Malıbəyli 32 il əvvəl və sonra -VİDEO
11 fevral 2024 11:03 (UTC +04:00)

Malıbəyli 32 il əvvəl və sonra -VİDEO

Kəndə gün çıxanda qayıdacağıq

Elçin Hüseynbəyli

 

Malıbəyliyə qaş qaralanda çatırıq. Bir vaxtlar çobanların sürünü qabağına qatıb dağdan qayıtdığı vaxt. Kəndin girişində bir dəstə adamla qarşılaşır, tələsdiyimizdən yanlarında dayanmırıq, keçib gedirik. Burada xeyli yeni ev tikilir...

Evləri geridə qoyub avtomobili düz dağın döşünə, bir vaxtlar Malıbəyli kəndinin mərkəzi olmuş meydana sürürük.

Malıbəyliyə fevralın 11-də gəlişimiz elə-belə deyil. Məhz 32 il əvvəl bu gün kənd erməni silahlı dəstələri tərəfindən işğal edilmiş, Malıbəyli-Quşçular qətliamı baş vermişdi. İndi - 32 ildən sonra isə ilk dəfə həmən tarix Malıbəyli kəndinin özündə xatırlanır, Malıbəylidə qeyd olunur.

Nəhayət, intizar bitib, sakinlər doğma yurd-yuvalarına geri dönməyə hazırlaşırlar. Deməli, ocaqların gur alovlanacağı gün uzaqda deyil. Lakin bu barədə bir qədər sonra. Hələlik isə tarixə kiçik ekskurs edək:

Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərinin isə lap yaxınındadır, cəmi 2,5 kilometr məsafə ayırır. Bu kənd öz ziyalıları, elm-təhsil, mədəniyyət adamları ilə məşhurdur. Əvvəllər Şuşa rayonuna daxil olan kənd hazırda Xocalı rayonunun tərkibinə verilib.

Qarabağ müharibəsi zamanı erməni vəhşilikləri ilə ən çox üzləşmiş kəndlərimizdən biri də Malıbəyli olub. Coğrafi baxımdan ermənilərin əhatəsində yerləşən məntəqə 1988-ci ildə Xankəndidə erməni separatçılarının dirçəlməsindən sonra özünün səksəkəli günlərini yaşamağa başlayır. Malıbəyli qonşuluğundakı Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilir. Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyur, kişilər gecələr kəndə qarovul çəkirlər. Ermənilərsə Ağdam-Xankəndi yolunu kəsib gediş-gəlişə imkan vermirlər. Mühasirədə olan kəndin xarici aləmlə yalnız vertolyot vasitəsilə əlaqəsi var. 1992-ci il yanvarın 28-də Şuşa səmasında vertolyotun vurulmasından sonra isə yeganə əlaqə vasitəsi də kəsilir. Beləliklə Malıbəyli kəndi tam blokadaya düşür.

Üstündən 32 il keçsə də, kənd sakini Şahlar Mehdiyev həmin günləri unutmayıb: “Hər gecə atışma olurdu. 92-ci il fevralın 9-da bu vaxt, axşam saat yeddi radələrində erməni silahlı dəstələri kəndə üç istiqamətdən hücum elədi. Mənim özüm yaxınlıqda postda idim. Ermənilər Dağdağan kəndi, Xankəndi və ətrafdakı digər erməni kəndlərindən dörd-beş yerdən hücuma keçdilər. Həmən axşam qonşu Quşçular kəndindən üç şəhid oldu. Onların meyitini səhər tapdıq. Üç gün erməniləri kəndə girməyə qoymadıq. Artıq gücümüz qalmamışdı. Kömək üçün haralara demədik, amma gəlmədi. Fevralın 10-u gecə ermənilər rusun BTR-ni, tankını götürüb bu dəfə daha güclü şəkildə üstümüzə hücuma keçdilər”.

Həmən gecə Malıbəylinin cavanları, kişiləri mətanətlə döyüşür. Hər tərəfdən üstlərinə hücum edən düşməni geri oturtmağa çalışırlar. Əli silah tutan hər kəs səngərdədir. Kənd döyüş meydanına çevrilir. Güllə, bomba səsləri qulaq dəlir... Görəndə ki, kəndi xilas etmək mümkün deyil, itki artır, əsir düşməsinlər deyə, qadınları, uşaqları, qocaları götürüb qonşu kəndə keçirirlər. Qarlı fevral günündə dağlarla, meşələrlə, erməni kəndlərini yararaq qadınları, uşaqları, qocaları Ağdamın Abdal-Gülablı kəndinə çatdırırlar.

Beləcə, 1992-ci il fevralın 11-də Malıbəyli kəndi erməni silahlı dəstələri tərəfindən işğal edilir. Kəndin müdafiəsi zamanı xeyli adam yaralanır, 50-yə yaxın günahsız insan qətlə yetirilir.

“Malıbəylini itirəndən sonra qaçqın düşdük. 16 il Bakıda “Zaqulba” sanatoriyasında yaşadıq, sonra Ramana qəsəbəsində “Şuşa şəhərciyi” salındı, ora köçürüldük... - Şahlar dayı kədərlə köks ötürür - Hamısı keçmişdə qaldı. Bugünkü gündə bunları xatırlamaq istəmirəm. Şükür Allaha, Ordumuz torpaqlarımızı geri aldı. Allah prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə dəyməsin. Əsas odur torpaqlarımıza qayıtmışıq. 32 il sonra işğalının ildönümündə yenidən Malıbəylidəyik, tikib-yaradırıq”.

“Tikib-yaratmaq” demişkən, Şahlar dayının Malıbəyliyə gəlişi səbəbsiz deyil.

“Daha əvvəlki kimi işləməyə gücüm yoxdur, qocalmışam, - bu dəfə gülümsəyir Şahlar dayı, - amma eşidəndəki kəndimiz yenidən tikilir, Bakıda qala bilmədim. Durub gəldim bura. Kəndə girəndə evləri gördünüz, hamısı yenidən tikilir. Çoxunu da öz camaatımız tikir. Mən də kömək edirəm. Əsas odur 32 il sonra doğma Malıbəylimizə qayıtmışıq”.

Bayaq kəndin girişində gördüyümüz bir dəstə adam da demə Malıbəyli sakini imiş. İşlərini bitirib qaldıqları yerə gedirmişlər. Şahlar dayıgilin briqadası da tikinti meydançasında bu günlük işlərini yekunlaşdırıb. Kənddə qaldıqları evə gedirdilər ki, bizi görüb ayaq saxlayıblar.

32 il əvvəl də kənddən son çıxan Malıbəylinin kişiləri olmuşdu, bu gün də ilk girən onlardır. O vaxt qoruduqları torpağı, bu gün qururlar.

“Qoca, cavan kimin qolunda güc varsa, gəlir bura. İstəyirik tez bir zamanda evləri tikib kəndimizə qayıdaq. Axşam heç yerə getmirik, elə kənddə yatıb qalırıq”, - çəkiliş qrupumuzu görüb başımıza yığışmış adamlardan biri deyir.

Kənddə qaranlıq çöküb. İşçilərin qaldıqları adda-budda evlərin pəncərələrindən bal kimi sarı işıq saçılıb ətrafa doğmalıq yayır, kəndin lal yollarını, cığırlarını, dalanlarını, məhəllələri istiliklə doldurur.

“Malıbəylinin evləri əvvəllər belə səpələnməmişdi, odey, ordaydı, dağın döşündə”, - Şahlar dayı əlini məchul nöqtəyə uzadır, qaranlıq olduğundan görmürəm.

“Məscidin qabağı? Bayaq orda bir-iki uçub dağılmış tikili gördüm, torpağın içində idi, yarımdairə formasında. Hamama oxşatdım”, - mən deyirəm.

“Yox, köhnə kənddir. Orda bəylərin, varlıların evi olub. İndi dayandığımız yer 70-ci, 80-ci illərdə salınmış məhəllələrdir. İnan Allaha, müharibə gedə-gedə düz 4 il, 88-dən 92-yə qədər burda evlər tikmişik. Ermənilər Ağdam-Xankəndi yolunu bağlamışdılar, yenə vertolyotla bura material gəlirdi”, - Şahlar dayı qürrələnir.

“İndi gəlib gördük ki, hamısını ermənilər dağıdıb”, - camaatın içindən bir səs yüksəlir.

“Hər şeyi uçurublar, yandırıblar. Köhnə kənd, təzə kənd, heç nə yoxdur. Bircə meçidin divarları qalıb”, - Şahlar dayı təəssüflə başını bulayır.

Bayaq sizə demişdim axı, kəndə girəndə maşını birinci Malıbəylinin mərkəzinə, məscidin yanına sürmüşdük. Əslində, kənddə ilk gördüyümüz yer də ora olub. Sadəcə, Şahlar dayının maraqlı söhbətinə başım necə qarışıbsa, Malıbəyli məscidindən danışmaq yadımdan çıxıb.

O, düz deyir, ermənilər işğal zamanı kəndi dağıtdıqları kimi məscidi də talayıblar. Bununla da ürəkləri soyumayıb, yüz illərdir, kəndin nurani kişilərin təmiz alınları ilə səcdəyə gedib dualar oxuduqları bu müqəddəs yeri tövləyə çevirib donuz saxlayıblar. Amma ağrılı günlər geridə qalıb. Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri aparılan Malıbəyli məscidi əvvəlkindən də ehtişamlı görkəmilə yenidən yüksələcək. Burada səslənəcək azan sədalarından sonra namazda bir ağızdan çıxan “Allah, sənə çox şükür, torpaqlarımıza qayıtdıq” duaları da Malıbəyli səmasında əks-səda verəcək.

Məscidin qapısında qıfıl olduğundan içəri keçmək alınmır. Məcburən yaxınlıqdakı təpənin üstünə çıxıb ordan məscidə boylanıram, görüm, bu alatoranda gözlərim nə seçir.

Deyilənə görə 18-ci əsrdə inşa edilən Malıbəyli məscidi əvvəllər təkminarəli olub, ötən əsrin əvvəllərində ermənilər dağıdıblar. Ön tərəfdən tağları mənə Ağdam Cümə məscidini və Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidini xatırladır. Divarları yerli çay daşları ilə, tağları və tavanı qırmızı kərpicdən və əhəng məhlulu ilə tikilib.

Məscidin tavanının mərkəzində bir böyük günbəz, ətrafında 8 kiçik günbəz yerləşib. Mərkəzi günbəzin üstü məscidə işıq düşməsi üçün baca rolunu oynayıb. Tavanın tağları mərkəzdə 4 daş sütunun, arxa, qarşı və yan tərəflərdə isə divarların üzərində oturub.

Düzbucaqlı formada, üçnefli tağlarla inşa edilmiş məscid üç hissədən ibarətdir.

Kənddə məsciddən başqa da tarixi abidə qalıb - Novlu bulaq. Bulağın yerini Şahlar dayıdan xəbər alıram.

“Piyada on dəqiqəlik yoldu, gəl gedək”, - deyir.

“Sizə baxma, doğulduğunuz torpaqdı, axşamın ayazı üşütmür, mənsə titrədirəm”, - yorğunluğumu gizləmək üçün Şahlar dayıya bəhanə uydurub maşına dəvət edirəm. Yolları burula-burula gəlib kubşəkilli tikilinin yanına çıxırıq. Divarları cilalı daşdan tikilmiş bulağın binasının damını ot basıb.

Mən maşın faralarının işığında bulağın gözünü axtarıram.

“Bəri keç, - Şahlar dayı dərəyə düşür, dalıyca məni səsləyir - bulağın gözü arxa tərəfdədir, - göstərir”.

Mən də dinməzcə dalıyca gedirəm, palçığa girsəm də.

Deyilənə görə, Novlu bulağı Xan qızı Xurşidbanu Natəvan tikdirib. Dəqiq tarixi bəlli deyil, yəqin Şuşaya su çəkilən vaxtı Malıbəyliyə də çəkilib. Bulağın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, saxsı borularla çəkilən suyun hardan gəldiyi bilinmir.

Vaxtilə Novlu bulağın gözlərinin üstündə iki daş kitabə olub. Gərək ki, kitabələrdə əski əlifba ilə bulağın kim tərəfindən, nə vaxt tikildiyi həkk edilibmiş. Ermənilərsə işğal zamanı həmən daş kitabələri çıxarıb yerinə daşa qazılmış xaç simvolları yapışdırıblar. Guya öz aləmlərində “bizimdir” deyə, bir “+” işarəsi də Xan qızının tikdirdiyi bu dilsiz bulağa qoyublar.

O xaçlar daha yoxdur. Quruca izi qalıb. Çox çəkməz, kitabələr də yenidən bərpa edilər.

Axı bayaqdan sevinə-sevinə deyirik: Malıbəyli bərpa olunur. Gözümüzü açıb-yumacağıq, ermənilərin xarabazara çevirdiyi kənd təzədən tikilib-qurulacaq, əvvəlkindən də gözəl görkəmlə dağların qoynuna laləzar kimi yayılacaq. Və bir sabah kəndə gün çıxanda sakinlər də qayıdacaqlar. Malıbəylinin bəxtəvər günləri başlayacaq.

Amma heç kəs bəxtəvərliyə qapılıb Malıbəylinin xarabalıqlar üzərində yenidən tikildiyini unutmayacaq!

Amma heç kəs ermənilərin törətdiyi Malıbəyli-Quşçular qətliamını yaddan çıxarmayacaq!

Əsla!

Çünki unutmağın bədəlini bizim xalq ağır ödəyir!

 

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

# 5799
avatar

Mirbəhram Əzimbəyli

Oxşar yazılar