İctimai Televiziya ilə “Euronews” arasında tarixi müqavilə imzalanıb
13 iyul 2011 19:11 (UTC +04:00)

İctimai Televiziya ilə “Euronews” arasında tarixi müqavilə imzalanıb

İTV-dən Lent.az-a verilən məlumata görə, müqaviləni hər iki telekanalın baş direktorları - İsmayıl Ömərov və Maykl Piters (Michael Peters) imzalayıb.

“Euronews”-un Parisin məşhur Şanzalize prospektində yerləşən ofisində İctimai Televiziya və “Euronews’ telekanallarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı baş direktor İsmayıl Ömərov bu sənədin imzalanmasını tarixi hadisə adlandırıb.

“Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malesani (Pier Luigi Malesani) müqavilənin qısa zamanda imzalanmasına baxmayaraq bunun heç də asan başa gəlmədiyini bildirib. Telekanallar arasında əməkdaşlığa dair danışıqların 6 ay əvvəl başlandığını deyən Pyer Luici Malesani bunun Azərbaycanı Avropa mediasına tanıtmaqda bir vasitə olduğunu bildirib. P.L. Malesani “Euronews” və İctimai Televiziyaları arasında əməkdaşlığın Avropa dəyərlərini Azərbaycanda, eyni zamanda Azərbaycan dəyərlərinin Avropada tanıdılmasına imkan verdiyini deyib. Baş direktor İ. Ömərov isə “Euronews”la əməkdaşlığın təkcə Azərbaycanda deyil, bütün regionda önəmli rol oynayacağını qeyd edib. O, bu kanalın böyük nüfuz sahibi olduğunu və auditoriyanın “Euronews”a inandığını deyib: “Bu əməkdaşlıq “Euronews”-u regionun telekanalı edəcək. Səmimi olaraq bildirmək istəyirəm ki, sizinlə proqram mübadiləsi hər iki telekanalın, xüsusilə də İctimai Televiziyanın auditoriyasının genişlənməsinə müsbət təsir edəcək. Siz də İctimai Televiziya ilə əməkdaşlıqdan çox məmnun qalacaqsınız”.

“Euronews” telekanalının baş direktoru Maykl Peters qeyd edib ki, İctimai Televiziya ilə imzalanan müqavilə onların fəaliyyəti dövründə tam yeni bir istiqamət müəyyən edir. O, belə əməkdaşlıq formatının dünyanın heç bir telekanalı ilə mövcud olmadığını, bunun məhz ilk dəfə olaraq Azərbaycanın ictimai yayımçısı ilə əldə edildiyini deyib. Maykl Peters bu əməkdaşlıq formatının digər telekanallarla əlaqələrin genişlənməsinə zəmin yaratdığını və bunun bir nümunə olduğunu bildirib. Baş direktor bu müqaviləni “Euronews” telekanalı üçün də əhəmiyyətli hesab edib.

Müqaviləyə əsasən, İctimai Televiziya “Euronews” proqramlarının Azərbaycanda eksklüziv yayım hüququnu əldə edir. İctimai Televiziyaya həmçinin “Euronews”un mövcud dillərdəki xəbər və ya analitik materiallarını yayımlamaq hüququ verilir. Bununla yanaşı hər iki telekanal arasında xəbər və kadr mübadiləsi həyata keçiriləcəkdir. “Euronews”un Gold Member (Qızıl üzvü) kimi İctimai Televiziya bu telekanalın xəbərlər xidməti ilə xüsusi əlaqələri olacaq, eləcə də “Euronews”un daimi müxbir şəbəkəsi ilə əməkdaşlıq həyata keçiriləcəkdir. Dünyada, həmçinin Azərbaycanda baş verən mühüm hadisələr zamanı “Euronews”un daimi müxbirləri və Ictimai TV arasında əməkdaşlıq ediləcək. Bununla yanaşı, Ictimai Televiziya xüsusi proqram təminatı vasitəsilə öz veb saytında yayım həyata keçirə bilər.

Parisdə iki telekanalın nümayəndə heyətləri arasında keçirilən görüşdə İctimai Televiziyanın işçi heyətinin qısa zamanda “Euronews”un Lyondakı baş ofisinə səfər etməsi və burada xəbər xidməti ilə tanışlıq barədə razılıq əldə olunub. İctimai Televiziyanın Baş direktoru İsmayıl Ömərov isə “Euronews” rəhbərliyini Bakıya dəvət edib və qısa müddətdə müqavilənin icrasına başlanılmasının önəmli olduğunu bildirib.
# 455

Oxşar yazılar