Bruney sultanı Hacı Həsənal Bolkiah, bəziləri təkrarolunmaz olan geniş lüks avtomobil kolleksiyası ilə tanınır.
Len.az-ın xarici mediaya istinadən məlumatına görə, o, həmçinin dünyanın ən böyük yaşayış sarayının sahibidir.

Qeyd olunur ki, İstana Nurul İman (İman nuru) sarayı 1984-cü ildə bugünkü məzənnə ilə təxminən 4,6 milyard dollara inşa edilib.
Qeyd edilir ki, Bruney investisiya agentliyi vasitəsilə Bruney sultanı Londonda "Dorçester", Los-Anceles dairəsində "Beverli Hills", Parisdə "Le Myeris", Romada "Eden" və bir neçə başqa otellərə də sahibdir. Ancaq hamısı onun şəxsi sarayı ilə müqayisə edilmir.
Sultanın iqamətgahı 200.000 kvadrat metrdən çox ərazini əhatə edən bəzi Avropa kəndləri və qəsəbələri ilə müqayisə edilə bilər. İstana Nurul İman sarayında 1788 otaq və 257 vanna otağı var.

Bu saray Bruney çayının sahilində geniş bir ərazidə yerləşir. Ölkənin paytaxtı Bandar-Seri-Beqavan yaxınlıqdadır. Bundan əlavə, İstana Nurul İman Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən böyük yaşayış sarayı kimi tanınır.
Qeyd edilir ki, sarayın interyeri qızılı saplarla bəzədilib və bəzi bəzək elementlərində əsl brilyant var. Sultan həmçinin Çindən ipək, İtaliyadan isə mərmər sifariş edib.
Sarayda 5000-dən çox qonağı qəbul edə bilən ziyafət zalı, 1500 nəfərə qədər insanı qəbul edə bilən məscid, sultanın geniş avtomobil kolleksiyası üçün 110 qaraj, sultanın 200 atı üçün kondisionerli tövlə və beş üzgüçülük hovuzu var. Bundan əlavə, sarayda 44 pilləkən və 18 lift var.