Hüseynov qardaşları
17 dekabr 2020 16:25 (UTC +04:00)

Hüseynov qardaşları

Bir ailədən döyüşə yollanan üç təyyarəçi: “...onların borcu idi”

Bu ailəni indi bütün ölkə tanıyır. Tovuz rayonunu Dondar Quşçu kəndidən olan Hüseynovlar ailəsini. O Hüseynov ailəsi ki, bu ailədə böyüyən dörd qardaşın hər biri Vətən müharibəsinə yollanıb və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşüb. Dörd igid, qəhrəman, qorxmaz oğul böyüdüb Mahir dayı.

 

“66 yaşım olduğuna baxmayın, mən də elə onlarla böyümüşəm” deyir, həmsöhbətimiz:

 

- Vallah bala, elə narahat idim ki. Çox şükür dördü də salamatdı. İndi də evə gələcəkləri günü gözləyirik. Özüm ibtidai sinif müəllimiyəm. Həyat yoldaşım Lətifə xanım da riyaziyyat müəllimidir. Uşaqlarımıza həm müəllim, həm də valideyn olmuşuq. Mən isə onlarla həm də bir dost.  Hər şeyi rahat müzakirə edə bilmişik. 4 oğul bilirsən nə deməkdi? Qardaş, ata, dost, hər şey”.

 

Müəllim ailəsində böyüsələr də, uşaqların dördü də hərbçi olmağı seçir. Bunun əsas səbəbkarı da elə ataları Mahir kişi olur. Çünki Mahir Hüseynov özü I Qarabağ müharibəsinin döyüşçüsü olub:

 

- Bizim rayon da müharibə bölgəsi olub. Mən də müharibədə gördüyüm hər şeyi elə  onlara danışmışam. 5 il döyüşmüşəm. Gəlib evdə danışardım onlara. Ona görə də uşaqlar vətənpərvərlik ruhunda böyüyüblər. Camaatın uşaqları oyuncaq maşın, velosiped istəyəndə, bunlar taxtadan silah düzəldib dava-dava oynayırdılar.  

 

 

Mahir müəllim gəncliyində təyyarəçi olmaq istəyib. Amma həyat elə gətirib ki, özü təyyarəçi ola bilməsə də, evində 3 təyyarəçi böyüdüb. Oğlanları Səməd, Elnur və Kamran hərbi təyyarəçilik üzrə təhsil alıblar. İkinci oğlu Afiq isə müddətdən kənar xidmət edən hərbi qulluqçudur. Qardaşlardan üçü - Səməd, Elnur və Afiq ailəlidirlər. Səməd və Elnurun hərəsinin bir oğul, bir də qız övladı var. Afiq isə 3 oğul atasıdır. Evin son beşiyi Kamrandır.

 

Söhbətimizi Mahir müəllimin həyat yoldaşı Lətifə xanımla davam etdirdik. Lətifə xanım deyir ki, uşaqları, xüsusilə də 25 yaşlı Kamran atasının arzusunu həyata keçirib təyyarəçi olduğuna görə, hər yerdə fəxrlə danışır:

 

- Uşaq olanda elə ki, göy üzündə təyyarə görürdülər sevinclərindən atılıb-düşürdülər. Oyun oynayanda da təyyarəçi olurdular. O qədər ataları ilə bu barədə söhbət edirdilər ki...

 

Müharibə başlayan gündən Lətifə xanımın gözü yollarda olub:

 

- Hər bir valideyn kimi biz də narahat olub həyəcan keçirirdik. Bu, onların borcu idi, bunu da bilirdik. Torpaqlarımız azad edildi. Ordumuz tarix yazdı. Və şükür Allaha ki bu tarixi yazanlar arasında mənim də balalarım var…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4117

Oxşar yazılar