Hansı universitetlərdə "Buster" doza tələb olunur? -  RƏSMİ CAVAB
03 fevral 2022 13:39 (UTC +04:00)

Hansı universitetlərdə "Buster" doza tələb olunur? - RƏSMİ CAVAB

Bildiyimiz kimi, verilən qərara əsasən, “Buster” doza peyvənd vurdurmayan yaşı 18-dən yuxarı olan şəxslərin fevral ayının 15-dən şənlik və toy mərasimlərinə, mehmanxanalara, iri ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girişi qadağan olunacaq.

Maraqlıdır bəs, universitetlərdə qış tətilindən qayıdan tələbələrdən “Buster” doza tələb olunacaqmı?

Lent.az saytının əməkdaşı məsələ ilə bağlı bir neçə universitetlə əlaqə saxlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, fevralın 15-ə qədər tələbələrə 3-cü doza peyvəndlə bağlı məlumat veriləcək:

“Hələ ki imtahan vaxtı olduğu üçün bu barədə bir tələb qoymamışıq. Nazirlər Kabineti fevralın 15-ə qədər vaxt verib. İkinci semestr başlayana qədər “Buster” doza ilə bağlı tələbələrə məlumat verəcəyik”.

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılovanın sözlərinə görə, Nazirlər Kabineti tərəfindən belə bir tələb qoyulmayıb:

“Biz Nazirlər Kabinetinin verdiyi qərarlar əsasında addım atırıq. Hələ ki universitetimizə belə bir tələb qoyulmayıb”.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı imtahanlar bitmədiyi üçün belə bir tələb olmadığını qeyd edib:

“İmtahanlar bitməyib, bu səbəbdən də peyvəndlə bağlı bir qərar yoxdur. Yeni sessiya başlayana qədər peyvənd barədə məlumat verilə bilər”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova qeyd edib ki, artıq 3-cü doza ilə bağlı tələbələrə və müəllim heyətinə məlumat verilib:

“Bildiyiniz kimi Nazirlər Kabinetinin bu barədə müvafiq qərarı var. Qərar ali təhsil müəssisələrinə də şamil olunub. Bu qərar Azərbaycan Texniki Universitetində də icra olunacaq. Fevralın 15-dən etibarən ikinci doza peyvəndin üzərindən 6 aydan çox keçən şəxslərin (tələbə, müəllim, əməkdaş) "Peyvənd sertifikatı" etibarlı hesab edilməyəcək və onlar universitetə buraxılmayacaq. Artıq tələbələrə, müəllimlərə və əməkdaşlara bu barədə məlumat verilib”.

Azərbaycan Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cavid Hüseynov bu qanun bütün universitetlərə şamil olunduğunu vurğulayıb:

“Nazirlər Kabinetinin qərarına əsasən, fevral ayının 15-dən 3-cü doza peyvənd olunmayan tələbələr və müəllimlər universitetə buraxılmayacaq”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva vaksin tələbinin BDU-da da tətbiq olunduğunu söyləyib:

“Fevralın 15-dək ikinci doza peyvənddən 6 ay keçmiş tələbələr üçüncü dozanı vurdurmalıdırlar. Əks halda universitetə girişləri qadağan olunacaq”.
 

# 23367
avatar

Fidan İlqar

Oxşar yazılar