Altı ay yolu bağlanan  qəsəbə: Sakinlər qışa necə hazırlaşırlar?
24 sentyabr 2026 15:07 (UTC +04:00)

Altı ay yolu bağlanan qəsəbə: Sakinlər qışa necə hazırlaşırlar?

0

Alyaskanın kiçik İql qəsəbəsində payızın gəlişi təkcə sərt soyuqlara hazırlıq demək deyil. Sakinlər qışda avtomobil yolu keçilməz hala düşdüyü üçün təxminən altı aylıq ərzaq ehtiyatı da toplamalı olurlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qəsəbədə yaşayan Oliviya Consun ailəsinin qış hazırlığından yazıb. Əri və dörd uşağı ilə birlikdə yaşayan qadın hər il ərzaq ehtiyatı toplamaq üçün təxminən 4 min dollar xərcləyir.

Altı aylıq ərzağı əvvəlcədən alırlar

Əhalisi 100 nəfərdən az olan İql ucqar yaşayış məntəqəsidir. Sərt qış başlayanda qəsəbədən avtomobillə çıxıb alış-verişə getmək mümkün olmur. Buna görə ailə sentyabrda bir neçə aylıq ət, kərə yağı, pendir, xama və uzun müddət saxlanıla bilən digər ərzaqları alır.

Oliviya lazım olan məhsulların miqdarını “Excel” cədvəli vasitəsilə hesablayır. Ehtiyatları aylar üzrə bölür, bir hissəsini isə gözlənilməz hallar üçün saxlayır.

Bununla belə, qəsəbə sakinlərinin xarici dünya ilə əlaqəsi tam kəsilmir. Həftəiçi günlərdə poçt təyyarəsi qəsəbəyə enərək zəruri ərzaqları çatdıra bilir. Lakin çatdırılma haqqı yükün çəkisindən asılı olduğu üçün bu üsul xeyli baha başa gəlir.

Tərəvəz yetişdirir, ov edirlər

Mağazalardan və bahalı hava daşımalarından asılılığı azaltmaq üçün Cons ailəsi ərzağın bir hissəsini özü yetişdirir. Həyətyanı sahədə kartof, kahı, şalğam və kələm əkirlər.

Ailə üzvləri ovçuluqla da məşğul olurlar. Ovdan əldə edilən ət qış boyunca əlavə qida mənbəyinə çevrilir.

Oliviyanın sözlərinə görə, bütün bunlar hansısa ərzaq tükənəndə və ya çatışmayanda ailəyə vəziyyətdən çıxmağa kömək edir.

Yol bağlansa da, həyat davam edir

Qışda qəsəbədə temperatur sıfırdan xeyli aşağı düşür, gündüzlər isə çox qısalır. Buna baxmayaraq, İqldə gündəlik həyat dayanmır.

Məktəblər işləyir, sakinlər bir-birinə qonaq gedir, oyun axşamları təşkil edir və xizəklə sürüşürlər. Birlikdə vaxt keçirmək uzun və sərt qışı daha rahat keçirməyə kömək edir.

Oliviya bildirib ki, ağır qış şəraitində insanların bir-birinə yaxın olması və ünsiyyət saxlaması xüsusilə vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar