Çiyələyi şəkər olmadan  bankada qışa saxlama  üsulu
13 may 2026 11:07 (UTC +04:00)

Çiyələyi şəkər olmadan bankada qışa saxlama üsulu

0

Təzə giləmeyvələrin, xüsusilə çiyələyin uzun müddət saxlanması adətən şəkərlə əlaqələndirilir. Lakin mütəxəssislər bildirir ki, şəkərdən istifadə etmədən də çiyələyi bankalarda uzun müddət təzə saxlamaq mümkündür.

Lent.az bu üsullar barədə xarici mediaya istinadla xəbər verir. 

Sadə konservləşdirmə üsulu - su vannasında pasterizasiya və limon şirəsindən istifadə çiyələklərin həm formasını, həm də dadını qorumağa kömək edir. Bu üsulla hazırlanan çiyələk sonradan desertlərdə, blinçiklərdə, piroqlarda və gündəlik yeməklərdə rahatlıqla istifadə oluna bilər.

Məlumata görə, bu üsuldan istifadə edənlər çiyələyi illərlə keyfiyyətini itirmədən saxlaya bilirlər. Bununla belə, qida məhsullarının konservləşdirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət etmək vacib hesab olunur.

Bu üsulu tətbiq etmək üçün əvvəlcə çiyələklər diqqətlə yuyulmalı və yalnız sağlam, bərk giləmeyvələr seçilməlidir. Daha sonra əvvəlcədən sterilizə olunmuş bankalara yerləşdirilir.

Hər bankaya təxminən 3 xörək qaşığı limon şirəsi əlavə edilir. Limon şirəsi burada sadəcə dadverici deyil, həm də təbii konservant rolunu oynayır. Ardınca bankalara su əlavə edilərək çiyələklər tam örtülür.

Bankaların ağız hissəsi təmizlənir və qapaqlar möhkəm bağlanır. Daha sonra qazanın dibinə parça sərilərək bankalar yerləşdirilir və su qapaqlara qədər doldurulur. Su qaynadıqdan sonra bankalar təxminən 30 dəqiqə pasterizə edilir.

Proses başa çatdıqdan sonra bankalar eyni suda tədricən soyumağa qoyulur. Sərinləndikdən sonra isə qaranlıq və sərin yerdə saxlanılır.

Mütəxəssislər qeyd edirlər ki, bu üsul həm praktik, həm də qənaətlidir və şəkərsiz sağlam qış tədarükləri üçün yaxşı alternativ hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar