Bakıda 9 mərtəbəli yeraltı dayanacaqlar inşa olunacaq
14 iyul 2011 12:18 (UTC +04:00)

Bakıda 9 mərtəbəli yeraltı dayanacaqlar inşa olunacaq

Nəqliyyat Nazirliyi Azərbaycan paytaxtının müxtəlif ərazilərində avtomobillər üçün yeni dayanacaqların tikintisi üçün Nazirlər Kabinetinə müraciət edib.

Bu barədə «APA-ECONOMICS»ə nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Təkliflərə əsasən Bakının müxtəlif ərazilərində, o cümlədən mərkəz hissələri və girişlərində ümumilikdə 100-dək yeraltı avtomobil dayanacağının tikilməsi nəzərdə tutulur.

S.Məmmədov deyib ki, paytaxtda yeraltı dayanacaqların yaradılması təşəbbüsü ilə Nəqliyyat Nazirliyi çıxış edib. Bundan sonra Nazirlər Kabineti müxtəlif dövlət qurumlarına bununla bağlı məsələləri müzakirə edərək təklifləri hazırlamağı tapşırıb. İndi isə həmin təkliflər: “Biz bütün məsələləri öyrəndik və təkliflər hazırlayıb hökumətə təqdim etdik”.

Təkliflərə əsasən, şəhərin mərkəzi hissələrində 9 mərtəbəli yeraltı dayanacaqların, giriş hissələrində isə həm yerüstü, həm də yeraltı dayanacaqların tikilməsi nəzərdə tutulur. Bunların tikintisi üçün yerlər artıq seçilib, razılaşdırılıb və hökumətə təqdim olunan təkliflərdə göstərilib. Standart layihəyə əsasən tikiləcək 20 metr X 20 metr ölçülü dayanacaqlar 108 avtomobil tutumuna malik olacaqlar.

Hələlik bu dayanacaqların neçəyə başa gələcəyi dəqiq deyil, amma S.Məmmədov bu qiymətin optimal olacağını bildirib. Onun sözlərinə görə, şəhərdə tıxac probleminin həlli üçün dayanacaqlar hökmən yaradılmalıdır: “Xüsusilə də Azərbaycanda gələn il keçirilməsi nəzərdə tutulan “Eurovision” müsabiqəsi dövründə bu məsələ böyük problemlərə səbəb ola, hətta şəhərdə nəqliyyatın hərəkətini iflic edə bilər”.

Qeyd edək ki, oxşar problemlər 3 il əvvəl Moskvada keçirilən “Eurovision” müsabiqəsi zamanı yaranmışdı. Həmin vaxt yollardakı tıxac probleminin həlli və nəqliyyatın normal hərəkətinin təmin edilməsi üçün prezidentin müdaxilə etməsi lazım gəlmişdi.
# 627

Oxşar yazılar