Otuz ilin süpürgəçisi: “Ərim qollarımın üstdə canını tapşırdı” - HEKAYƏT
07 aprel 2011 17:47 (UTC +04:00)

Otuz ilin süpürgəçisi: “Ərim qollarımın üstdə canını tapşırdı” - HEKAYƏT

...10 il əvvəl necə idisə, elə də qalıb. O vaxt da əlləri və üzü qırış-qırış, beli bükülmüş bu qarı öz işini yaşına uyuşmayan bir çevikliklə görürdü, elə indi də. O vaxt da ağır məhrumiyyətlərin içində mehriban idi, elə indi də. O vaxt da halını soruşanda sakit səslə “şükür Allaha” deyirdi, indi də elədi...

Əslində onun gördüyü iş o qədər də qeyri-adi iş deyil. Amma Gülsüm nənənin məşğuliyyətində diqqət çəkən məqam odur ki, o, düz 35 ildir fasilə vermədən xadiməlik edir. Özü demişkən, nə o vaxt, nə də indi maddi ehtiyac ona fasilə etməyə heç imkan da verməyib.

Mən onu 1999-cu ildə ali məktəbə daxil olandan tanıyıram. Fakültəmizin xadiməsi idi. O vaxtdan onun mehriban davranışı (adətən Bakıda istər küçədə, istərsə də hansısa müəssisələrdə çalışan süpürgəçiləri qaraqabaq və soyuqqanlı görmüşəm) və əsasən də məşğuliyyətinə və görkəminə uyuşmayan intellektual danışığı bir çox tələbələr kimi məndə də ona qarşı xüsusi maraq yaratmışdı. Kifayət qədər yaşı olmasına baxmayaraq, tələbələrə mane olmadan öz işini çevikliklə görürdü. Gülsüm nənə elə indi də öz işindədi - Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin təmizliyinə cavabdehdir. Həyat tərzi, xüsusən də hələ Sovet İttifaqının “mənəm-mənəm” dediyi vaxtdan xadiməlik etməsi barədə az-çox məlumatım vardı. Bu günlərdə təsadüfən fakültəyə baş çəkərkən yenidən onunla qarşılaşdım, özü haqqında xeyli söhbət eetdik. Sən demə, uzun illərin bu sadə süpürgəçisinin ürəyi bir kitab imiş...

Məmmədova Gülsüm Nağı qızı 1935-ci ildə Bakıda “Sovetski” məhəlləsində anadan olub. İndi də orada yaşayır.

Deyir, ailənin tək qızı olduğu üçün hamının sevimlisi olub. Lakin bu uzun sürmür. Neft buruqlarında fəhlə işləyən atası Gülsümün ataya ən çox ehtiyacı olduğu vaxtda - 17 yaşında işlədiyi buruqda qəza üzündən həyatını itirir. Anası ilə tək qalan Gülsüm iki il sonra elə vaxtı ilə atası işləyən neft buruğunda çalışan bir nəfərlə ailə qurur: “Ərə gedənə qədər hər şey bizim üçün çox çətin oldu. Anam əlil olduğuna görə heç yerdə işə götürmürdülər. Atamın sağlığında bizi hörmətlə qarşılayanlar atam öləndən sonra anamla məni saymamaqları bir yana, elələri vardı gənc qız olduğum üçün orda-burda adıma min cür söz-söhbət də gəzdirirdilər. Qohumların da üzü dönmüşdü. Bu da yazıq anamı üzürdü. Evləndiyim adam ac-yalavac günümüzdə atamın ailəmizə sadiq qalan yeganə tanışı idi. Atam öləndən sonra o yeganə şəxs idi ki, bizə dəstək olurdu. Bir gün niyyətini açıb anama dedi, mən də etiraz etmədim, ona ərə getdim”.

Ərə gedəndən təxminən beş-altı il sonra anası vəfat edir. Həyat yoldaşının sayəsində yetimliyimi heç hiss etməyən Gülsümün iki oğlu, bir qızı dünyaya gəlir: “Yoldaşım çox yaxşı insan idi, mənə və uşaqlara heç vaxt heç nədə korluq vermirdi. Ancaq onunla bu xoşbəxtliyi cəmi 15 il yaşadıq. Yoldaşım qəfil iflic oldu və birdəfəlik yatağa düşdü. Bu, mənim üçün gözlənilməz oldu, uşaqlar da hələ körpə idi. Ərimin qohum-əqrəbası həm dolanmağımıza, həm də onun müalicəsinə kömək edirdi. Amma belə alınmırdı, mən işləməli idim. Heç bir təhsilim yox, peşəm yox... Hardasa 1975-76-cı illər idi. Başladım Elmlər Akademiyasında xadiməliyə - həm uşaqları böyütdüm, həm də düz iyirmi il iflic ərimi xəstəxanalarda gəzdirdim, axırda qollarımın üstündə canını tapşırdı. Bir sözlə, əvvəldən çörəyim süpürgədən çıxır, ay oğul...”

Üzü həddindən artıq qırış olduğu üçün qarının hansı hisslər keçirməyi çöhrəsindən o qədər də hiss olunmurdu. Ancaq axırıncı sözlərindən sonra onun kövrəlməsini səsindən dərhal hiss etmək mümkün olurdu...

İlk dəfə olaraq qəribə hisslər keçirdim - heç bir kömək edə bilməyəcəyimi anladığım halda bir insanın həyati acılarına bu qədər qarışmağıma görə peşman idim...

Bir müddət elə dəhlizdəcə oturduğu stulda əllərini qoynuna qoyub, başını aşağı saldı, gözünü məchul bir nöqtəyə zillədi...

Çox maraqlıdır, nədənsə həyatları ağır ehtiyac içində, acı sürprizlərlə dolu olanlar onu başqasına danışanda çox utanırlar. Amma niyə? Bilmirəm... Əslində o danışdıqca mən özüm daha çox xəcalət çəkirdim. Çünki ondan sonra da başına gələnləri dinlədikcə elə bilirdim ki, bütün bunların günahkarlarından biri də mənəm... Axı mən də o yaşadığı dünyada, ölkədə, hətta şəhərdə yaşayıram...

- Bəs xadiməlikdən qazandığınız dolanışıq üçün bəs edirdi?

- Aclıq hər şeyi öldürər, amma insanı həmişə öldürə bilməz, bala... Elmlər Akademiyasında işləyəndə, məvacibdən başqa şöbə müdirləri, institut direktorları da kömək edirdi. Çətin də olsa, atasız üç uşağı belə böyütmüşəm. Qucağımda canını tapşıran yoldaşımı iyirmi il bu qazancla müalicə etmişəm. Ara qarışandan sonra da (1990-cı illəri nəzərdə tutur) elə burada - bu fakültədə xadiməyəm. 20 il olar...

- Oğlanlarınız böyüyəndən sonra işləyib kömək etmirdi?

- Edirdi. Amma bu da deyiləsi dərd deyil, bala... Böyük oğlum evlənməyindən iki il sonra 24 yaşında ürək tutmasından vəfat etdi. O biri oğlum da neçə illərdir türmələrdədir. Əvəzində mən onların ailələri üçün işləməli oldum. İndi böyük oğlumun uşaqları böyüyüb, özləri birtəhər başlarını saxlayırlar. Amma o biri oğlumun balalarına həyan olmaqla bərabər, hələ də yatdığı türmələrin qapılarını gəzirəm.

- Çoxdan həbsdədir?

- Birinci dəfə narkotik üstdə tutdular. İki il yarım yatandan sonra vaxtından tez buraxdılar. Amma bir az keçməmiş yenə tutuldu, 13 il aldı. İndi 1 il 3 ayı qalıb çıxmağına, 10 ildən çoxdur onun arxasınca türmələri gəzirəm.

Qeyd: Mən özüm 2005-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında müddətli hərbi xidmətdə idim. Xidmətimiz Cəzaçəkmə Müəssisələrinin mühafizəsindən ibarət idi. Bir gün 6 saylı Çəzaçəkmə Müəssisəsində keşikçi qülləsində keşik çəkərkən türmə qarşısında bir taksidən Gülsüm nənənin düşdüyünü görmüşdüm, “oxuduğum fakültənin xadiməsidir, burda nə işi var” deyə düşünmüşdüm. İndi söhbətimiz əsnasında bunu ona deyəndə oğlunun həmin cəzaçəkmə müəssisəsində yatdığını dedi.

- İkinci dəfə nə üstdə tutuldu?

- ...

Bir əli ilə üzünün yarısını tutub başını azca yana çevirir. Bir neçə dəqiqə belə qalır. Sonra bir az asta səslə dillənir:

- Utanıram deməyə, ay oğul... qurban sənə heç soruşma da... Bunu indiki zamanda heç kim etməzdi, o edib...

- O nədir ki, belə deməli deyil? Həyatdır, hamının səhv etməsi mümkündür...

- Oğlum... bu neçə ildə dilənib-dolanıb onun ardınca sürünmək mənə o qədər çətin olmayıb, amma hər dəfə kimsə onun nə üstdə tutulmağını soruşanda xəcalətimdən bu yaşımda yer axtarıram başımı ora soxam. Mənə oğlumun həbsi yox, onun etdiyi cinayət həmişə xəcalət verib...

Onun oğlunun nə üstündə həbs olunması artıq daha çox mənə maraqlı gəldi. Görəsən bu nə cinayətdir ki, Gülsüm nənə ömrü boyu bunun üçün xəcalət çəkir? Oğurluqdursa, bu o qədər qeyri-adi ola bilməz - indi əksəriyyət bu cinayəti edir. Narkotik, adam öldürmə və s. də artıq nadir hadisə deyil. Bəs görəsən bu nədir, çox maraqlıdır...

Yaşından çox yaşadığı məhrumiyyətlərin əksi sifətində aydın görünən bu qarının övladının törətdiyi cinayəti gizli saxlaması mənə maraqlı gəldiyi qədər həmin an ona daha çox əzab verirdi. Ona görə də Gülsüm nənəyə daha çox əzab vermək istəmədim, söhbətin səmtini dəyişməyə çalışdım...

Söhbət əsnasında Gülsüm nənə yarızarafat-yarıciddi dedi ki, özünü bu dünyadan çox o biri dünyanın sakini kimi hiss edir: “Mən bu dünyada hiss etmədim ömrüm hayandan gəlib hayana getdi. Həyatım yaxınlarımın əzablarına qatlaşmaqla keçib. Yəqin qismət belə imiş, Allah təala o biri dünyada mənə istirahət etməyə imkan verər (gülür)... Mən həmişə istəmişəm ki, balalarım, onların övladları arxayın yaşasınlar. Bu arzu ilə tək olsam da nə qədər çalışmışam, hələ də çata bilməmişəm. Üç balamın biri vaxtsız qəbirdə, biri az qala gözünü açandan zindanda, qızım da ki, ərə gedəndən sonra başı öz kasıblığına qarışıb. Mən yada düşmürəm. Özüm də hər ay süpürgəmdən çıxan 170 manata möhtacam”.

Qarı nənə həyatında yeganə ona xoş təsir bağışlayan hadisənin süpürgəçiliyi daha çox tələbələr olan yerdə etməsini danışır: “Hər gün eşitdiyim bir xoş söz məni yaşadır, oğul. Allah nəyi də verməsə, heç olmasa, bu yaşda onu mənə verib. Çoxları indiki cavanlardan şikayət edir. Amma vallah, mən elə deməzdim. 20 ildən çoxdur bu universitetdə, bu fakültədə xadiməyəm. Məsələn, 10 il əvvəlki cavanlarla müqayisədə indikilər daha gözüaçıq, mədəni olublar. Otuz il bundan qabaqkı gəncləri çox şey ilə aldatmaq olardı, indikiləri hər şeylə aldatmaq olmaz. O vaxtkı tələbə qızlarımız oğlanlara başqa cür yanaşırdılar, indikilər tamam başqa cür... Yəni, əvvəlki kimi deyil, maşallah olsun, qızlarımız da çox yerdə sözünü deyə bilir. Əvvəl qoltuğu kitablı qızlar az idi, indi çoxdur. Saysam, çox inkişaf var indiki cavanlarda, ay oğul... hamısı da bu süpürgəçi nənənin gözü qabağındadır...”

P.S. Söhbətimizin sonunda şəklini çəkməyə cəhd etdim. Elə birincini çəkmişdim ki, arvad təlaşlandı. Deyir, indi hər şeydən qorxur:

- Kimsənin heç nəyini istəmirəm, heç kimin də mənimlə işi olmasın. “İçəridəki”, məndən başqa arxası olmayan oğlumdan nigaranam...

Mübariz Aslanov
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120

Oxşar yazılar