Su sayğacı saymayanda... - ARAYIŞ
02 aprel 2011 15:23 (UTC +04:00)

Su sayğacı saymayanda... - ARAYIŞ

“İki gündür Sabunçu Rayon Su İdarəsinin nümayəndəsi gəlib məndən su pulu tələb edir. Özü də deyir ki, ödənişi nağd şəkildə onun özünə verim”.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan oxuculardan biri Lent.az-a müraciətində belə deyib. Oxucumuz bildirir ki, mənzildə su sayğacı olmasa da, hər ay istifadə etdikləri suyun pulunu ödəyib. Hətta buna görə su idarəsinin işçisi abonentə ödəniş qəbzi də verib: “Altı ildir ki, həmin evdə yaşayıram və hər il işlətdiyimiz suya görə 50 manat ödəniş eləmişik. 2010-cu ilin ödənişini də eləmişik. Amma indi su idarəsinin əməkdaşı gəlib deyir ki, borcu ödəməsəniz, suyu kəsəcəyik”.

Şikayətçi bildirir ki, mənzildə su sayğacının qoyulması barədə su idarəsinin əməkdaşlarına müraciət də ediblər. Cavab isə belə olub ki, bunun üçün abunəçi kod açdırmalıdır: “Mən başa düşmürəm, abonent kodu verilməyibsə, indiyədək ödədiyimiz su puluna görə qəbzləri necə veriblər? Belə çıxır ki, indiyədək ödədiyimiz pullar borcun ödənməsi kimi rəsmi qeydiyyata düşməyib”.

Borcu olmayan abonentin suyu kəsilə bilməz

"Azərsu" Səhmdar Cəmiyyətinin Sabunçu Rayon İdarəsində ərazidə belə abonentlərin olduğunu təsdiqləyirlər. Ancaq idarənin özünü təqdim etmək istəməyən əməkdaşı bildirir ki, sayğacsız abunəçilər illik borclarını tam şəkildə ödəyibsə və buna görə onlara qəbz verilibsə, heç bir halda onun suyu kəsilə bilməz: “Bizdə sayğacı və abunəçi kodu olmayan abonentlər borcları ödədikdə bu barədə kompüterdə qeydiyyat aparılır. Həmin qeydiyyatda abunəçinin ünvanı və adı, ödədiyi pulun məbləği göstərilir və heç bir halda onlardan əlavə ödəniş tələb olunmur. Əgər abunəçi belə hallarla rastlaşarsa, ödəniş qəbzini nəzarətçilərə göstərə bilər”.

Sabunçu Rayon Su İdarəsində onu da bildiriblər ki, sayğacı olmayan abunəçilər nəzarətçilərə etibar etmirsə, istifadə etdikləri suyun haqqını banklar vasitəsilə ödəyə bilər.

Xatırladaq ki, hazırda "Azərsu" Səhmdar Cəmiyyətində su sayğaclaşdırması ilə bağlı xüsusi şöbə fəaliyyət göstərir. Səhmdar Cəmiyyətdə bildirirlər ki, 2007-ci ildən başlayaraq, bütün istehlakçı qruplarında su sayğacların quraşdırılması ilə bağlı ayrıca layihələr həyata keçirilir. Məhz bunun nəticəsində 2008-ci ildə abonentlərin su xətləri üzərində 120 min 531 su sayğacı quraşdırılıb ki, bunun 118 min 632-si əhali qrupundan olan abonentlərin payına düşür. Ümumiyyətlə isə sayğaclaşdırmanın birinci ili ərzində sayğac quraşdırılmış abonentlərin sayı 312 min 185-ə çatıb.

Bununla belə, "Azərsu"da bildirirlər ki, hazırda həm Bakıda, həm də regionlarda sayğacla təmin olunmayan su istehlakçılarının sayı yüksək olaraq qalır. Bu səbəbdən mənzillərdə su sayğaclarının quraşdırılması üçün əlavə tədbirlər planı hazırlanıb və sayğaclaşma prosesi yaxın vaxtlarda sürətləndiriləcək.

Yeri gəlmişkən, indiyədək yerli su idarələrinin mənzillərdə sayğac quraşdırmağa ixtiyarı yox idi. Bu səbəbdən mənzilinə sayğac quraşdırmaq istəyən abunəçilərdən baş idarəyə - "Azərsu"un özünə müraciət etməsi tələb olunurdu. Ancaq "Azərsu"da bildirirlər ki, artıq məişət su sayğaclarının qoyulması üçün qaydalar bir qədər sadələşdirilib və bundan sonra yerli idarələr evlərdə su sayğacı quraşdıra biləcək.

Su sayğacı necə quraşdırılmalı?

O ki qaldı su sayğaclarının quraşdırılması üçün vətəndaşın nə etməli olduğuna, "Azərsu"da bildirirlər ki, bunun üçün abonent hər şeydən əvvəl bütün borclarını ödənməlidir. Bundan sonra sayğac alınmalı, bu cihazın standartlara cavab verib-vermədiyini yoxlamaq üçün sayğac "Azərsu"SC-nin xüsusi laboratoriyasına təqdim edilməlidir. Buradan təsdiq cavabını almaqdan ötrü müraciətçi qurumun hesabına xidməthaqqı ödəməlidir. Növbəti mərhələdə abunəçi rəsmi sənədləri toplayaraq, təchizatçı quruma təqdim etməlidir. Əhali sektorunda abunəçilik üçün nəzərdə tutulan sənədlərin siyahısına

- yeni abonent kartının açılmasına dair ərizə,
- Mənzil İstismar İdarəsindən yaşayış yerindən arayış,
- mənzilin “Kupça”sı, “Order”i və ya icarə müqaviləsinin surəti,
- texniki şərt (yeni binalar istifadəyə verildikdə) daxildir.

Bu sənədlər təqdim edilib araşdırıldıqdan sonra mənzillərdə suyun alqı-satqısına dair müqavilə bağlanaraq abonentə kod verilir.

Qaydalara əsasən, alqı-satqı müqaviləsi bağlanarkən abonent öz üzərinə bir neçə öhdəliklər də götürür. Öhdəliklərə əsasən, abunəçi

- sayğaca vurulmuş dövlət və alt qapaq möhürünün toxunulmazlığına,
- sayğac mənzildə quraşdırıldığı halda mütəmadi olaraq sayğac oxuyucusunun sayğaca baxış keçirməsinə,
- sayğac göstəricisinə əsasən sudan istifadə haqqının tam şəkildə ödənilməsinə,
- su xətlərinin və sayğacın istismara yararlı vəziyyətdə saxlanılmasına,
- istənilən nasazlıq üçün müvafiq idarələrə vaxtında müraciət etməyə görə məsuliyyət daşıyır.

Bundan başqa, mənzilin yeni sahibi olan abonent evin əvvəlki sahibindən sudan istifadəyə görə borcun olmaması barədə arayış tələb etməlidir. Əks halda, həmin evdə sudan istifadəyə görə yığılıb qalmış borclar da yeni abonentin üzərinə hesablanacaq. Həmçinin abonent mənzilindəki sayğacın itməsinə, sayğaca zərər dəyməməsinə görə də məsuliyyət daşıyır. Belə ki, sayğac hər hansı səbəbdən işləmədiyi, yandığı və ya sayğacın şüşəsinin zədələndiyi halda dərhal müvafiq rayon üzrə su idarələrinə yazılı müraciət etməlidirlər.

Beləliklə, "Azərsu"da bildirirlər ki, əhalinin fasiləsiz su ilə təminatı və istifadə haqlarının yayındırılmaması üçün yeganə çıxış yolu su sayğaclarının qoyulmasıdır. Elektrik təchizatında olduğu kimi, qurum əhalini pulsuz su sayğacları ilə təmin etməklə bu məsələni ədalətli həll edə bilər. Elə bu səbəbdən də "Azərsu" bütün abunəçilərdə, xüsusən də əhali qrupuna aid istehlakçıların yaşadığı mənzillərdə sayğaclaşmanın sürətləndirilməsinin tərəfdarıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3110

Oxşar yazılar