Dəniz duzunun adi duzdan  daha xeyirli olmasının  SƏBƏBİ
29 iyun 2026 15:52 (UTC +04:00)

Dəniz duzunun adi duzdan daha xeyirli olmasının SƏBƏBİ

0

Duz mətbəxdə ən çox istifadə olunan məhsullardan biridir. Lakin onun müxtəlif növləri var və onlar həm əldə edilmə üsulu, həm tərkibi, həm də dadı baxımından bir-birindən fərqlənir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər dəniz duzu ilə adi xörək duzu arasındakı əsas fərqləri izah ediblər.

Dəniz duzu günəş və küləyin təsiri ilə dəniz suyunun təbii şəkildə buxarlanması nəticəsində əldə olunur. Bu proses zamanı yaranan yumşaq kristallar təbii mineralların bir hissəsini özündə saxlayır.

Daş duzu isə milyonlarla il əvvəl qurumuş qədim dənizlərin yeraltında qalmış yataqlarından mexaniki üsulla çıxarılır.

Dəniz duzu təbii mineralların bir hissəsini qoruyub saxladığı üçün onun dadı daha yumşaq və zəngin olur.

Daş duzu isə adətən sənaye üsulu ilə əlavə emaldan keçirilir. O, təmizlənir, xırdalanır və topalaşmanın qarşısını almaq üçün bəzən xüsusi qatqılar əlavə olunur. Nəticədə əsasən demək olar ki, saf natrium xloriddən ibarət məhsul alınır.

Hansı daha faydalıdır?

Tərkib baxımından da müəyyən fərqlər mövcuddur.

Təmizlənməmiş dəniz duzunda az miqdarda olsa da, maqnezium, kalsium və kalium kimi təbii minerallar qalır.

Məhz bu maddələr onun daha yumşaq dadını formalaşdırır.

Rafinə edilmiş daş duzunda isə bu mineralların böyük hissəsi emal zamanı çıxarılır. Bəzi hallarda sonradan ona süni şəkildə, məsələn, yod əlavə edilir.

Əgər seçim dəniz duzu ilə yodlaşdırılmış duz arasındadırsa, nəzərə almaq lazımdır ki, yodlaşdırılmış duz təmizlənmə zamanı təbii mikroelementlərinin bir hissəsini itirir. Bunun əvəzində isə orqanizmdə yod çatışmazlığının qarşısını almaq üçün ona əlavə yod qatılır.

Dəniz duzunun faydaları

Mütəxəssislərin sözlərinə görə, dəniz duzu xüsusilə xarici istifadədə faydalı hesab olunur.

Ondan hazırlanan vannalar, qarqaralar və digər ev prosedurları:

• ödemin azalmasına kömək edə bilər; 

• əzələlərin rahatlamasını təmin edə bilər; 

• bəzi dəri problemlərinin əlamətlərini yüngülləşdirə bilər. 

Yodlaşdırılmış duz isə orqanizmi əlavə yodla təmin edir və yod çatışmazlığı riskini azaltmağa kömək edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar