“Doğrudan da Azərbaycanın hücum diplomatiyasına çox böyük ehtiyac var. Ona görə ki, torpaqlarımız işğal altındadır, 20 ildən artıqdır 1 milyon insan didərgin vəziyyətindədir və üfüqdə də problemin həlli görünmür. Belə olduğu təqdirdə Azərbaycan özünün iqtisadi və hərbi potensialını artırmaqla yanaşı diplomatik cəbhədə də fəaliyyətimizi xeyli dərəcədə gücləndirməliyik. Mən prezident seçkilərində də söyləmişdim, təəssüf ki, xarici işlər naziri bu hökumətiun tərkibində ən bacarıqsız nazirlərdən biridir".
Lent.az-ın xəbərinə görə, bunu moderator. az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Q. Həsənquliyev nazir Elmar Məmmədyarovun ünvanına kəsin ifadələr işlədib: "Onun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil. Hər halda onun davranışları kənardan müşahidə edən heç kimə xoş görünmür. Yəni bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil. Bu, ölkənin xarici siyasət idarəsinin başında duran şəxslə bağlı mənim mövqeyimdir və şəxsi mənada da onunla heç bir problemim yoxdur".
Millət vəkili bildirib ki, müəyyən istisnalarla ölkənin çox bacarıqlı səfirləri var: " Amma səfirlərimizin də arasında yerində olmayan adamlar var. Həm ATƏT Parlament Assambleyasında, həm AvroNest çərçivəsində xaricə çoxsaylı səfərlərim olur, mən bunu görürəm və bəzi səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Hətta onların bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanlarına malik deyillər. Amma biz burda Amerika və digər xarici ölkə səfirlərinin fəaliyyətlərini izləyirik və görürük ki, onlar mütəmadi olaraq mətbuatla, aparıcı jurnalistlərlə, vətəndaş cəmiyyəti təmsilçiləriylə, siyasi partiya rəhbərləriylə görüşə can atırlar".
Q. Həsənquluyevin fikrincə, bəzi səfirlər Bakıdan xüsusi tapşırıq olmayanda yalnız ildə bir dəfə Respublika Gününü qeyd etməklə işlərini bitmiş bilirlər: "Nəinki fəaliyyət göstərdikləri ölkə ilə, heç öz diasporlarımızla normal əlaqə qura bilmirlər. Baxın, əksər diaspor təşkilatlarıyla səfirliklərimizin münasibətləri münaqişə həddindədir. Ona görə də düşünürəm ki, bu sahədə doğrudan da ciddi işlər görmək, təmizləmə aparmaq lazımdır. Düşünürəm ki, diplomatiyamıza cavabdeh olan adamların seçilməsi istiqamətində ciddi islahatlar aparmağa ehtiyac var. Buna ilk növbədə kadr islahatlarından başlanılmalıdır və bu iş yenidən qurulmalıdır".
BAXCP sədrinin fikrincə, prezidentin diplomatlarla keçirdiyi illik toplantılar çox yüksək qiymətləndirilməlidir: "Amma hesab edirəm ki, bununla məsələ yekunlaşmamalıdır. Nazirliyin özündə ölkə qrupları üzrə müvafiq idarələr var və həmin idarələr mütəmadi olaraq səfirlərdən hesabatlar tələb etməlidir. Səfirlər də öz fəaliyyətləri barədə nazirliyə mütəmadi olaraq məlumatlar verməlidirlər. Artıq Azərbaycan mediası kifayət qədər güclənib və Azərbaycanla bağlı dünyada istənilən məlumatlar dərhal tərcümə edilərək ölkə mediasında yayılır. Amma etiraf edək ki, Avropa və Qərb mediasında Azərbaycan həqiqətləri barədə demək olar ki, yazılara rast gəlmirik. Bütün bunlarsa səfirlərimizin fəaliyyətsizliklərinin acı nəticələridir..."
Q. Həsənquliyev nazir Məmmədyarovun Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dönəmi ilə bağlı mesajlarını da zəif hesab edir: "Ondan Azərbaycanın problemləri və beynəlxalq birlikdən umacaqlar, istək və tələbləri barədə ondan ciddi bir fikir eşitmədik. Çox təəssüf ki, ondan gözlədiklərimizin əksinə olaraq o bizi ölkənin baş diplomatı kimi layiqincə təmsil edə bilmədi".