərəfi nümayəndə heyətinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu ifadə etsə də, erməni tərəfi bildirdi ki, təhlükəsizlik təminatı olmadığından seminarda iştirak etməyə bilərlər.
Lakin daha sonra nümayəndə heyətinin təhlükəsizlik təminatı aldığı məlum olub.
Erməni nümayəndə heyəti Bakıdan iyunun 19-da qayıdacaq.