Bir çox evlər düzgün relyeftdə, yaşayış məntəqələrində inşa olunmasına baxmayaraq, bir müddət sonra onun bünövrəsində fəsadlar əmələ gəlir, daxili təmirində sökülmə, çürümə kimi hallar müşahidə olunur.
Bəs ev inşa edən zaman tikinti materiallarında nəyə diqqət etmək lazımdır? Yüksək qiymətli materiallar həmişə keyfiyyətdən xəbər verirmi?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Lent.az-a açıqlamasında bildirib ki, memarın hazırladığı işçi layihəsindəki materiallar istifadə olunsa, evin keyfiyyəti daha yüksək olar:

“Qanunvericiliyə əsasən, fərdi yaşayış evinin inşasında ilk növbədə onun tikiləcəyi torpağın çıxarışının olması, həmçinin çıxarışda “yaşayış məntəqələri torpaqları” təyinatı qeyd olunmalıdır. Bu halda həmin tikiləcək fərdi yaşayış evinin layihəsi memarlar tərəfindən çəkilir və aidiyyatı qurumlara icazələrin verilməsi ilə bağlı göndərilir.
Peşəkar memar tərəfindən inşa ediləcək evin kvadratına uyğun layihə, həmçinin əlavə işçi layihəsi hazırlanır. İşçi layihəsində istifadə olunacaq tikinti materialları qeyd olunur. Əgər layihədə evin ümumi həcminə uyğun materialları qeyd olunubsa, onlardan istifadə etdildikdə evin dözümlülüyü daha möhkəm olur”.
Ekspert qeyd edib ki, Abşeronda tikilən evlər heç bir normativə cavab vermir:
“Abşeron ərazisində gecəqondu adlanan, qısa müddət ərzində inşa olunan minlərlə, hətta onminlərlə fərdi yaşayış evləri var. Onların böyük hissəsinin bünövrəsi yoxdur, qurudulmuş göllər və ya bataqlıqlar üzərində inşa olunublar, tikinti normativlərinə cavab vermirlər. O tip evlər üçün zəlzələ, subasma, kiçik təkan digər mənzillərlə müqayisədə daha çox risklidir.
Ümumiyyətlə, bünövrəsi sağlam, dözümlü ev üçün onun tikiləcəyi torpaq sahəsi müayinə olunmalı, sərtliyinə və yaxud yumşaqlığına uyğun bünövrə tökülməlidir. O evlərdə gələcəkdə hərhansısa ciddi problemlər baş verə bilməz.
Bundan əlavə, zamanla evin daxili təmirində də - döşəmə, divar kağızları sıradan çıxa bilir. Təmirə xərclənən puldan asılı olmayaraq zamanla bu cür “kosmetik təmir”lərə ehtiyac duyulur. Bu baxımdan, vətəndaşlar fərdi yaşayış evləri inşa edərkən peşəkar memarlarla işləməli, işçi layihəsində qeyd olunan tikinti materiallarından istifadə etməlidirlər”.