Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi səbəbkarı
23 iyul 2014 12:58 (UTC +04:00)

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi səbəbkarı

0

Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, İslam və xristian sivilizasiyaları arasında, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində, geosiyasi cəhətdən əhəmiyyətli zonada yerləşən və zəngin karbohidrogen resursları olan, Qafqazın ən böyük potensiala malik ölkəsi - Azərbaycan bu geosiyasi cəhətlərlə daim diqqət mərkəzində olub. Nəinki yalnız qonşu dövlətlər, hətta dünyanın böyük dövlətləri də Azərbaycanın yerləşdiyi bu regionda öz mövqelərini möhkəmlətməyə çalışmışdır və hal – hazırda da bu proses davam edir.

Məhz buna görə də bu gün Azərbaycan xarici siyasi strategiyasında iki başlıca məsələ ön plana çəkilir:

1) Regionun enerji resursları ilə zəngin dövləti olan Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi;

2) Cənubi Qafqaz regionunda böhrana səbəb olan və ölkəmizin üzləşdiyi ən böyük problem – Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli.

Bu iki məsələ yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın strateji əhəmiyyətindən yaranan əsas məsələlərdir.

Tarixi faktlar göstərir ki, xüsusən Rusiya bu regionda öz mövqeyini möhkəmlətməyə can atan əsas dövlət olmuşdur və XIX əsrdən etibarən bu mövqeyin zəifləməsi təhlükəsi ilə üz – üzə qalmaq onu regionda özünə dayaq yaratmaq üçün erməni əhalisindən istifadə etməyə məcbur etmişdir.

Məhz Rusiyanın o zamankı köçürmə siyasəti əsasında erməni əhalisinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi bugünki Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ probleminin yaranmasının tarixi kökü hesab olunur. Bu ərazilərdə müxtəlif etnik qrupların məskunlaşmasını təmin edən Rusiya sonrakı mərhələdə lazım gəldikdə bu etnik qruplar arasında münaqişə yaradaraq onları özündən asılı vəziyyətdə saxlamağa müvəffəq olmuşdur.

Sonrakı mərhələdə isə Rusiyadan dəstək alan ermənilərin Azərbaycanın strateji baxımdan böyük əhəmiyyətə malik olan Qarabağ bölgəsinə tarixən iddiaları bu torpaqlar hesabına öz dövlətinin yaradılması və getdikcə ərazisinin genişləndirilməsi, nəticə olaraq “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi məqsədi daşımışdır. Bu məqsədlə erməni separatçılarının 1988-ci ildən başlayan və bu günə qədər davam edən Azərbaycan və Türkiyəyə qarşı “xaç yürüyüşü” qanlı terror aktları ilə reallaşdırılmışdır. Daha sonra SSRİ-nin süqutu və dövlətlərin müstəqillik qazanmasından sonra intensivləşən erməni hücumu nəticəsində Azərbaycan torpaqlarının 20 %-i işğal olunmuşdur.

Bu işğaldan keçən onilliklər ərzində Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatları məsələnin həllinə cəlb etsə də, istər iki ölkə arasında aparılan danışıqlar, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən çoxtərəfli görüşlər təəssüf ki, heç bir nəticə verməmişdir və Dağlıq Qarabağ problemi müasir dövrdə Azərbaycanın üzləşdiyi ən ağır problem olaraq qalmaqdadır.

Ləman Xəlilova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1565

Oxşar yazılar