Bəşəriyyət təhlükə   altındadır - Nobel mükafatı laureatından qorxulu proqnoz
26 may 2026 10:50 (UTC +04:00)

Bəşəriyyət təhlükə altındadır - Nobel mükafatı laureatından qorxulu proqnoz

0

Nobel mükafatı laureatı, fizik Devid Qross bəşəriyyətin yaxın onilliklərdə qlobal fəlakətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alim dünyada qeyri-sabitliyin artdığını və xüsusilə nüvə müharibəsi riskinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək həddə çatdığını bildirib.

Qrossun sözlərinə görə, soyuq müharibənin başa çatmasından sonra ekspertlər nüvə qarşıdurması ehtimalını ildə təxminən 1 faiz səviyyəsində qiymətləndirirdilər. Hazırda isə o, bu göstəricinin illik 2 faizə yaxınlaşdığını düşünür. Bu isə hər il təxminən 50-də 1 ehtimal deməkdir.

Alim hesab edir ki, belə dinamika uzunmüddətli sabitliyi sual altına qoyur. Onun fikrincə, mövcud tendensiyalar davam edərsə, XXI əsrin ortalarına doğru kritik mərhələ yarana bilər.

Devid Qross beynəlxalq münasibətlərdə gərginliyin artmasının da ciddi təhlükə yaratdığını vurğulayıb. O bildirib ki, silahlara nəzarətlə bağlı müqavilələrin zəifləməsi və böyük dövlətlər arasında qarşılıqlı etimadsızlığın dərinləşməsi səhv qərar və eskalasiya riskini artırır.

Fizik süni intellekt texnologiyalarının sürətli inkişafını da əlavə risk faktorlarından biri kimi qiymətləndirib. Onun sözlərinə görə, əvvəllər insanlar tərəfindən qəbul edilən qərarların artıq avtomatlaşdırılmış sistemlərə həvalə olunması təhlükəsizlik sahəsində gözlənilməz nəticələrə səbəb ola bilər.

Tədqiqatçılar qlobal təhlükənin göstəricilərindən biri sayılan “Qiyamət Saatı”nı da xatırladıblar. Hazırda həmin saatın əqrəbi şərti “gecə yarısına” 85 saniyə qalmış vəziyyətdədir ki, bu da əvvəlki illərlə müqayisədə daha təhlükəli göstərici hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar