Koronavirus qadınların saç forması və rənginə də təsir edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aparılan sorğular zamanı məlum olub ki, qadınlar pandemiyadan əvvəl daha çox sarı və fərqli saç rənglərinə, eləcə də uzun saçlara üstünlük verib. Hazırda vəziyyət dəyişib. Belə ki, qadınlar artıq qısa və tünd rəngli saçlara üstünlük verir.
Qadınlar arasında aparılan sorğudan məlum olub ki, buna səbəb pandemiyanın psixologiyalarına mənfi təsir etməsidir. Onlar evdən bayıra çox çıxmadıqları üçün saçlarını qara boyatdırmaq istədiklərini deyiblər.
Qadınlar pandemiya ilə bağlı vəziyyətdən çox sıxıldıqlarını, heç bir aktiv fəaliyyətlərinin olmadığını və bu səbəbdən saçları ilə çox məşğul olmaq istəmədiklərini, həvəssiz olduqlarını vurğulayıblar. Bunu ölkənin saç ustaları da təsdiqləyib. Onlar bildiriblər ki, qadınların pandemiyadan qaynaqlanan can sıxıntıları saç formalarına çox təsir edib və saçını qısa kəsdirənlərin sayı artıb.