Elmi ixtisasların yeni nomenklaturası hazırlanıb
14 iyul 2011 17:30 (UTC +04:00)

Elmi ixtisasların yeni nomenklaturası hazırlanıb

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, elmi ixtisasların yeni nomenklaturasının yaradılması “Elmin İnkişafı üzrə Milli Strategiya”da nəzərdə tutulub. Strategiya ilə bağlı həyata keçiriləcək Tədbirlər Planında Azərbaycandakı elmi ixtisasların UNESCO-nun ixtisaslarına uyğunlaşdırılması ilə bağlı bəndin olduğunu deyən A. Həşimov bildirib ki, yeni nomenklatura Rusiyadakı ixtisaslara da uyğunlaşdırılıb.


Onun sözlərinə görə, elmi ixtisasların yeni nomenklaturası Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hazırlanıb, AMEA və Təhsil Nazirliyi də bu prosesdə yaxından iştirak edib: “Hazırda bu sənəd Azərbaycan Nazirlər Kabinetində baxılma mərhələsindədir. Amma biz bu il doktoranturaya qəbulu bu nomenklatura ilə apara bilməyəcəyik. Bu il doktoranturaya qəbul köhnə nomenklaturadakı ixtisaslara uyğun aparılacaq”.

I vitse-prezident deyib ki, yeni nomenklaturadakı ixtisasların bəziləri dəqiqləşdirilib və ümumiləşdirilib, bəzi ixtisaslar isə yeni əlavə olunub.
# 775

Oxşar yazılar