Azərbaycanda peyda olan Amerika kəpənəkləri:  ağacları gəmirir
22 iyun 2026 17:00 (UTC +04:00)

Azərbaycanda peyda olan Amerika kəpənəkləri: ağacları gəmirir

0

Bölgələrdə və paytaxtın bir sıra ərazilərində yerləşən tut ağaclarına qurdlar daraşıb.

Bu gəmirici qurdların ağacların yarpaqları ilə qidalanaraq, onlara zərər verirlər.

Bəs görəsən, bu həşəratların adı nədir? Onlara qarşı hərhansısa tədbir görülürmü?

Lent.az-ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, Amerika ağ kəpənəyi adlanan bu həşəratlara qarşı intensiv mübarizə aparılır:

May ayının əvvəllərindən etibarən Aqrar Xidmətlər Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən Amerika ağ kəpənəyinin yayılma ehtimalı yüksək olan Lənkəran-Astara, Quba-Xaçmaz, Zaqatala-Balakən bölgələri və  Abşeron rayonu ərazilərində intensiv müşahidə və mübarizə aparılır. Həmçinin Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bölgələrdə maarifləndirici tədbirlər həyata keçirilir, zərərvericiyə qarşı mübarizəyə dair videoçarxlar hazırlanaraq yayımlanır. Amerika ağ kəpənəyi polifaq (çox yeyən) zərərverici hesab olunur və 230-a qədər ağac-kol və ot bitkisi ilə qidalanır. Zərərvericinin tırtılları tərəfindən yarpaqların kütləvi şəkildə yeyilməsi bitkilərin zəifləməsinə və nəticədə tamamilə məhv olmasına gətirib çıxarır. Zərərvericiyə qarşı yüksək səmərə əldə etmək üçün karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi tədbirlər sistemli şəkildə tətbiq olunmalıdır:

Qeyd edək ki, Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır. Dərmanlama kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə daha çox səmərə verir. Ağacların gövdə və skelet budaqları ölü qabıqdan təmizlənməli, əhənglənməli və bitki qalıqları məhv edilməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar