DSMF-ə telefonla 58 818 müraciət ünvanlanıb
14 iyul 2011 13:28 (UTC +04:00)

DSMF-ə telefonla 58 818 müraciət ünvanlanıb

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli “190” nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən ümumilikdə 58 818 müraciət ünvanlanıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 60,4 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb.

Müraciətlərin 39,6 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Bu ilin ilk yarısında “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 54 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 17,6 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 28,4 faizi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Telefon məlumat xidmətinə daxil olan müraciətlər sırasında bu il iyulun 1-dən Azərbaycanda 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanaraq artırılmasını nəzərdə tutan dəyişikliklərlə bağlı suallar, əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığorta edənlərin, eləcə də sığorta olunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib.


Qeyd edək ki, telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici video çarx DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib.
# 527

Oxşar yazılar