Rövşən Tağıyev
29 dekabr 2025 10:30 (UTC +04:00)

Rövşən Tağıyev

"Bayram təhlükəsizliyi yollardan başlayır" - DYP rəsmisindən ÇAĞIRIŞ

0

"Bayram təhlükəsizliyi yollardan başlayır".

Bunu Lent.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev deyib.

O qeyd edib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təəssüf ki, yollarımızda yenidən ağır yol-nəqliyyat hadisələri qeydə alınır:

"Müşahidələr göstərir ki, bu qəzaların əksəriyyəti sürücülərin, piyadaların və digər yol hərəkəti iştirakçılarının məsuliyyətsiz davranışı, tələskənliyi və diqqətsizliyi nəticəsində baş verir.

Təəssüflər olsun ki, məhz bayram günlərində baş verən yol-nəqliyyat hadisələri bəzi ailələr üçün ömürlük kədər deməkdir. Həmin ailələr üçün Yeni ilin gəlişi artıq bayram yox, hər il yenidən xatırlanan acı bir tarixə çevrilir.

Unutmamalıyıq ki, yolda etdiyimiz hər bir hərəkət yalnız öz həyatımızı deyil, evdə bizi gözləyən sevdiklərimizin də taleyini müəyyənləşdirir. Sükan arxasında yol verilən məsuliyyətsizlik geri dönüşü olmayan, ağır və ölümcül nəticələrə səbəb ola bilər.

Bu gün yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də vicdan məsələsidir. Əgər hər birimiz bu əlamətdar günləri sağ-salamat qarşılamaq, bayram sevincini ailəmizlə birlikdə yaşamaq istəyiriksə, qaydalara qeyd-şərtsiz əməl etməli, digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalıyıq.

Unutmamalıyıq ki, qayda pozan və qəza törədən bəzən biz ola bilərik, lakin bunun nəticəsində həyatını itirənlər çox vaxt günahsız insanlardır. Buna görə də “avtomobil mənimdir, istədiyim kimi sürərəm” düşüncəsindən uzaqlaşmalı, yolların hamı üçün olduğunu bir an belə yaddan çıxarmamalıyıq.

Gəlin bu bayram günlərində yollarda tələsməyək, risk etməyək, bir anlıq diqqətsizliklə ömürlük peşmanlığa yol verməyək. Bayramlar itkilərlə deyil, sevinclə xatırlansın.

Bayramınız təhlükəsiz olsun!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar