Endirim rəfdə  qalır, kassada qiymət  dəyişir - Supermarketlər alıcıları necə məğlub edir
23 sentyabr 2026 19:33 (UTC +04:00)

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

0

Supermarketlərdə qiymət etiketində göstərilən endirimlə kassada hesablanan məbləğ arasındakı fərq alıcıların narazılığına səbəb olur. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada alıcıların 81 faizdən çoxu son 12 ayda ən azı bir dəfə belə uyğunsuzluqla qarşılaşdığını bildirilib.

Onların sözlərinə görə, kampaniyanın bütün şərtlərini yerinə yetirsələr də, endirimli qiymət kassa çekində əks olunmayıb. Respondentlərin təxminən dörddə biri bunun tez-tez baş verdiyini deyib. Təxminən yarısı isə belə hallarla arabir və ya nadir hallarda qarşılaşıb.

Endirimlər planlaşdırılmayan alışlara sövq edir

Araşdırmaya görə, istehlakçıların təxminən dörddə üçü kampaniyaların təsiri ilə əvvəlcədən almağı planlaşdırmadığı məhsulları alır. Buna görə endirimlər satışları artırmağın ən təsirli üsullarından biri olaraq qalır.

Lakin kampaniya şərtlərinin mürəkkəbliyi alıcının gözlədiyi qiymətlə kassada ödədiyi məbləğ arasında fərq yaranmasına səbəb ola bilər.

Endirim almaq üçün əlavə şərtlər qoyulur

Bəzi təkliflərdən yararlanmaq üçün alıcı endirim kartını skan etdirməli və ya mobil tətbiqdən istifadə etməlidir. Digər kampaniyalar müəyyən məbləğdə alış-veriş etdikdə, eyni məhsuldan bir neçə ədəd aldıqda və ya üç məhsul iki məhsulun qiymətinə şərti ilə qüvvədə olur.

Endirim bəzən məhsulun yalnız müəyyən dadına və ya çeşidinə şamil edilir. Təklifin başqa kampaniyalarla birlikdə keçərli olmaması və qısa müddət ərzində qüvvədə qalması da çaşqınlıq yaradır.

Supermarketlər bunu necə izah edir?

Ticarət şəbəkələrinin nümayəndələri bildirirlər ki, uyğunsuzluq kimi görünən halların bir hissəsi alıcıların müxtəlif mağazalardakı kampaniya qaydalarını qarışdırması ilə bağlıdır. Onların sözlərinə görə, bəzən müştəri qonşu məhsulun qiymətinə baxır və ya eyni məhsulun fərqli çeşidlərini səhv salır.

Bununla belə, sorğuda iştirak edən alıcıların böyük hissəsi məhz bütün şərtlərə əməl etdikləri halda vəd olunan endirimi ala bilmədiklərini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar