Prezident “Kempinski Badamdar” otelinin açılışında iştirak edib
03 iyul 2011 00:02 (UTC +04:00)

Prezident “Kempinski Badamdar” otelinin açılışında iştirak edib

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Bakıda “Kempinski Badamdar” otel kompleksi Avropada və dünyada xüsusi imicə malik Kempinski otellər qrupunun standartlarına uyğun inşa edilib.

1897-ci ildə Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən Kempinski otellər qrupu dünyada ən böyük otel təşkilatının – Beynəlxalq Otellər Alyansının yaradıcısıdır. Kempinski otellər qrupu dünyanın 28 ölkəsində beşulduzlu 65 otelin sahibidir.

Paytaxtın Yasamal rayonunda Mikayıl Müşfiq küçəsində yerləşən “Kempinski Badamdar” otel kompleksi 2,5 hektar ərazini əhatə edir. Üç mərhələdə inşa edilən bu kompleksin ümumi sahəsi 84 min kvadratmetrdir. Ərazidə kompleks abadlaşdırma işləri aparılıb, müxtəlif çeşidli dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Kempinski Badamdar” otel kompleksi istirahət mərkəzi kimi də fəaliyyət göstərəcək. Otel kompleksi Heydər Əliyev Beynəlxalq Aeroportundan təxminən 30 kilometr məsafədə yerləşir. Kompleksin tikintisini “Gilan” MMC-nin sifarişi ilə “Gilan İnşaat” MMC aparıb.

Otelin birinci mərtəbəsində müxtəlif ofis və mağazalar fəaliyyət göstərəcək. Burada üç iclas salonu da yerləşir. İclas salonlarında işgüzar şəxslər müxtəlif tədbirlər keçirə bilərlər. Kompleksin 14-cü mərtəbəsində isə ən yüksək standartlara cavab verən otaqlar yerləşir. Prezident nömrəsi də məhz bu mərtəbədədir. Burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Oteldəki restoranlarda səhər, günorta və axşam yeməkləri çeşidbəçeşiddir. Restoranlarda yerli mətbəxlə yanaşı, dünyanın ən tanınmış mətbəxlərinin yeməkləri də müştərilərə təqdim ediləcək.

Otel kompleksindəki SPA və Sağlamlıq Mərkəzinin ümumi sahəsi 3,5 min kvadratmetrdir. Burada türk hamamı da fəaliyyət göstərəcək. Mərkəzdə müştərilərə müxtəlif növ masaj xidməti göstərmək üçün 25 otaqvar. Burada VİP masaj otağı da xüsusi zövqlü müştərilərin xidmətində olacaq. Mərkəzdəki yapon bağçasındakı 8 metrlik bütöv akvariumdakı müxtəlif növ balıqlar Yaponiyadan gətirilib.

Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik edib və Kempinski otelinin Azərbaycanda fəaliyyətə başlaması çox gözəl hadisə adlandırıb. Prezident deyib ki, Bakıda Kempinskinin açılışı, eyni zamanda, Azərbaycanın inkişafının göstəricisidir: “İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir”.

Prezident bu ilin Azərbaycanda “Turizm ili” elan edildiyini xatırladıb: “Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər var və biz bu imkanlardan istifadə etməliyik”.

Prezident bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açıldığını deyib: “Əlbəttə ki, ən gözəl otellər Bakı şəhərində fəaliyyətə başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı otel istifadəyə veriləcək. Onların içində birinci otel “Kempinski Badamdar” otelidir.

Bu, özlüyündə gözəl bir göstəricidir. Bir il ərzində bir şəhərdə beşulduzlu altı otelin, özü də ən məşhur otellər şəbəkəsinə mənsub olan otellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin inkişafı birinci mərhələdə idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, növbəti illərdə bu işlər bütün istiqamətlərdə daha da sürətlə aparılacaq”.

Prezident deyib ki, Kempinski otelinin Azərbaycanla bağlı başqa planları da var: “Bakıda, bəlkə də ölkəmizin digər şəhərlərində yeni təşəbbüslər irəli sürülə bilər. Hər halda, bu otelin fəaliyyətə başlaması Azərbaycanda otel biznesinə böyük təkan verəcək”.

Prezident Azərbaycanda xarici investisiyaların lazımi səviyyədə qorunduğunu deyib: “Həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti bundan ibarətdir. Bir daha təkrar edirəm Azərbaycanda həm yerli, həm xarici investorların sərmayələri lazımi səviyyədə qorunur. Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan uzun illərdir MDB məkanında birinci yerdədir. Təkcə keçən il Azərbaycan iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə yatırılıb. Hesab edirəm ki, bu il ölkəmizə qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə, Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar yaradılacaq”.

Prezident tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmiş Kempinski otel şəbəkəsinin Avropa üzrə prezidentini də salamlayıb.
Kempinski otellər qrupunun Avropadakı otellər şəbəkəsinin prezidenti Canni van Daalen mərasimdə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, sürətlə inkişaf edən Azərbaycanın böyük gələcəyi olacağına əminliyini vurğulayıb.
Canni van Daalen qeyd edbi ki, Kempinski otellər qrupu Azərbaycanda fəaliyyətə başlamaqdan məmnundur və bu əməkdaşlığın böyük perspektivi var. O bildirib ki, otel kompleksində yerli kadrların işlə təmin olunması və onların ixtisaslarını artırması daim diqqət mərkəzində saxlanılacaq. Canni van Daalen müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Prezident İlham Əliyev “Kempinski Badamdar” otel kompleksinin xatirə kitabına ürək sözlərini yazıb. Sonra prezident “Kempinski Badamdar” otel kompleksinin iqamətgahlar və ofislər binası ilə də tanış olub.
# 1925

Oxşar yazılar