İşi unutmaq üçün  məzuniyyət   nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI
11 iyul 2026 16:40 (UTC +04:00)

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

0

Bir çox insan məzuniyyətdən qayıtdıqdan sonra özünü əvvəlkindən də yorğun hiss edir. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi istirahət məkanının seçimi deyil, məzuniyyətin kifayət qədər uzun olmaması və işdən tam uzaqlaşa bilməməkdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqların sözlərinə görə, istirahət yalnız yorğunluğu aradan qaldırmır, həm də psixi sağlamlığın qorunması, diqqətin bərpası və məhsuldarlığın artırılması üçün vacibdir.

Onlar bildirirlər ki, məzuniyyət insanın enerjisini bərpa edir, gündəlik stressi azaltmağa kömək edir, diqqəti gücləndirir və həm işdə, həm də şəxsi həyatda motivasiyanı artırır.

İdeal məzuniyyət nə qədər davam etməlidir?

Empreinte Humaine şirkətinin araşdırmasına görə, bir neçə günlük istirahət və ya uzun həftəsonu tam bərpa üçün kifayət etmir.

Şirkətin rəhbəri və peşəkar psixoloq Kristof Nquyen bildirib ki, ideal məzuniyyət müddəti təxminən iki həftədir.

Onun sözlərinə görə, insanların əksəriyyəti məzuniyyətin ilk günlərini yeni şəraitə uyğunlaşmağa sərf edir. Yalnız bir həftədən sonra beyin iş rejimindən uzaqlaşmağa başlayır və insan həqiqi istirahəti hiss edir.

Psixoloq qeyd edib ki, ilk və son günlər adətən yol, hazırlıq və digər təşkilati işlərə sərf olunduğu üçün tam istirahət üçün iki həftəlik fasilə daha səmərəli hesab olunur.

İş barədə düşünməyi necə dayandırmaq olar?

Peşəkar kouç Sara Zituni məzuniyyət zamanı işi xatırladan hər şeyi gözdən uzaqlaşdırmağı tövsiyə edir.

Onun sözlərinə görə, iş kompüterini, sənədləri və digər iş alətlərini yığışdırmaq, həmçinin Teams, Outlook və digər iş tətbiqlərindən çıxış etmək lazımdır.

Ekspert bildirir ki, əksər iş məsələləri məzuniyyətdən sonra da həll oluna bilər. Həqiqətən təcili vəziyyət yaranarsa, həmkarlar sizinlə başqa yollarla əlaqə saxlaya bilərlər.

Yeni təəssüratlar beynin dincəlməsinə kömək edir

Psixoloqlar hesab edirlər ki, rəqəmsal detoks kifayət etmədikdə, yeni təcrübələr yaşamaq daha faydalıdır.

Ekskursiyalara qatılmaq, yeni məkanlar görmək, yerli mətbəxlə tanış olmaq və fərqli fəaliyyətlərlə məşğul olmaq insanın diqqətini işdən yayındırır və beynin dincəlməsinə kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, müntəzəm və keyfiyyətli istirahət lüks deyil, sağlam həyat tərzinin vacib hissəsidir. Vaxtaşırı verilən fasilələr xroniki stressin qarşısını alır və həm psixi, həm də fiziki sağlamlığın qorunmasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar