Komandirin son tapşırığı:  “Qızlarıma deyərsən, atanız sizi çox sevir”
18 sentyabr 2026 12:45 (UTC +04:00)

Komandirin son tapşırığı: “Qızlarıma deyərsən, atanız sizi çox sevir”

0

İnsanın ömrünün son anlarında söylədiyi sözlər bəzən onun bütün həyatını anlamağa kifayət edir. Həmin məqamda düşünməyə, söz seçməyə vaxtı qalmasa da, ürəyinin gizli guşəsində məskən tutan kimdirsə, nədirsə onu dilinə gətirir.

Belə kadrları biz adətən filmlərdə görürük. Qəhrəmanın daxili dünyası məhz belə səhnələrlə tam açılır. Filmlər də həyatdan doğulur, onların qəhrəmanlarının prototipləri çox zaman real insanlar olur. Vətəninə bağışladığı ömrü bir film olacaq polkovnik-leytenant Rəşad Hüseynov da ağır yaralı halda döyüş meydanından çıxarılarkən qızlarını xatırlamışdı: “İsmayılov, qızlarıma deyərsən ki, atanız sizi çox sevir”.

Bu bircə cümlədə Rəşad Hüseynovun Vətən uğrunda canından keçən zabit və son nəfəsində qızlarını düşünən ata obrazı birləşirdi.

Güllə yağışının altında Rəşidəni, Xədicəni anmışdı. Bəlkə həmin an yenə filmlərdə olduğu kimi qızlarının simasını gözünün önünə gətirmiş, səslərini eşitmiş, xəyalən saçlarına ata qayğısı ilə sığal da çəkmişdi.

2023-cü il sentyabrın 19 və 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütün ərazisində dövlət suverenliyini bərpa etməklə separatizmin kökünü kəsəcəkdi. Bir əsrlik nifaqı bir gündə bitirən döyüşlərin taleyini suverenliyinə qovuşmaqda olan bir dövlətin canından keçməyə and içmiş hərbçilərinin, polislərinin şücaəti həll edirdi.

Polkovnik-leytenant Rəşad Rəhim oğlu Hüseynov antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyi Daxili Qoşunların şəhid olan hərbi qulluqçularından biridi.

Onun hərbçi ömrü Qarabağdakı o məşum gecədən çox əvvəl yazılmışdı.

1980-ci il martın 10-da Şirvan şəhərində dünyaya göz açan Rəşad orta təhsilinin ilk səkkiz ilini şəhərdəki 21 nömrəli məktəbdə almışdı. Yeniyetməlik illərindən idmana, xüsusən güləşə maraq göstərir, yarışlarda qazandığı nəticələrlə seçilirdi. Ancaq onun başqa bir arzusu da vardı. Hərbçi olmaq istəyirdi və zaman keçdikcə bu arzu gələcək həyat yolunun bünövrəsini qoyurdu.

1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması ilə bu yolun ilk ciddi addımını atır, sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır və 2002-ci ildə ali hərbi təhsilini başa vurur. Taqım komandirliyindən başlayan xidmət yolu müxtəlif komandir və qərargah vəzifələrindən keçərək tabor komandirliyinədək uzanır. 2021-ci ildən isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri kimi xidmətini davam etdirir.

2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri başlayanda Rəşad Hüseynovun komandiri olduğu dəstəyə də döyüş tapşırığı verilib. Sentyabrın 19-dan 20-nə keçən gecə onun rəhbərliyi altında bir qrup hərbi qulluqçu Laçın rayonunun Nağdalı kəndindən Vəngli istiqamətində hərəkətə başlayıb. Yol boyu silahlı qrupların hücumlarını dəf edən dəstə Vəngliyə qədər irəliləyib. Kəndə bir neçə kilometr qalmış onlar qəfil atəşə məruz qalıblar və şiddətli döyüş başlayıb.

Komandirin peşəkarlığı, cəsarəti, şücaəti belə məqamlarda özünü göstərir. Təcrübəli zabit dərhal şəxsi heyətini döyüş mövqeyinə çəkir, müdafiəni təşkil edir, tabeliyindəki hərbi qulluqçularla çiyin çiyinə döyüşür. Yaxınlığında qumbaranın partlaması nəticəsində ağır yaralansa da, döyüşü dayandırmır və silahdaşlarının yanında sonadək vuruşur. Yalnız düşmən itki verərək geri çəkildikdən sonra yaralıların təxliyəsinə başlanılır.

Həmin döyüşdə yaralanmış baş çavuş Saleh İsmayılov illər keçsə də, o günün heç zaman yaddaşından silinməyəcək bir anını xatırlayır. Ağır yaralanmış komandirini yaxınlıqdakı çayın kənarına gətirəndə Rəşad Hüseynov onu yanına çağırıb və son istəyini söyləyib.

“İsmayılov, qızlarıma deyərsən ki, atanız sizi çox sevir”.

Baş çavuş komandirinin bu sözlərini vida kimi qəbul etmək istəməyib. Ona sağalacağını, tezliklə ailəsinin yanına qayıdacağını desə də, komandir təkid edib.
“Sən deyərsən mənim sözlərimi qızlarıma”.

Ömrünün ən ağır anında övladlarını düşünən bir atanın illər əvvəl seçdiyi başqa bir yol da vardı. O, hərbi mundiri geyindiyi gündən Vətənin müdafiəsini öz ömrünün, öz həyatının mərkəzinə qoymuşdu. Bəli, qızlarını çox sevirdi, onların böyüməsini, xoşbəxtliyini görmək, hər ata kimi daim yanlarında olmaq istəyirdi. Ancaq həmin qızların yaşayacağı Vətənin bütövlüyü, suverenliyi uğrunda döyüş gedəndə öz yerini, öz mövqeyini də dəqiq bilirdi.

Ağır vəziyyətdə hərbi hospitala çatdırılan komandirin həyatını xilas etmək mümkün olmur.

İndi Rəşad Hüseynovdan şərəflə yaşanmış bir zabit ömrü, silahdaşlarının yaddaşında yaşayan komandir xatirəsi, ata-anasının qürurla qarışıq nisgili və çox sevdiyi qızlarına deyilmiş son sözləri qalıb. Bir də uğrunda canından keçdiyi bütöv, suveren Azərbaycan!

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 noyabr 2023-cü il tarixli sərəncamı ilə polkovnik-leytenant Rəşad Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar