Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin APA-ya müsahibə verib.
Lent.az həmin müsahibənin bir hissəsini təqdim edir:
"Məcburi sosial sığorta haqlarının ödənilməsinə, hesabatların vaxtında təqdim edilməsinə nəzarət İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aiddir və həmin məlumatların vaxtında düzgün emal olunaraq DSMF-yə ötürülməsi bizim üçün vacibdir. Yaxud nazirliyimizə tabeli qurumlar olan Dövlət Məşğulluq Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət sahəsinə aid əmək müqavilələri altsistemindəki məlumatların dəqiqliyi və etibarlılığı da eyni dərəcədə əhəmiyyətlidir. Əvvəllər əmək müqaviləsi bağlanır, lakin müvafiq sistemlərə işlənmirdi – nəticədə, məsələn, işləyən şəxslərə qanunla qadağan olunan bəzi sosial müavinətlər təyin edilir, yaxud əksinə, qüvvədən düşmüş müqavilə səbəbindən əsassız imtinalar verilirdi. İndi isə qurumlararası məlumat inteqrasiyası belə halları istisna edir. Ötən il inteqrasiyasına nail olduğumuz Dövlət İmtahan Mərkəzinin məlumat bazasındakı faktlar əsas götürülməklə ali təhsil alan və davam etdirən 23 yaşadək şəxslərdən artıq arayışlar almadan ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət təyinatını proaktiv davam etdiririk. İnstitusional əməkdaşlığın sosial müdafiə fəaliyyətimizə töhfə verdiyi onlarla bu cür misal gətirmək olar".