Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA  gözləyir?
06 oktyabr 2026 10:45 (UTC +04:00)

Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA gözləyir?

0

Bakının bəzi küçələrində qəribə bir “mülkiyyət forması” yaranıb. Səhər maşın yola düşür, onun yerində isə stul peyda olur. Başqa yerdə iki vedrə, plastik yeşik, dəmir dirək və ya zəncir asfaltın bir hissəsini “qoruyur”. Məntiq sadədir: “Maşınım burada dayanır, deməli, yer mənimdir”. Bəs ictimai küçədə parklanma yerini belə zəbt etmək üçün həqiqətən hansısa hüquq varmı?

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Qısa cavab: yoxdur.

Bakıda dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Mövcud sistemdə parklanma yerləri zonalara bölünür, ödənişlər “Azparking” və digər nəzərdə tutulan nağdsız vasitələrlə həyata keçirilir. Yəni yolun kənarında boş yer görüb ora stul qoymaq həmin ərazini şəxsi parkinqə çevirmir.

“Mən burada yaşayıram” arqumenti keçərlidirmi?

Ən çox eşidilən cümlə budur: “Mən bu binada yaşayıram, 20 ildir maşını burada saxlayıram”.

Amma uzun illər eyni yerdə avtomobil saxlamaq həmin asfalt parçası üzərində mülkiyyət hüququ yaratmır. Hətta təşkil edilmiş parklanma yerinin yaxınlığında yaşayan sakinlər üçün xüsusi güzəşt nəzərdə tutulsa da, bu, konkret bir yeri şəxsin adına bağlamır.

AYNA-nın qaydalarına görə, təşkil edilmiş parklanma məntəqəsindən hər iki istiqamətdə 100 metrədək məsafədə yerləşən ev və ya binada qeydiyyatda olan sakin fərdi parklanma talonu üçün müraciət edə bilər. Bu talon ona müəyyən zonada ödənişsiz istifadə imkanı verir. Amma “bu xana yalnız mənimdir” demək hüququ vermir.

Başqa sözlə, fərdi parklanma talonu “şəxsi parking kupçası” deyil.

Stul qoymağın da cəriməsi var

Məsələnin ən maraqlı tərəfi budur ki, qanun parklanma yerini “rezervasiya etməyi” ayrıca pozuntu kimi nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü maddəsinə əsasən, parklanma yerlərinin rezervasiya edilməsi və ya başqa üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneə yaradılması 20 manat cərimə ilə nəticələnə bilər. Yəni boş yerə stul, vedrə, zəncir və digər maneə qoymaq sadəcə qonşular arasında narazılıq yaradan davranış deyil, müəyyən hallarda inzibati məsuliyyət məsələsidir.

Amma məsələ bununla bitmir.

Əgər şəxs dövlət avtomobil yolunda səlahiyyəti olmadan parklanma yeri təşkil edir, “bura mənim parkingimdir” deyərək avtomobillərdən pul tələb edir və ya parklanma xidməti göstərirsə, məsuliyyət daha ağırdır. AYNA-nın açıqladığı qanunvericilik dəyişikliklərinə əsasən, belə hallarda fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1500-2000 manat cərimələnə bilər. Müəyyən hallarda 15 günədək inzibati həbs də nəzərdə tutulur.

Obyektlərin qarşısındakı “şəxsi parking”lər necə?

Bakıda başqa bir mənzərə də tanışdır: restoranın, mağazanın, salonun və ya ofisin qarşısında yol kənarına konuslar düzülür. Sürücü avtomobilini saxlamaq istəyən kimi mühafizəçi çıxıb “yer obyekt üçündür” deyir.

Əgər söhbət obyektin öz torpaq sahəsindən deyil, dövlət avtomobil yolunda təşkil olunmuş ümumi parklanma yerindən gedirsə, iş yerinin əməkdaşına və ya obyekt sahibinə həmin yeri özbaşına rezervasiya etmək üçün ümumi güzəşt verilməyib. AYNA da FAQ bölməsində iş yerlərinin qarşısındakı dövlət parklanma yerlərində əməkdaşlar üçün ayrıca imtiyaz nəzərdə tutulmadığını bildirir.

Əlbəttə, özəl torpaq sahəsində yaradılmış parkinqlə küçədəki ümumi istifadəli yer eyni deyil. Həmçinin yaşayış kompleksinin öz mülkiyyətində olan həyət və daxili parkinq sahələrində ayrıca qaydalar tətbiq oluna bilər. Problem məhz ümumi istifadədə olan küçə və yolun şəxsi mülk kimi təqdim edilməsidir.

Əsl problem 20 manat deyil

Stul və vedrə məsələsi ilk baxışda xırda görünə bilər. Ancaq bu davranış şəhərdə daha böyük bir problemin əlamətidir: ictimai məkanın “kim birinci tutdu, onundur” prinsipi ilə bölüşdürülməsi.

Bu gün biri evinin qarşısına stul qoyur, sabah mağaza üç maşınlıq yeri zəncirləyir, bir gün sonra başqa obyekt konuslarla küçənin yarısını tutur. Nəticədə qanunla hamının istifadə edə biləcəyi yer görünməz şəkildə “özəlləşdirilir”.

Küçə heç kimin şəxsi qarajı deyil. Maşını 10 il eyni yerdə saxlamaq da asfaltı mirasa çevirmir.

Boş parklanma yeri varsa, qaydalar çərçivəsində ondan istifadə etmək hüququ digər sürücünün də var. Stulun isə avtomobil qeydiyyat şəhadətnaməsi yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar