Evdə nar yetişdirməyin  qaydaları
21 noyabr 2025 12:57 (UTC +04:00)

Evdə nar yetişdirməyin qaydaları

0

Bir çox insan narı sevir, lakin biz onu adətən cənub bitkisi hesab edir və soyuq iqlimdə yetişmədiyini düşünürük. Halbuki nar ağacını ev şəraitində yetişdirmək tam mümkündür. Bu, soyuq havalarda belə onun çiçəkləməsindən və şirin meyvələrindən zövq almağa imkan verir. 

Lent.az xəbər verir ki, ev şəraitində nar yetişdirmək üçün konteynerlərdə yaxşı böyüyən və keyfiyyətli meyvə verən kompakt sortlar seçilməlidir. Bitkiyə qidalı torpaq, drenaj və bol günəş işığı lazımdır. Suvarma orta səviyyədə olmalı, meyvə almaq üçün çiçəklər əl ilə tozlandırılmalıdır.

Narın əkilməsi və qulluq qaydaları barədə məsləhətləri tinglik təsisçisi Təmmi Sans və botanika eksperti Nasta Vasiliçişina təqdim edib.

Ev şəraitində nar yetişdirərkən ağacın nə qədər böyüyəcəyini nəzərə almaq vacibdir. Açıq havada yetişdirilən bir çox sort 3-4 metrə qədər böyüyə bilər və buna görə də ev üçün uyğun deyil. Vasiliçişinanın sözlərinə görə, 1.8 metrdən yuxarı böyüməyən sortlar var. Məsələn, Qırmızı Şər. Bundan əlavə, müntəzəm budama ilə hündürlüyü azaltmaq mümkündür. Təmmi Sans isə Nana və State Fair kimi karlik sortlara üstünlük verir. Nana 60-120 santimetr hündürlüyündə kiçik dekorativ bitkidir və parlaq qırmızı çiçəklərə malikdir. Lakin meyvələri daha kiçik və o qədər də şirəli olmur.

Nar ağacının əkilməsi

Evdə nar yetişdirmək üçün ən yaxşı üsul hazır fidan istifadə etmək və ya budaqdan kökləməkdir. Toxumdan yetişdirmək çox uzun çəkir və daha az etibarlıdır. Konteyner üçün az turşulu və ya neytral torpaq qarışığı seçmək olar. Drenajı yaxşılaşdırmaq üçün onu perlit və kiçik daşlarla qarışdırın. Fidan və ya budağı əkdikdən sonra torpağın nəmliyini sabit saxlamaq lazımdır, lakin suyun durğunluğuna yol vermək olmaz.

Budağı qida plyonkası və ya şüşə qapaq altında saxlamaq mümkündür. Bu, istilik və rütubəti saxlayır. Vaxtaşırı havalandırma aparmaq və torpağın tam qurumasının qarşısını almaq lazımdır.

Qulluq qaydaları

Köklənmə dövründə birbaşa günəşdən uzaq tutun və yumşaq, səpələnmiş işıq təmin edin. Nar ağacına gündə ən azı 6 saat günəş işığı lazımdır. Daha yaxşısı isə 8-10 saatdır. Bir neçə həftədən bir dibçəyi çevirin ki, bitki işığı bərabər alsın və əyri böyüməsin. Əgər xüsusi lampa istifadə edirsinizsə, onu elə yerləşdirin ki, bitkinin üstündən işıq düşsün. Bu halda dibçəyi çevirməyə ehtiyac olmayacaq.

Böyümə dövründə çox rütubətli yerlərdən uzaq tutun. Optimal rütubət 50-55 faizdir. Torpaq üst qatı quruduqda suvarın. Torpaq daim bir qədər nəm olmalıdır. Həddindən artıq suvarmaq və ya torpağı uzun müddət quru saxlamaq olmaz.

Nar ağacını yaz və yay aylarında ayda bir dəfə qidalandırmaq olar. Bu, çiçəklənmə və meyvəverməni gücləndirir. Yüngül yaz budaması nar ağacını kompakt, sağlam və dekorativ saxlamağa kömək edir.

Çiçəklərin tozlandırılması

Evdə yetişdirilən nar ağacına təbii tozlandırıcılar çata bilmir. Buna görə çiçəkləri əl ilə tozlandırmaq lazımdır. Vasiliçişina deyir ki, bunu yumşaq bir fırça və ya pambıq çubuqla etmək lazımdır. Əvvəlcə kişi çiçəyinin tozcuğunu toplayın. Kişi çiçəyi dibinin şişkin olmaması və bir qədər kiçik, zəng formasında olması ilə tanınır. Sonra dibində şişkinlik olan hermafrodit çiçəyi tapın və tozcuğu onun mərkəzindəki rüşeymə toxundurun. Bu prosesi hər səhər yeni açılmış hermafrodit çiçəklər üçün təkrarlamaq lazımdır.

Məhsul yığımı

Məhsul yığımı bir qədər vaxt aparır. Vaxt sortdan və şəraitdən asılı olaraq dəyişə bilər, lakin Vasiliçişinanın sözlərinə görə, nar ağacının meyvə verməsi üçün ən azı 2-3 il, bəzən 5 il vaxt tələb olunur. Narlar yığıldıqdan sonra yetişmir, ona görə tələsmək olmaz.

Meyvənin yetişdiyini onun daha bucaq şəkilli və qabırğalı olmasından, həmçinin ağırlaşmasından bilmək olur. Meyvəyə yüngül vurduqda metal səsi kimi bir səs gəlir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar