Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.
Müraciətdən sonra hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri “Astara" dövlət sərhədi buraxılış məntəqəsində olaraq, mövcud vəziyyəti təhlil ediblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıxlıq, əsasən, İran İslam Respublikası tərəfində müşahidə olunur, ləngimələrə səbəb isə qarşı tərəfdə iş rejimindəki fasilələr və sərhədkeçmə proseslərində yaranan texniki məsələlərlə əlaqədardır.
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrində (Astara, Cənub-Astara, Biləsuvar) nəqliyyat vasitələrinin keçidi isə intensiv şəkildə təmin edilir, heç bir sıxlıq müşahidə olunmur.
Yeni istifadəyə verilmiş "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsi isə İran tərəfində təmir-tikinti işləri və texniki məsələlər yekunlaşmadığından tam gücü ilə fəaliyyət göstərə bilmir.