Genetika ömür uzunluğuna  necə təsir edir? - ARAŞDIRMA
24 aprel 2026 18:50 (UTC +04:00)

Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA

0

Alimlər müəyyən ediblər ki, irsiyyət insanın ömür uzunluğuna əvvəl düşünüləndən daha güclü təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Veytsman İnstitutu alimlərinin apardığı yeni araşdırmaya görə, genetika insan ömrünün uzunluğunda daha mühüm rol oynayır. Tədqiqatçıların hesablamalarına görə, irsi faktorlar insanlar arasındakı uzunömürlülük fərqlərinin təxminən yarısını izah edə bilər.

Müəlliflər bildirirlər ki, uzun illər elmdə belə bir fikir üstünlük təşkil edirdi: insan ömrünün uzunluğu əsasən həyat tərzi, ətraf mühit və təsadüfi amillərlə müəyyən olunur, genlərin rolu isə ikinci planda qalır.

Lakin yeni nəticələr göstərir ki, DNT-nin qocalma proseslərinə təsiri indiyədək ciddi şəkildə qiymətləndirilməyib.

Araşdırma çərçivəsində alimlər İsveç və Danimarkadan olan əkizlərə dair geniş məlumat bazalarını təhlil ediblər.

Araşdırmaya ayrı-ayrı mühitlərdə böyüyən bacı-qardaşların məlumatları da daxil edilib. Bu yanaşma irsiyyət və ətraf mühitin təsirlərini daha dəqiq ayırmağa imkan verib.

Bundan əlavə, mütəxəssislər riyazi modelləşdirmədən istifadə edərək virtual əkizlər sistemi yaradıblar. Bu metod vasitəsilə bədbəxt hadisələr, infeksiyalar və digər, birbaşa qocalma ilə bağlı olmayan ölüm səbəblərinin təsiri aradan qaldırılıb.

Bu düzəlişlərdən sonra məlum olub ki, genetik faktor ömür uzunluğuna əvvəlki araşdırmaların göstərdiyindən daha güclü təsir edir.

Alimlər izah edirlər ki, əvvəlki elmi modellər bioloji qocalmanı xarici amillərdən tam şəkildə ayırmağa imkan vermirdi. Bu səbəbdən genlərin təsiri olduğundan daha zəif görünürdü.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr qocalma və uzunömürlülüyün öyrənilməsinə yanaşmanı ciddi şəkildə dəyişə bilər. Genetik mexanizmlərin daha dərindən anlaşılması ömür uzunluğu ilə bağlı konkret genlərin müəyyənləşdirilməsinə, həmçinin sağlam və aktiv həyatın uzadılmasına yönəlmiş yeni tibbi metodların hazırlanmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar