Cümşüdün faciəsi təkcə onun yaxınlarını yox, hamımızı sarsıtdı. Videogörüntülərə baxıb, gözlərimizə inanmaq istəməsək də, reallığı qəbul etməkdən başqa çarəmiz qalmadı.
Rəsmi qurumlar açıqlamalar versələr də, hələ də, bəzi suallar insanı narahat edir. Sanki işin bir hissəsi hələ də havada qalıb.
Baş Prokurorluqdan bildirildi ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Özlüyündə məsul qurum da qeyd etdi ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.
Yalnız məsul qurumun cavabı ilə kifayətlənməyib, sahibkardan və ərazidə çalışanlardan da hadisə barədə məlumat almaq üçün Lent.az-ın əməkdaşı çöküntü olan həmin yerə getdi.
Yolboyu bir çox yerdə qazıntı işlərinin aparıldığına, toz-torpağın az qala asfaltı örtdüyünə şahid olduq. Hadisə yerinə çatanda kanalizasiyanın ağır qoxusu rəsmən nəfəs almağa imkan vermirdi. Cümşüdün ölənə qədər bu qoxu ilə necə mübarizə apardığını düşünüb, bir anlıq fikrə getdik...
Əvvəlcə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşlarına yaxınlaşıb, hadisə barədə məlumat aldıq. Məsul qurumun işçisi bildirdi ki, kollektorun üzərində çökmə baş verəndə, onlar həmin riskli ərazini çəpərləyib, gediblər.
Lakin Cümşüdün kollektora düşdüyü videogörüntülərdə ətrafda yalnız 1-2 çəpərin olduğu görünür.
Bəs çəpərləri kim söküb? Həqiqətən 4 bir tərəf çəpərlənmişdimi?
Bu suallara cavab almaq üçün 4-5 metr aralıqda olan tikinti malları satılan yerə üz tutduq. Həmin yerə getmək üçün isə kollektorun təzəcə təmir olunmuş hissəsindən keçməli olduq. Hər iki tərəfindən kanalizasiya suları axan, ortası isə maksimum 40-50 sm-lik körpüyə bənzər yerdən keçərək, mağazaya yaxınlaşdıq. Soruşduq ki, bəs Cümşüdün ölümünün başlıca səbəbi ərazidə lazımi sayda çəpərləmənin olmaması olub? Qurumun məlumatına görə, buraya lazımi sayda dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar. Həqiqətən də iddialar doğrudurmu?
Sahibkar Asif Həbibov bildirdi ki, nə nişanları, nə də dəmir məhəccərləri ərazidən götürməyiblər: “Bütün faktlar, kamera görüntüləri, yaddaş disklə birlikdə prokurorluğa təhvil verilib. Məsul qurum çöküntü olan kollektorun üzərinə nişanlar, məhəccərlər qoymamışdan əvvəl biz özümüz maneə ola biləcək dəmirlər yerləşdirmişdik ki, nə avtomobil, nə də ki, kimsə ehtiyatsızlıqdan çuxura düşməsin.
İdarədən gələnlər nişan lentlərini mənim qoyduğum maneələrin üzərinə bağlayıb, 1-2 də dəmir məhəccər qoyub getdilər. Halbuki onlar bizə deməli idilər ki, maneələrinizi götürün, biz quruma məxsus məhəccərlər yerləşdirəcəyik. Amma bunu etmədilər”.
Sahibkardan “siz dəmir maneələrinizi götürdükdən sonra qurumdan gəlib baxan olmadımı, ərazinin yarısının açıqda qaldığını görmədilərmi” deyə, soruşduq.
Cavab belə oldu:
- Mənim yerləşdirdiyim maneəni görüb, daha az məhəccər yerləşdirib, getdilər. Onlar məhəccər qoyandan sonra mən özümə məxsus maneələri (dəmirləri) götürdüm. Götürdükdən sonra isə ərazinin bəzi hissələri boş qaldı.
- Bəs siz niyə götürürdünüz öz qoyduqlarınızı?
- Həmin qoyduğumuz dəmirlər bizə lazımdır. Biz onları satırıq. Sadəcə, qurumdan səs-soraq çıxmadığı üçün onlar gəlmədən yerləşdirdik ki, qanqaraçılıq olmasın.
- Cümşüdün çuxura düşdüyü görüntülərdə, ümumiyyətlə, məhəccər sayı demək olar ki, görünmür...
- Biz çuxurların üzərini örtmək üçün taxtalar qoymuşduq.
- Cümşüd yıxılanda siz işdə idiniz?
- Biz işdən saat 5-6-da gedirik. Ona görə, burada yox idik.
Söhbətimizə hadisə yerindəki sürücü (Rəşad İmanov) də qoşuldu:
- Bizə xəbərdarlıq etdilər ki, malları (tikinti materiallarını) yığışdırın, sabah gəlib, qazıntı edəcəyik. Elə həmin gün də mallar yığışdırıldı. Lakin 2 ay ərzində nə gələn oldu, nə gedən. İki aydan sonra da Cümşüd düşdü kollektora. Çox heyif, Cümşüd düşməsə idi bəlkə də, hələ də gəlib buranı təmir etməyəcəkdilər.
- Deyirlər buradan iritonnajlı maşınlar keçdiyi üçün kolektorun üzəri çöküb...
- Beton 1 oğlanı saxlaya bilmirsə, ora biz necə tikinti malları yığa bilərik ki?
- Bu taxta-şalbanlar buraya necə daşınıb?
- Tikinti materialları buraya çoxdan gəlib. Bunların son aylarla əlaqəsi yoxdur. Yol isə 5-6 aydır çöküb.
Bir qədər aralıda kollektorun üzərində avtomobilin dayandığını görürük. Bayaq bizlə danışan sürücü bildirir ki, hər an ora çökə bilər. Kim zəmanət verir ki, həmin yer sağlamdır? Bura bu vəziyyətdədirsə, gör ora necədir...
Rəşad İmanov qeyd edir ki, əlacsızlıqdan orada yük maşını da saxlayıblar: “Təhlükəsizliyimizə kim zəmanət verəcək?”
"İki il bundan əvvəl “Volqa” markalı avtomobil bir neçə metr o tərəfdə kollektora düşmüşdü. Ora düz asfaltın ortasıdır”,- deyə tikinti malları satılan ünvandakı fəhlələr bildirdi.
Sahibkar Asif Həbibov qeyd etdi ki, 4-5 dəfə İşi Şəhərlərin Su Təchizatı Xidmətinə müraciət ediblər: “Dedik ki, gəlib çökən ərazini düzəltsinlər. Arada yalandan da deyirdik ki, adam düşür ora, nə zaman təmir edəcəksiniz? Ümidimiz o idi ki, belə desək, gəlib baxarlar. Amma kafi”.
Sürücü Rəşad qeyd edir ki, biz ifunət qoxusundan otura bilmirdik, əziyyət çəkirdik: “Zəng edirdik ki, kömək edin, biz də insanıq. Həm yol çöküb, həm də qoxu yayılır. Çay içib, çörək yeyirik. Bilmirik yediyimiz-içdiyimiz nədir. Adam da kanalizasiyanın içində yaşayar?”
Ətrafımıza toplaşan sahibkar, sürücülər, fəhlələr diqqətlə bizi izləyir. Biz də onlardan soruşduq ki, siz burada çalışırsınız, indi hadisə olub, məhəccərlərin sayı çoxalıb, bəs Cümşüd oraya düşəndə niyə 2-3 məhəccər var idi?
Ümumi cavab belə oldu: “Məhəccərlərin sayı azalmayıb. 5 məhəccər qoyurlar. Yolun bir üzü çökür 3-ün götürüb aparırlar, o üzü çökür 2-sini aparırlar ora. Bu cür məhəccər qalar hardasa? Hər yer bərbat gündədir. Sonra yerinə əlavə dəmir məhəccər qoymurlar”.
Ətrafdakılar indi bizə sual verir: “Bu hadisədən əvvəl niyə 1 nəfər yox idi burada? Yaddan çıxıb, qara siyahıya atılmışdı elə bil bu ərazi. İndi niyə hamı gəlib, əl-ayağa düşür? Bura baxın, 2-3 günə düzəldirlər, amma biz aylarla gözlədik, öz dilimizlə dedik, gəlin, təmir edin, kimsə düşəcək. Bir nəfər də gəlmədi. Bu gün-sabah, bu gün- sabah edə-edə qaldı. Bütün danışıqları çıxartdırın, görün neçə dəfə quruma zəng etmişik? Gərək kimsə öləydi?”
Sahibkara xatırlatdıq ki, axı sizlərə dəfələrlə bildirilib ki, ərazidən iritonnajlı maşınlar keçməməli, kollektorun üzərinə tikinti materialları qoyulmamalıdır.
Sahibkarın yerinə sürücü cavab verir:
“Elə bir şey olmayıb. Bizə xəbərdarlıq gəlsə, özbaşına hərəkət etmərik. Əgər biz onların xəbərdarlıqlarına məhəl qoymamışdıqsa, onda niyə yuxarı orqanlara bizi şikayət etmirdilər”.
Bizi maraqlandıran suallardan biri də bu idi - görəsən, Cümşüdün çuxura düşməsi ilə bağlı polisə kim məlumat verib?
Ətrafdakıların cavabı belə oldu:
- O düşəndə fəhlələr səsini eşidib. Kömək istəyirmiş. Digər tərəfdə də çöküntü olduğu üçün səsi digər çuxurdan aydın eşidilirmiş. Amma bu qoxuyla, qazla maksimum o, 1 dəqiqə həyatda qalıb. Buradakı xəbərdarlıq lövhəsi hadisədən sonra qoyulub. Ona kimi yox idi. 15-20 gün bundan qabaq bir kişi nəvəsi ilə düşmüşdü çuxura. Yaxşı ki, su gəlmirdi, yoxsa onlar da qurban olacaqdılar.
- Bu qədər qorxulu yerdə işləyirsiniz. Siz necə hərəkət edirdiniz burada?
- Biz dolayı yolla kənardan gəlirdik. Heç avtomobillərimizi də saxlamırdıq burada. 2 ay bundan qabaq “Azərişıq”ın əməkdaşları gəldilər ki, həmin bu çöküntü olan yerdə ki işıq dirəyini çıxardılar ki, kollektorun üzəri təmir olunacaq. Hələ də dirək çıxarılıb, qoyulub ora. Amma o iki ay ərzində heç kim gəlib, baxmadı bura.
Bir az söhbət etdikdən sonra daha müəmmalı məqamlar ortaya çıxır, işçilər bildirir:
- 2 ay bundan qabaq buraya 10 beton boru qoymuşdular. Aylarla o borular qaldı burada, hadisə olan gün götürüb, apardılar onları. Hər şey kameralarda görünür. Niyə hadisə günü apardılar o boruları? Bəs buranı təmir etmək üçün gətirilmişdi axı?
- İndi kanalizasiya kollektorunun üzəri tamam açıqdır. Nə zamana kimi işi bitirəcəklər, bu barədə nələrsə deyiblərmi sizə?
- İşləsələr iki günlük işdir, amma işləmirlər. 4 günə 6 boru qoyublar.
Elə bunu demişdilər ki, bir də gördük, traktor çuxuru torpaqla örtəndə tikinti malları saxlanan çardağın dəmirini vurub, yerə saldı...