“5 dəqiqəsi 5 manat”, “50 dəqiqəsi 25 manat” kimi reklamlarla yaz-yay aylarında sosial şəbəkələrdə və gözəllik salonlarında tez-tez rastlaşmaq mümkündür. Yay mövsümü yaxınlaşdıqca “zaqar” bədənə sahib olmaq istəyənlərin sayı artır və bir çox qadın saatlarla günəş altında qalmaq əvəzinə solyari cihazlarına üstünlük verir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qısa zamanda qaralma effekti verən bu cihazlar ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Dermatoveneroloq Quba Rüstəmova Lent.az-a açıqlamasında bildirib ki, solyari qəbulu, hətta dəri xərçəngi də yarada bilər:

“Solyari səthi yanıq effekti yaradaraq dərini qurudur. Nəticədə dəridə qırışlar, həssaslıq, qabıqlanma, hətta yanıqlar əmələ gələ bilər. Bundan başqa, solyari qəbulu kumulyativ təsir göstərir. Yəni insan hər dəfə qəbul etdikcə ultrabənövşəyi şüaların təsiri dəridə toplanır və illər keçdikcə dəri xərçəngi riski daha da artır.
Solyaridən sonra qətiyyən günəşlənmək olmaz. Çünki dəri artıq ultrabənövşəyi şüalara məruz qalıb və daha həssas vəziyyətə düşür. Belə halda dəridə yanıq, ləkə və qıcıqlanma ehtimalı artır. Solyaridən sonra dəriyə xüsusi qulluq edilməli, nəmləndirici vasitələrdən istifadə olunmalı və bol maye qəbul edilməlidir”.
Həkim bəzi xəstəlikləri və ya sağlamlıq problemləri olan insanlar üçün solyarinin daha ciddi fəsadlar yarada biləcəyini də bildirib:
“Əgər pasiyentdə rozasea, hiperpiqmentasiya və ya damar genişlənməsi kimi problemlər varsa, solyari həmin xəstəlikləri daha da şiddətləndirə bilər. Bu zaman dəridə qızartı artır, damarlar iltihablanır və ləkələrin sayı çoxalır.
Həmçinin hormonal preparatlar, bəzi antibiotiklər və uşaqlıqdaxili spiral istifadə edən şəxslər də solyariyə qarşı daha həssas olurlar. Onlar dərinin ultrabənövşəyi şüalara qarşı reaksiyasını dəyişir. Nəticədə solyari qəbulundan sonra dəridə tünd piqment ləkələri yarana bilər. Bu ləkələri sonradan aradan qaldırmaq isə olduqca çətin olur”.