Əməkdar hüquqşünas İkram Kərimov APA-nın “Əsrin yaşıdı” layihəsində
Layihənin on beşinci yazısı
Dosye: İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.
Dörd kitab müəllifidir.
Lent.az həmin müsahibədən bir hissəni təqdim edir:
- İkram müəllim, siz onda bu ad-sana xələl gəlməsin deyə, qanunlara hər zaman əməl etmisiniz, pozmamısınız?
Mən sizə başqa əhvalat deyim. Televiziya və Radio Verilişləri Komitəsinin sədri Məmməd Murad bir əmrlə 140–a yaxın əməkdaşı işdən çıxarmışdı. Onların arasında tanınmış şəxslər də vardı: yazıçı Cəlal Bərgüşad, İsmayıl Ömərov, "Xəbərlər" redaksiyasının müdiri Mülatif Adurov, Firuz Vəlixanlı və sair. Çox adam var idi.

- Siz müstəqillik vaxtından danışırsınız?
- Əlbəttə. İşə ilkin Səbail rayon məhkəməsi baxıb onları vəzifələrinə bərpa eləmişdi. Məmməd Murad da qərarı icra etməkdən imtina edib şəhər məhkəməsinə şikayət vermişdi. Adətən işdən azadetmə ilə bağlı əmrlər kadrlar idarəsinin rəhbərliyinin əmri ilə rəsmiləşdirilir. Komitədə də kadrlar idarəsinin rəisi əvvəllər Bakı Şəhər Məhkəməsinin, Ali Məhkəmənin sədri olmuş şəxs idi, təqaüdə çıxandan sonra orada işləyirdi, özü də elm adamı idi, əmək hüququ üzrə ixtisaslaşmışdı. Biz o şikayətə baxırdıq. İşin xarakterini təhlil edən hakim mənə məruzə elədi. Adətən, hakimlərin işinə müdaxilə etməmişəm, amma məsləhətə də ehtiyacları olurdu, öz təşəbbüsləri ilə mənimlə məsləhətləşirdilər. Mənə məruzə elədilər ki, rayon məhkəməsi düzgün qərar qəbul edib. Həmən günü məni ölkə prezidenti otağına dəvət elədi.
Prezidentə dedim ki, çalışarıq qanunun aliliyini qoruyaq
- Prezident kim idi?
- Nə fərqi var? Söhbət prezidentdən getmir. Səhəri günü biz işə baxacağıq. Bunu birinci dəfədir sizə danışıram. Otaqda xeyli adam var idi. Yaqub Məmmədov da orda idi. O vaxtı Milli Məclisin...
- Parlamentin sədri idi.
- Hə. Orada aşkaranə surətdə mənə deyildi ki, o iş üzrə Televiziya Komitəsinin mövqeyi qorunub saxlanılmalıdır. Durub necə deyəsən, yox, eləyə bilmərəm? İş mənim icraatımda deyil, hakimlərin icraatındadır. Yaxud necə deyəsən ki, baş üstə? Hakimlərin də əvəzinə mən öhdəlik götürə bilmərəm, imzanı onlar çəkir, mən çəkmirəm. Belə cavab verdim ki, çalışarıq qanunun aliliyini qoruyaq. Mən Prezident Aparatından çıxanda gördüm ki, Komitənin 40-a yaxın əməkdaşı başda İsmayıl Ömərov olmaqla şlaqbaumun qabağında tonqal qalayıb oturublar. Məni görüb dedilər, İkram müəllim, sabah işə baxılacaq, sən də Prezident Aparatından çıxırsan, yəqin sənə deyiblər bizim əleyhimizə qərar çıxar. Təbii ki, mən onlara həqiqəti deyə bilməzdim. Ancaq eyni zamanda mənim bir xarakterim də var idi ki, mənə olan təzyiqi hakimlərə bildirmirdim. Ola bilər ki, hakimlər o təzyiqi bilib, özləri də təsirə düşüb, bilavasitə olmasa da əks qərar verərlər. Ertəsi günü səhər məhkəmə prosesi başlamazdan öncə nəzarət şöbəsinin müdiri mənə dedi ki, Komitədən kadr idarəsinin rəisi nümayəndə kimi gəlib. Bayaq dediyim şəxs. Mən tez onunla rastlaşmamaq üçün tapşırdım ki, ona otaq ayırın, çay verin, yəqin ki, işlə tanış olmaq istəyir, olsun. Bir problem də var idi ki, işə baxan hakimlər vaxtilə onun tabeliyində işləmişdilər, onun təqdimatı əsasında da hakim olmuşdular. İndi onlar bu işə baxmalı idilər. Eyni zamanda da həmin adam onlara bildirməyə gəlmişdi ki, sədrinizə Aparatdan tapşırıq verilib. Məruzəçi hakim gəlib mənə dedi ki, İkram müəllim, sizə bu iş haqqında bir söz deyilib? Dedim yox, heç bir söz deyilməyib. Çıxıb getdi. Təbii ki, o gedib bu sözü nümayəndəyə çatdırıb, nümayəndə də deyib ki, yox, elə şey olar? Sədrinizə tapşırılıb. Hakim ikinci dəfə yanıma gələndə - bayaq soruşdunuz, İkram müəllim, işdə sərt olmusunuz, bəzən vəziyyətin özü insanı sərt olmağa vadar edir - mən həmin hakimə acıqlandım ki, siz dünən işi öz təşəbbüsünüzlə məruzə elədiniz? Dedi hə. Soruşdum, nə dediniz? Dediniz ki, qanuni qərardır, qüvvədə saxlayacağıq? Cavab verdi, hə. Dedim, onda gedin, işinizə baxın, mənə heç kəs bir söz deməyib. Əlbəttə müəyyən tonda, sərtlikdə sözümü ifadə etdim.
- Və qərarı qüvvədə saxladınız.
- Hövsələn olsun da (yüngülcə mənə də acıqlanır). Saxladıq. Məmməd Murad onları bərpa eləmədi. Dedi, mənim qəbrimin üstünə gəlsələr də, bərpa etməyəcəm. Bilirsiniz, dövlət o vaxtı güclü olur ki, onun məhkəmə qərarları icra olunur. Məhkəmə qərarları dövlətin adından qəbul edilir. Biz məhkəmə qərarının icra olunmamasına görə cinayət işi qaldırdıq. Materialları Respublika prokurorluğuna göndərdik, orada istintaq olundu, Məmməd Murad cinayət məsuliyyətinə cəlb edildi, iş göndərildi bizə, biz onu məhkum elədik, Məmmməd Murad işdən azad olundu, yerinə Məmməd İsmayıl təyin edildi. Və o, qərar icra olundu.