Ayaqları ilə adını yazan uşaq, 23 yaşında ana südü istəyən qız və uzaqda yaşayan xalanın kəndi... -  REPORTAJ -
02 aprel 2011 18:26 (UTC +04:00)

Ayaqları ilə adını yazan uşaq, 23 yaşında ana südü istəyən qız və uzaqda yaşayan xalanın kəndi... - REPORTAJ -

Hardan başlayacağımı bilmirəm. Ora aparan yoldanmı, keçdiyim qapılardan, addımladığım dəhlizlərdənmi, addımbaşı gözümə və ayağıma ilişən baxımlı dibçək güllərindən, bu güllərə, binada bütün dəhlizləri, otaqları bürümüş yasəmən qoxusuna heç uyuşmayan, aradabir buruna dəyib, yoxa çıxan xəstəhal qoxudanmı?

Nəfəsliyin o tayındakı adama özümü təqdim eləməyə macal tapmamış, adam özü dillənir:

- Günel?

- Hə, mənəm.

- Keçin, sizi gözləyirlər.

Ağ plastik qapını həyəcan bir az da qorxuyla açıram. Bilirəm ki, qapının o tayında məni üzəcək, ağrıdacaq, onsuz da heç vaxt fərli olmayan əsəblərimi sarsıdacaq hadisələrlə, sözlər, hekayətlərlə üzləşəcəm. Amma qapını açan kimi qorxularımı unuduram. Binaya hələ xeyli yol var və bu yol yaşıl, baxımlı küknarlar, həmişəyaşıl kolları, topa-topa basdırılmış gül-çiçək kolcuqları, yaşıllığın ortasından səkiyə boylanan, səliqə ilə düzülmüş sevimli nağıl, cizgi film qəhrəmanları ilə müşayiət olunur. Bu taxta, plastik, gil «qəhrəmanlar» elə təzə və elə rənglidi ki, adama lap diri, canlı kimi görünürlər, «Pipiyi qan xoruz»un qabağında təzəcə yeyilmiş almanın cecəsi də var. Gülümsəyirəm və mənə elə gəlir ki, burada yaşayan uşaqlar haqda bunu düşünmək ədəbsizlik olar, amma burada çalışan insanlar yəqin ki, həsəd aparılası adamlardır: ətraf yaşıllıq, əlvan külafirəngilər, balaca basketbol meydançası, təptəzə, rahat oturacaqlar və ən əsası, hüzurlu uzaqlıq, sükut… adama bundan artıq nə lazımdır?

Giriş qapısının ağzında məni xəstəhal bir qoxu vurur. Buruna əvvəl-əvvəl havatəravətləndiricilərin bir-birinə qarışmış yasəmən, dəniz qoxuları gəlsə də, bu süni qoxuların arasında gizlənmiş qoxu özünü tezcə büruzə verir. Bir az xəstə insan nəfəsi, bir az dərman, bir az rütubət qarışmış bir şeydi bu və onu gizləməyə nə qədər çalışırsan-çalış, alınmayacaq.

Bu təptəzə, baxımlı, gözəl bina Şağandakı 3 saylı internatdı. Burada əqli və fiziki qüsurlu uşaqlar yaşayır və təhsil almağa çalışırlar. Məktəbin direktoru məni ayrı-ayrı qruplarla işləyən üç uşaq inkişafı mütəxəssisinə tapşırır və biz birlikdə yuxarı, uşaqların hər gün nələrsə öyrənməyə çalışdıqları otaqlara qalxırıq. Qısaca söhbətdən sonra mütəxəssislər öz məşğələlərinə başlayırlar – qalxıb, öz qruplarının arxasınca gedirlər.

Bir azdan dərs başlayacaq. Burda, əlil uşaqlar üçün xüsusi quraşdırılmış kürsülərlə, ibtidai anlayışları izah etmək üçün düzəldilmiş xırdaca lövhələrlə, rəngli-rəngli kublar, kağız, karandaşlarla dolu otaqda.

Otağa mütəxəssislərdən və o biri uşaqlardan əvvəl girən uşağa görünüşünə görə 13-14 yaş vermək olar, daun xəstəsi olduğu o dəqiqə gözə çarpır, amma qız, yoxsa oğlan olduğunu müəyyən etmək çətindir. Bayaq dəhlizdə gələndə də fikir vermişəm – dəhlizdə ora-bura qaçan, ya tərbiyəçilərin köməyi ilə addımlayan bütün qız uşaqlarının saçları oğlansayaq qısadır.

Uşaq qapıdan girən kimi, elə bil məni çoxdan tanıyırmış, hər gün görürmüş sayaq:

- Multfilmə baxırdım eee, çağırdılar – deyir və keçib, oturur. Üzümə gülümsəyərək:

- Mənim adım Könüldü – deyir.

Gülümsəyirəm, qız olduğunun anlayıram, amma nəsə deməyə cəsarət eləmirəm.

Mütəxəssislər o biri uşaqları gətirirlər. Əlil arabasında iki oğlan, bir qız. Özləri öz ayaqları ilə otağa girən dörd oğlan uşağı.

Cəmi səkkiz uşaq. Burada yaşayan 138 uşaqdan səkkizi. Dördünün danışıq qabiliyyəti var, dördü ancaq jestlərlə danışa bilir. Uşaqlardan ən balacasının - dörd-beş yaşlı Ləmanın ancaq bir reaksiyası var; o, təkcə gülümsəyə bilir. Özü də elə qəşəng, məzəli gülümsəyir ki... hə, bir də Natəvan xanım deyir ki, Ləmanın əlləri yaxşı hərəkət eləyə bilmir, amma ayaqları ilə öz adını yaza bilir.

Mütəxəssislər uşaqları iki dəstəyə ayırıb, iki masanın arxasında əyləşdirirlər – danışa bilənlər bir tərəfdə, danışa bilməyənlər bir tərəfdə. Mənə yaxın masada danışa bilənlər oturur: Könül və üç oğlan. Məni onlara təqdim edəndə əziyyət çəkəcəklərini düşünürdüm ki, bunun gərəksiz olduğunu anladım: onlar üçün təzə adamın kimliyi maraqlı deyildi. Bir azdan danışa bilənlərlə söhbətə başlayacağıq, amma bu uşaqların ümumi taleyindən öyrənə bildiklərimi danışmağa tələsirəm.

Bayaq dedim, burada 138 uşaq yaşayır. Onlardan demək olar ki, yarıdan çoxunun valideynləri var. Amma bu valideynlərdən cəmi on nəfəri öz uşağı ilə maraqlanır. Gələndə də soyuq, tələm-tələsik görüşürlər. Uşaqların onlara isinişəcəyindən, onu evə qaytarmaqlarını tələb edəcəyindən çəkinirlər. Gətirdiklərini verib, tez də çıxıb gedirlər.
Uşaqların arasında cəmi bir neçə aydır ki, burada yaşayanı da var. Körpəliyindən bura düşəni də. Ata-anasını arada görə bilənləri də var, ömründə görməyəni də. Amma həmsöhbətim olan bütün müəllimələr dedi ki, onların heç birində valideynlərinə qarşı kin, onu buraya atıb-getdikləri üçün qəzəb, acıq yoxdur. Arada uşaqlarına baş çəkməyə gələn valideyn nə qədər soyuq davranır-davransın, yenə də əzizdi onlara, yenə də evdən kimsə gələndə sevindiklərindən özlərini unudurlar, bu gəlişi bayrama çevirirlər, hamıya danışırlar.

Elə indi də, bu günlərdə bir neçə günlük evlərinə gedən Könül, dil boğaza qoymadan öz evlərindən, ata-anasından danışırdı:

- Anam məni evimizə aparmışdı. Atamı az gördüm, o işdə idi. Dükanda işləyir axı. Evə gələndə mənə çoxlu qəşəng-qəşəng konfetlər gətirmişdi. Anam da mənə yaxşı yeməklər bişirdi. Ətli sup bişirdi, bir də makaron qızartdı. Toyuq da bişirmişdi, amma toyuqdan az yedim. Sonra hamısı bacımın toyuna getdilər. Bacılarımın ikisi də ərə gedib. Amma məni bacımın toyuna aparmadılar.

- Niyə, Könül?

- Yəqin, özümü yaxşı aparmamışdım, ona görə.

- Neynəmişdin ki?

- Demişdim ki, mən bu konfetlərdən istəmirəm, «Snikers» istəyirəm. Yəqin ona görə məni toya aparmadılar. Mən evdə balaca qardaşımnan qaldım.

- O sənnən oynadı?

- Yox. O kompüternən oynayır.

- Darıxdın evdə?

- Yox. Mən evimizdə darıxmıram. Burda darıxıram. Mən körpəlikdən burada olmamışam axı. Evdə olmuşam. İndi də evdə olanda xoşuma gəlir. Mən ana südü xoşlayıram.

- Sən böyüksən axı, Könül. Ana südünü necə içə bilərsən?

Gülümsəyir və əllərini dua edirmişcəsinə sinəsində birləşdirir:

- Bağışlayın məni. Üzr istəyirəm sizdən!

Başlarını aşağı salıb, ağacın yarpaqlarını yaşıl karandaşla rəngləyən Kənanla Azər gülümsəyirlər. O biri masada Natəvan xanım müxtəlif rəngli kubları bir-birindən ayırmağı öyrədir danışa bilməyən uşaqlara. Əli qırmızı vərəqin üstünə qıpqırmızı kubları düzür. Ləman hələ ki, əlini rəngli üçbucaqlara, dördbucaqlara vurmur, başını yana əyib, gülümsəməklə məşğuldu.

Kənan arada mənə karandaşlarını göstərir:

- Müəllimə, gör nə qəşəng karandaşlarım var?

Gülümsəməkdən başqa nəsə edə biləcəyim ağlıma da gəlmir.

Arada dərsə fasilə verib, mənimlə söhbətləşən Turanə xanım gəlib, yanımda əyləşir. Otağa girəndə o öz kürsüsünü mənə təklif elədiyindən, indi uşaqların birinin kətilində oturur. Və əlil uşaqlar üçün nəzərdə tutulan, mürəkkəb sxemli bu kətilin təyinatına fikir vermədən, rahat otursa da, gördüyüm mənzərə mənə ən naqolay şey kimi gəlir: bəli, insanın hər şeyi qaydasında olanda, əlil kürsüsündə oturmağı onu sıxmaz. Bu kürsüdə oturmaq ancaq qüsurlu adamlara ağır gəlir…

Həmsöhbətim isə mənim nəyə fikir verməyimdən xəbərsizdir: o həm dərsini keçmək, həm reportaja kömək eləmək istəyir.

Bir az da başını aşağı salıb, ağacın yarpaqlarını yaşıl karandaşla rəngləyən Kənanla söhbət eləyirəm. Kənanın da valideynləri ona nadir hallarda baş çəkir. Söhbəti mən eləyirəm, Kənan Könül kimi dilli-dilavər deyil, suallarıma qısa cavab verir, çox vaxt cavab əvəzi gülümsəməklə kifayətlənir.

- Kənan, evinizə gedirsən?

- Hə.

- Ora gedəndə burdan ötrü darıxırsan?

- Yox. Evimizdə darıxmıram. Bura gələndə evdən ötrü darıxıram.

- Nə çəkirsən?

- Ağac. Mən böyüyəndə rəssam olacam.

- Ən çox kimin şəklin çəkmək istəyirsən?

- Bina şəkli çəkəcəm. Evimizin olduğu binanın şəklini. Bir də Turanə müəllimənin şəklini çəkəcəm.

Turanə xanım gülümsəyir:

- Hamısı elə mehribandı ki. Elə diqqətlididər, heç nə gözlərindən yayınmır. Təzə köynək geyinəndə deyirlər ki, müəllimə bu gün nə qəşəngsən.

Könül təsdiqləyir:

- Hə, Turanə müəllimə o gün qırmızı köynək geyinmişdi. Anam mənə deyib ki, gecə yatanda Allaha dua elə, onda şirin yuxu görəcəksən. Mən də bir axşam dua elədim, şirin-şirin yatdığım yerdə yuxuda Turanə müəlliməni gördüm. İndi də Allaha dua eləyirəm ki, anam sağalsın. Mənə dedi ki, xəstəyəm, sağalanda gəlib, səni evimizə aparacam.

Turanə xanım uşaqlara eşitdirmədən deyir:

- Çox vaxt valideynlər uşaqlara belə deyib, başlarından eləyirlər. Evlərinə gedən uşaqlar bura qayıtmaq istəmirlər. Valideyn də məcbur olur hər cür yalana əl atsın.
Birazdan say dərsi başlayır. Turanə xanım uşaqların qarşısında 24 rəqəmini çiyələklərlə göstərən karton parçasın tutur.

- Uşaqlar, bu neçədi?

Ən dillisi yenə Könül çıxır:

- 24-dü müəllimə. Orada 24 dənə çiyələk var. Müəllimə, mən çiyələyi çox xoşlayıram...

İçimdə nəsə qopur. Bura gələndə bir torba çiyələk almadığıma it kimi peşman oluram.
Hiss eləyirəm ki, daha burada qala bilmirəm. Turanə xanıma işarə eləyirəm ki, bu qədər kifayətdir. Uşaqlarla sağollaşırıq. Bizi otaqdan yola salanda Könül öz arzusunu deyir:

- Mən ərə gedəcəm. Özü də xalamgilin kəndinə ərə gedəcəm.

- Xalangilin kəndinə? Ora niyə?

- Bacılarım deyir ki, dünyada ən gözəl yer xalamgilin kəndidi. Amma məni heç vaxt ora aparmayıblar. Mən ərə gedəndən sonra, xalamgilin kəndində yaşayacam…

Gücüm gülümsəməyə çatır ancaq. Ləmanın yaşıl «obodok»lu saçlarını sığallayıb, çıxıram.

Onların dərsi davam edir, Turanə xanım isə mənə müxtəlif otaqları göstərir. Dəhlizdə üz-gözlərindən, boy-buxunlarından yaşlarını, qız ya oğlan olduqlarını ayırd eləyə bilmədiyim uşaqlar ora-bura qaçır, bəziləri müəllimənin köməyi ilə addımlayır…

Təzəcə təmir olunmuş, rəngli-boyalı, otaqları, dəhlizləri gül-çiçək, oyuncaqla, divarları rəsmlərlə dolu bu yerdə qadınlar ən sadə şeyləri öyrədirlər özgə balalarına – əl-üz yumağı, diş sürtməyi, geyinməyi, addımlamağı. O şeyləri ki, bizim kimi naşükürlərə, «kaş biz uşaq evlərində böyüyəydik» deyə dahi-dahi danışanlara anaları öyrədir.
Dərs, yemək, boş vaxt üçün otaqlarda hər şey adamın üzünə gülür – əşyalar, dekorlar hamısı təzə, hamısı rəngli. Amma burada əsas şeyin, o qəribə, insanın bədənini deyil, ürəyini qızdıran o istinin olmadığını mən belə hiss eləyirəm. Hələ də anasının dizinin dibindən ayrıla bilməyən, ailədə deyil, ümumi evlərdə hamının və eyni zamanda heç kimin uşağı kimi böyüməyin nə olduğunu bilməyən adam belə…

Maraq üçün buradakı qızların hamısının niyə oğlansayaq saç saxladığını soruşuram. Turanə xanım təəssüflə:

- Çoxu hərdən əsəbindən saçlarını ağzına salıb, yeyir. Ya da bir-birilərinin saçlarını dartırlar. Həm də daramaq, qulluq eləmək asan olsun deyə, belə qısa kəsdiririk. Amma bir qızımız var, saçlarını çox istəyir, qoymur kəsək. Ondan başqa hamısının saçını kəsməli oluruq…

Boylanıb, dəhlizdəki gül-çiçək dibçəklərinə, gözəl pərdələrə, təptəzə döşəməyə, boyasının təzəlik qoxusu hələ getməmiş divarlara baxıram – necə də gücsüzmüş bütün şərtiliklər, təzəliklər, gözəlliklər insan faciəsinin qarşısında. 24 dənə çiyələk, uzun saç, narazı, deyingən və soyuq olsa belə, bir ana, bir də xalanın yaşadığı, heç vaxt görmədiyi uzaq kənd bəs imiş bir uşağa xoşbəxt olmaq üçün…

***

3 saylı internatda Almaniya səfirliyinin dəstəyi ilə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və «Friends of Saray»-ın birgə layihəsi həyata keçirilir. Bu layihədə xüsusi ehtiyacları olan uşaqlar üçün özəl təhsil verilir. Onlara hərflər, saylar, rənglər öyrədilir. Aqressiv və hiperaktiv uşaqlara xüsusi dansterapiya keçilir. Uşaqların həm əqli, həm fiziki imkanlarını üzə çıxarmaq məqsədilə onlara «bacarıqlı əllər» proqramı tətbiq olunur.

Və nəhayət…

Gərginlik, əsəb tələb eləyən bu reportajı hazırlamaqda göstərdikləri köməyə görə məktəbin direktoru Qətibə Əsədovaya, uşaq inkişafı mütəxəssisləri Turanə Kərimovaya, Natəvan Əliyevaya, Sevinc Cəlalovaya, Pərvanə Hacıyevaya, Rəsmiyyə Aslanovaya təşəkkür eləyirəm.

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1391

Oxşar yazılar