Tanınmış macar türkoloq şəxsi kitabxanasının bir hissəsini Azərbaycana bağışlayıb
19 iyul 2011 19:41 (UTC +04:00)

Tanınmış macar türkoloq şəxsi kitabxanasının bir hissəsini Azərbaycana bağışlayıb

Macarıstandakı səfirliyimizdən Lent.az-a verilən məlumata görə, bu münasibətlə iyulun 19-da Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində kitabların təqdim olunması mərasimi keçirilib.

Nəcib hərəkətinə görə macar aliminə səmimi təşəkkürlərini bildirən səfir Vilayət Quliyev bu addımın iki ölkənin türkoloq-alimləri arasındakı əlaqələrin inkişafına mühüm töhfə olduğunu bildirib və Azərbaycanın elmi ictimaiyyəti adından akademik Georq Xazaiyə minnətdarlıq duyğularını çatdırıb.

Akademik Georq Xazai Budapestdəki Azərbaycan səfirliyi ilə sıx əlaqələrin nəticəsi və Azərbaycanı dünyanın mühüm türkoloji mərkəzlərdən biri hesab etməsinin təsiri ilə şəxsi kitabxanasının bir qismini Azərbaycan MEA-nın Əsaslı kitabxanasına bağışlamaq qərarına gəldiyini bildirib. O, kitabların öz həqiqi oxucularına çatacağına, azərbaycanlı alimlərə yeni tədqiqatlar üçün imkan və stumul yaradacağına ümid etdiyini vurğulayıb.

Akademik Georq Xazai 1932-ci ildə Budapeştdə doğulub. 1950-1954-cü illərdə Macarıstan paytaxtındakı ELTE universitetinin türkologiya bölümündə təhsil alıb. Elmi karyerasının başlanğıcında - 1956-1957-ci illərdə türk dilləri üzrə mütəxəssis kimi Sofiya universitetində çalışıb. 1962-1983-cü illərdə Berlindəki Humboldt universitetinin professoru, eyni zamanda Almaniya EA-nın Turan araşdırmaları qrupunun rəhbəri olub. 1992-1999-cu illərdə Kiprdəki Ağdəniz universitetinin Türkologiya bölümünə rəhbərlik edib. 2000-ci ildə Budapeştdə Andraşi universitetini qurub və ilk rektoru olub. O, 1982-ci ildə Macarıstan EA-nın müxbir üzvü, 1995-ci ildə isə həqiqi üzvü seçilib. Türkiyə Dil Qurumunun, Türkiyə Tarix Qurumunun, Avropa Akademiyasının (London), Amerika Şərqşünaslar Cəmiyyətinin həqiqi üzvüdür. Acta Orientalia Academiae Scientiarium Hungariae (Budapeşt), Archivum Ottomanicum (Visbaden), Bibliotheca Orientalis Hungaria (Budapest), Cahires d Etudes sur la Mediterranee Orientale et le Monde Turco-İranien (Paris), Journal of Turkish Studies (Kembric), Orientalische Literaturzeitung (Berlin), Studien zur Sprache, Geschichte und Kultur der Turkvolker (Freyburq), Turkology Annual (Vyana), Türk Dili Araşdırmaları (Ankara) kimi mötəbər elmi nəşrlərin baş redaktoru, redaksiya şurasının üzvü və fəal müəllifi olub. Müasir dövrdə Macarıstan türkologiya məktəbinin əksər uğurları onun adı və fəaliyyəti ilə sıx bağlıdır.

Macar aliminin Azərbaycanla əlaqələri 1950-ci illərdən başlanıb. Onun bir sıra məqalələri 1975-ci ildən etibarən Bakıda çıxan “Sovetskaya turkologiya” jurnalında dərc edilib. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə 2007-ci ildə professor Georq Xazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub.

Akademik Georq Xazai Budapeştdəki Azərbaycan Səfirliyi ilə yaxından əməkdaşlıq edir. 2006-cı ildən etibarən mütəmadi keçirilən “Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu” Beynəlxalq elmi konfranslarında Macarıstanla türk dünyasının əlaqələrinə həsr olunmuş maraqlı məruzələrlə çıxış edib. Səfirliyin təşəbbüsü ilə hazırda alimin türk dillərinin Avropada tədqiq olunmasının tarixindən bəhs edən monoqrafiyası nəşrə hazırlanır.

Akademik Georq Xazainin Azərbaycan MEA kitabxanasına hədiyyə etdiyi kitablar 1960-1990-cı illər arasında Türkiyədə, ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Bolqarıstanda və s. ölkələrdə türk, ingilis, fransız, alman dillərində çap olunan elmi əsərlərdir. Onların sırasına lüğətlər, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi-tənqidi mətnləri daxildir. Həmin dövrdə Azərbaycan kitabxanalarının orijinal xarici nəşrləri əldə etmək üçün ciddi maneələrlə üzləşdiyini nəzərə alsaq, bu kitabların tarixçilərimiz və türkoloqlarımız üçün mühüm bir boşluğu dolduracağını söyləmək mümkündür.
# 669

Oxşar yazılar