Azərbaycanda kimsəsizlər üçün Mərkəz yaradılır - EKSKLÜZİV
28 dekabr 2020 16:50 (UTC +04:00)

Azərbaycanda kimsəsizlər üçün Mərkəz yaradılır - EKSKLÜZİV

“Sığınacağa ehtiyacı olan insanların bizə müraciətlərini daha operativ cavablandırılması və prosesi sürətləndirmək üçün xüsusi, 7/24 fəaliyyət göstərəcək “Qayğı”  Çağrı Mərkəzinin yaradılması üzərində iş gedir. Amma indiki halda belə müraciətlər üçün əlaqə nömrəmiz və qaynar xəttimiz fəaliyyətdədir”.

 

Bunu Lent.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib. O, yaradılacaq Çağrı Mərkəzinin bu işləri qısa müddətdə və operativ olaraq həyata keçirəcəyini qeyd edib.

Son günlər paytaxtda müşahidə olunan soyuq hava şəraiti Bakıda evsiz insanların sığınacaq problemini yenidən gündəmə gətirdi. Havanın temperaturunun aşağı enməsi kimsəsiz, küçədə gecələyən insanların həyatını da təhlükəyə atır. Bununla yanaşı koronavirus təhlükəsi də onlar üçün ikiqat hesab oluna bilər. Hər kəsin evdə qalması məsləhət görülərkən, bəziləri küçədə yatmağa məcbur olurlar. Belə bir vəziyyətdə onların aqibəti necə olacaq?

Mövzumuzla bağlı ətraflı məlumat verən Murad Həşimov bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin “Həssas Əhali Qruplarından Olan Şəxslər Üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi məhz çətin həyat şəraiti ilə üzləşmiş, evsiz və kimsəsiz şəxslərin yerləşdirilməsi üçün fəaliyyət göstərir.

“Müəssisə 2017-ci ildə fəaliyyətə başlayıb. 2020-ci ilin 25 dekabrına olan statistikaya əsasən, sığınacaqda ümumilikdə qeydiyyatda olan 71 sakin yaşayır. Onlardan 22-i qadın, 49-u isə kişidir. Belə ki, “Çətin həyat şəraitində olan müəyyən yaşayış yeri olmayan şəxslərin Reabilitasiya Şöbə”sində 10 nəfəri qadın olmaqla, 42 sakin var.

 

“Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Reabilitasiya şöbə”sində 13 sakin var ki, onlardan 6 nəfəri qadın, 7 nəfəri kişidir”.

M. Həşimov qeyd etdi ki, karantin zonası kimi fəaliyyət göstərən şöbədə yerləşdirilənlərin sayı isə 16 nəfərdir:

“Bu sakinlərdən də 6-sı qadın 10-u kişidir. Məlumat üçün bildiririk ki, Covid-19 təhlükəsi ilə əlaqədar şəxslər müəssisəyə yerləşdirilməzdən əvvəl karantin şöbəsinə gətirilir. Burada lazımi yoxlamalardan keçirilir və 14 gün karantində saxlanıldıqdan sonra müəssisənin müvafiq şöbəsinə yerləşdirilirlər. Müəssisədə yerləşdirilən şəxslər gündəlik 3 dəfə qidalanma ilə təmin edilir və onlara digər zəruri xidmətlər göstərilir”.

Beləliklə, vətəndaşlar kimsəsiz, evsiz, çətin həyat şəraiti ilə üzləşmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı (012) 550 57 69  nömrəsinə və Nazirliyin 142 qaynar xəttinə müraciət edə bilərlər.

“Bir məsələni də vurğulayaq ki, hazırda belə müraciətlərin daha operativ cavablandırılması və prosesi sürətləndirmək üçün xüsusi, 7/24 fəaliyyət göstərəcək “Qayğı”  çağrı mərkəzinin yaradılması üzərində iş gedir. Yaxın vaxtlarda ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4630

Oxşar yazılar