Ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
03 iyul 2011 13:05 (UTC +04:00)

Ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

APA-nın məlumatına görə, imtahan Azərbaycanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada keçirilir. Orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi müəllimin iştirak etdiyi imtahana 247 imtahan rəhbəri cəlb olunub. İmtahanın gedişini 52 KİV nümayəndəsi də izləyir.

2011-ci ildə III qrup üzrə 32 869 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 29 529 nəfəri Azərbaycan, 3 min 340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9 270 nəfərini oğlanlar, 23 599 nəfərini isə qızlar təşkil edir. 17 538 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13 158 nəfər isə əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır, 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939-cu il, ən gənc abituriyent isə 1996-cı il təvəllüdlüdür.

Bakıda 23 326, Naxçıvanda 1991, Gəncədə 3791, Sumqayıtda 3761 abituriyent imtahan verir. İmtahan bütün binalarda eyni vaxtda – 11.00-da başlayıb və 3 saat ərzində aparılacaq.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19.00-da “Spase” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsi ilə öyrənə biləcəklər.
# 851

Oxşar yazılar