Bakı məktəbində valideynlər arasında İNSİDENT  - YENİLƏNİB
01 mart 2024 17:19 (UTC +04:00)

Bakı məktəbində valideynlər arasında İNSİDENT - YENİLƏNİB

Bakıda valideynlər arasında insidentə rəsmi münasibət bildirilib. 

Məktəbdən Lent.az-a verilən məlumatda bildirilir ki, fevralın 29-da 6-cı və 7-ci siniflərin iki şagirdi (müvafiq səbəbdən şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlığa sonradan müdaxilə edən valideynlərdən biri digər şagirdlə mübahisə edib.

Məsələyə dərhal müəllimlər müdaxilə edib. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, şagird və valideynlərlə söhbət aparılıb.

Övladına qarşı münasibətdən narahatlıq keçirən digər valideyn isə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Qeyd edək ki, məktəbdə uşaqların təhlükəsizliyinin təmin olunması, uşaqların psixoloji zərər görməməsi və məktəb-valideyn əməkdaşlığının inkişafı daim diqqət mərkəzində saxlanılır, davamlı zəruri maarifləndirmə işləri görülür.

***

saat 15:30

Bakı məktəbində daha bir şagird-valideyn qalmaqalı yaşanıb.

Bu barədə Lent.az-a zərərçəkmiş şəxsin valideyni Seymur Musayev məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın Əhmədli qəsəbəsidə yerləşən məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 6-cı sinfində oxuyan T. M. 7-ci sinifdə oxuyan Z.Q. arasında mübahisə yaranıb. S. Musayevin iddiasına görə, Z.Q.-nın anası məktəbə gələrək, hər kəsin gözü qarşısında onun oğluna şiddət göstərib:

"Övladlarımız arasında mübahisə yaranıb. Z.Q-nın anası məktəbə gəlib, uşaqların, müəllimlərin içərisində mənim oğlumun yaxasından tutub, divara çırpıb. Övladımı polisə salmaqla hədələyib. Deyib ki, mən bloqqerəm sizi tutduraram. Uşaq qorxusundan evə gəlib bizə deməyib. Bacısına deyəndən sonra məsələnin üstü açıldı. Məktəbə getməyə qorxurdu. Mən də getdim məktəbə. Qadına dedim ki, övladımın könlünü al. Valideyndi, uşaqların içində pis etmək istəmədim. Amma razılaşmadı. "Mən bloqerəm, nə istəyirsiniz edin. Sizi çəkib biabır edərəm" dedi".

Seymur Musayev bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib:

"Onun elə danışığından sonra 34-cü polis bölməsinə gedərək ərizə yazdım. Daha sonra, "102" xəttinə məlumat verdim. Mənim övladıma belə şiddət göstərməyə onun haqqı yoxdu. Bizi bloqqer olması ilə qorxudur". 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Lent.az-a bildirdi ki, məsələ ilə bağlı polisə müraciət olunub.

Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Məsələyə məktəbdən münasibət öyrənmək mümkün olmayıb. 

# 8748
avatar

Fidan İlqar

Oxşar yazılar