Astroloji inanclara görə, bazar ertəsi doğulan insanlar güclü intuisiyaları ilə seçilirlər. Onların bu xüsusiyyəti hissləri, şüuraltını və insanın daxili dünyasını simvolizə edən Ayın təsiri ilə əlaqələndirilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, astroloqların fikrincə, bu insanlar qarşılarındakı şəxs hələ danışmağa başlamadan onun əhvalının dəyişdiyini hiss edə bilirlər. Həmçinin vəziyyətin ilk baxışda göründüyündən fərqli olduğunu duya biləcəkləri bildirilir.
Bəzən həddindən artıq emosionallıq kimi qəbul edilən həssaslıq astrologiyada üstünlük sayılır. İnanclara görə, bu xüsusiyyət onlara başqalarını daha yaxşı anlamağa və öz hisslərinə etibar etməyə kömək edir.
Bazar ertəsi doğulanlar niyə ayla əlaqələndirilir?
Astrologiyada bazar ertəsi ayın günü hesab olunur. Bu göy cismi simvolik olaraq instinktlər, emosiyalar, yaddaş və şüuraltı ilə əlaqələndirilir.
Astroloji yozumlara əsasən, ayın enerjisi həmin gün doğulanlara özünün və başqalarının hisslərini anlamaq bacarığı, eləcə də güclü qoruma instinkti verir. Onların başqalarının sezmədiyi məqamları hiss etdikləri və insanların davranışındakı dəyişikliklərə tez reaksiya verdikləri iddia edilir.
Ay həm də əhvalın dəyişkənliyi ilə əlaqələndirilir. Buna görə bazar ertəsi doğulanların daha emosional ola biləcəkləri bildirilir. Astroloqların fikrincə, məhz bu xüsusiyyət zamanla onların intuisiyasının güclənməsinə kömək edir.
Güclü intuisiya özünü necə göstərir?
Astroloqlar bazar ertəsi doğulanların insanlarla və olduqları məkanla bağlı ilkin təəssüratlarının güclü olduğunu bildirirlər. Bu şəxslər səbəbini aydın izah edə bilməsələr də, müəyyən bir insanın yanında və ya hansısa mühitdə özlərini rahat hiss edib-etmədiklərini tez anlayırlar.
Onların parlaq və emosional yuxular gördükləri də qeyd olunur. Belə yuxulardan sonra güclü təəssürat və ya hərəkətə keçmək istəyi yarana bilər.
Digər xüsusiyyət isə nə vaxt danışmağın, nə vaxt susmağın daha uyğun olduğunu hiss etməkdir. Astroloji yozumlara görə, bu insanlar söhbətin ab-havasını və qarşılarındakı şəxsin əhvalını yaxşı duyurlar.
Ətrafdakılarda etibar yaratmaları da onlara aid edilən xüsusiyyətlərdəndir. Bildirilir ki, insanlar emosional dəstək üçün tez-tez onlara müraciət edirlər. Hətta bəzən yad adamlar belə niyə məhz onlara açıldıqlarını izah edə bilmirlər.
Bununla yanaşı, həddindən artıq həssaslığın çətin tərəfləri də vurğulanır. Bazar ertəsi doğulanların başqalarının dərdini özlərinə çox yaxın qəbul edərək emosional yorğunluq yaşaya biləcəkləri qeyd olunur.
İntuisiyanı inkişaf etdirmək üçün nə tövsiyə olunur?
Astroloqlar bazar ertəsi doğulanlara öz hisslərinə etibar etməyi və öncəduymalarını məntiqlə izah etmək çətin olduğu üçün əhəmiyyətsiz saymamağı tövsiyə edirlər.
Gündəlik yazmaq, okean sahilində vaxt keçirmək və ayın fazalarını izləmək daxili səsi daha yaxşı duymaq üçün sadalanan üsullar arasındadır. Bunlar astroloji tövsiyələrdir və intuisiyanı inkişaf etdirdikləri elmi cəhətdən təsdiqlənməyib.
Tək qalmağa və dincəlməyə vaxt ayırmağın vacibliyi də vurğulanır. Başqalarının qayğılarını dərindən hiss edən insanların vaxtaşırı həmin problemlərdən uzaqlaşaraq özlərinə zaman ayırmaları tövsiyə olunur.
Nəşr qeyd edir ki, astroloqlar öz hisslərini tanımaq və instinktlərinə etibar etmək bacarığını bazar ertəsi doğulanların əsas xüsusiyyətlərindən biri hesab edirlər.