Gəncə şəhərinin rəqəmsal kadastr xəritəsi yaradılır
12 iyul 2011 17:32 (UTC +04:00)

Gəncə şəhərinin rəqəmsal kadastr xəritəsi yaradılır

Bu gün Gəncə şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin və Almaniyanın KfW Bankının cəlb etdiyi ekspertlərin iştirakı ilə Almaniya Hökumətinin dəstəyi ilə Gəncə və Şəkidə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin gedişatına dair seminar keçirilib.


Lent.az-ın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarda Dövlət Komitəsinin mərkəzi aparatının, Gəncə Şəhər İcra Hakimiyyətinin, yerli təşkilatların, bələdiyyələrin, komitənin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı Mərkəzinin, komitənin müvafiq regional bölmələrinin işçiləri, layihə üzrə Almaniya məsləhətçi şirkətinin ekspertləri iştirak ediblər.


Layihənin əsas məqsədlərindən biri torpaq sahələri və daşınmaz əmlakdan daha səmərəli istifadə edilməsi məqsədi ilə Gəncə şəhərinin mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılmasıdır. Bu layihənin həyata keçirilməsi nəticəsində daşınmaz əmlak sahəsində dövlət idarəçiliyinin səmərəliliyinin təmin edilməsi, şəhər planlaşdırılmasının və inkişafının təkmilləşdirilməsi, torpaq sahələri və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradılacaq. Bütün bunlar vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.


Gəncə şəhərində “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasına bu ilin iyun ayından başlanıb. Bu məqsədlə ilk olaraq almaniyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı texnologiyaları üzrə özəl şirkətin mütəxəssislərinə və yerli mütəxəssislərə treninqlər keçirilib. Artıq Gəncə şəhəri üzrə seçilmiş pilot ərazidə bina, tikili və torpaq sahələrinin ölçmə işlərinin aparılması həyata keçirilir. Ölçmə işlərində layihə çərçivəsində alınmış xüsusi proqram təminatı olan müasir geodezik cihazlardan və alətlərdən istifadə olunur.


Layihə çərçivəsində hazırlanacaq rəqəmsal daşınmaz əmlak kadastr xəritələri Gəncə şəhərində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı əhaliyə göstərilən xidmətin əsaslı şəkildə yaxşılaşdırılması, informasiya bazasının formalaşmasına, bu sahədə şəffaflığın və çevikliyin daha da artırılması istiqamətində mühüm vasitə olacaq. Hazırlanan rəqəmsal kadastr xəritəsindən istifadə əmlak bazarında münasibətlər dövriyyəsində vaxt itkisinin qarşısını alacaq. Bununla yanaşı, özəl torpaq sahiblərinin və bələdiyyələrin əmlaka dair məlumat bazası və kadastr xəritələri tamamilə yeniləşdiriləcək, onların mütəmadi tənzimlənməsi üçün sistematik yanaşmalardan istifadə ediləcək


Layihənin nəticəsində əldə edilən məlumatlar regionda dövlət və bələdiyyələr tərəfindən daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inzibatçılığı və idarə edilməsi istiqamətində əlverişli mexanizmlər yaradacaqdır. Layihə çərçivəsində kadastr məlumatlarının yaradılması və xəritələrin hazırlanması üçün aparılacaq ölçmə işlərinə özəl sektor cəlb olunur.

Ekspertlərin qənaətinə görə inkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübələri əsasında həyata keçirilən bu kimi layihələrin nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaqdır.
# 1273

Oxşar yazılar