Bakıda MƏZAR BİZNESİ : Köhnə qəbirləri dağıdıb satırlar -  VİDEO
08 may 2025 23:17 (UTC +04:00)

Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO

Bakıda köhnə qəbirlər yeni müştərilərə təklif edilir. 

Lent.az xəbər verir ki, bu iddia ilə APA TV-yə müraciət edən Bakı şəhər sakini məlumat verib. 

Vətəndaş bildirir ki, bu qorxunc vəziyyətlə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin nəzarətində olan Dağüstü qəbiristanlıqda qarşılaşıb. 

Belə ki, o, yaxın qohumunu adıçəkilən qəbiristanlıqda dəfn etmək istəyərkən ona içərisində cəsəd olan qəbirlər təklif olunub:

"Mənə dedilər ki, seçimini elə, hansı yer xoşuna gəlirsə, biz o qəbri 1-2 gün ərzində boşaldıb sizə verəcəyik. Onlara dedim ki, belə şey olmaz axı, birdən bu qəbrin sahibi gəlib deməz ki, burda mənim doğmam dəfn olunmuşdu?! Dedilər narahat olma, bunların sahibləri yoxdur". 

Şikayətlə bağlı Yasamal Bələdiyyəsinə sorğu ünvanladıq. Sorğumuza gələn cavab isə belə oldu: 

“1940-cı ildə salınan 1 saylı Dağüstü qəbiristanlıq 1974-cü ildən bağlanıb. Bu barədə dəfn üçün müraciət edənlərə də məlumat verilib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vəfat etmiş şəxslərin dəfn olunması üçün yer olmadığından, ailə üzvlərinin razılığı əsasında qohumların ətrafında və ya şəriət qaydalarına uyğun olaraq 25 il keçən köhnə qəbir yerləri açılaraq orada dəfn olunurlar.”

Bunun İslam adət-ənənəsinə uyğun olub-olmadığını öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Qurumun sədr müavini Hacı Fuad Nurulla bildirdi ki, o məzarlar kiminsə babasına, ata-anasına məxsusdur və onlar həmin insanlar üçün müqəddəs məkandır: 

"Onlara toxunmaq olmaz. Bu yerləri kimsə zəbt etsə və başqasına satsalar günaha girmiş olarlar. Əvvəla qəbiristanlıq torpaqları satılmır və alınmır. Amma bu gün təbii ki, müəyyən neqativ hallar var. Biz bununla barışa bilmərik. Bu dinimizdə düzgün olmayan addımlardır. Əgər bir insanın köhnə məzarı dağıdılırsa və ya izi itirmək üçün sümükləri çıxarılıb yandırılırsa bu günahdır.” 

İlahiyyatçı həmçinin onu da bildirib ki, şəxs rəhmətə getdikdən 20 il sonra əgər qəbiristanlıqda yer yoxdursa, onun rəhmətə gedən qohumu həmin məzarda dəfn edilə bilər. 

Hüquqşunas Şamil Paşayev isə bildirir ki, Azərbaycan Respublikasında qəbir yerlərinin satılması qanunla tənzimlənmir: 

"Bu ərazilər bələdiyyələrə məxsusdur və bələdiyyələr tərəfindən həmin ərazidə olan vətəndaşların basdırılması üçün tədbirlər həyata keçirilməlidir. Yer ayrılması təmin olunmalıdır. Amma Azərbaycanda reallıqda biz bilirik ki, qəbir yerləri satılır və satışı ilə məşğul olan xüsusi adamlar var. Bu qanunsuzdur, əsassızdır. Həmin şəxslər müəyyən olunaraq, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər görülməlidir.”

Problemlə bağlı Daxili İşlər Nazirliyinə də sorğu ünvanladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciət daxil olub, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar