Prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydaları təsdiqləndi
14 iyul 2011 13:50 (UTC +04:00)

Prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydada göstərilən maliyyələşdirmə məsələlərini Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirmək tapşırılıb.

Qaydada qeyd olunur ki, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:

- Bakı şəhərində - 47 manat;

- başqa şəhər və rayon mərkəzlərində - 33 manat;

- digər yaşayış məntəqələrində - 27 manat.

Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

- prokurorluq işçisinin ərizəsi (təqriri);

- Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən prokurorluq işçisinin qulluq etdiyi müvafiq prokurorluq orqanının yerləşdiyi ərazidə onun mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

- müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;

- xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması barədə arayış.

- Yeni xidmət yerinə gəlmiş prokurorluq işçisi kirayədə yaşaması barədə ərizə ilə (təqrirlə) müraciət etdikdən sonra bu Qaydanın 3-cü hissəsində göstərilən sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyinolunma günündən tez olmayaraq, prokurorluq işçisinin qulluq etdiyi prokurorluq orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.

- Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.

- Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası prokurorluq işçisinin kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərtilə ödənilir.

- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir.
# 527

Oxşar yazılar